Bakıda ənənəvi “Qış bazarı” xeyriyyə yarmarkası keçirilib. Yarmarkaya çıxarılan əl işləri xüsusilə ərəb turistlərin marağına səbəb olub.
Virtualaz.org saytı xəbər verir ki, sərgi-yarmarkaya muncuqla işlənmiş yolkalar, kağızdan hazırlanmış Şaxta baba, Qar qız, bayram oyuncaqları, bijuteriya, yağlı boya ilə çəkilmiş şəkillər, şəbəkə boyası ilə işlənmiş qab-qacaq, muncuqdan toxunmuş xalçalar, qurudulmuş bitkilərdən hazırlanmış bər-bəzək əşyaları, təbii sabun və kosmetik vasitələr çıxarılıb. Qonaqlara Azərbaycan mətbəxinin təamları təklif edilib.
“Budəfəki yarmarkaya çıxarılan bəzək əşyaları xüsusilə ərəb turistlərin marağına səbəb oldu. Alış-veriş edənlərin əksəriyyəti ərəb turisti idi”, - yarmarkaya eksklüziv əl işləri çıxaran Zarina Məmmədova deyib.

Onun sözlərinə görə, muncuqdan toxunmuş yolka, şaxta baba çox satılıb. Rus turistlərindən biri 50 yolka sifariş edib. İranlılar isə daha çox muncuqdan hazırlanmış xalçalara maraq göstəriblər. Qız qalası, buta, nar da turistlərin marağını cəlb edib.
Muncuqdan toxuduğu bəzək əşyalarını satan Aytən isə deyir ki, ərəblər parıltıya və qiymətlərə üstünlük verirlər, endirim etmədən mal almırlar. Amma türk və rus turistlərini qiymət deyil, bəzək əşyasının görünüşü, əl işi olmasına üstenlek verirlər.
Yolka və digər bayram atributlarının qiyməti 15 manatdan başlayır. Yarmarkada müxtəlif lotareya oyunları keçirilib.
Ülviyyə
Foto Samirənindir
Virtualaz.org

