5469
Üzbəüz 5 aprel — 16:54

Tanımadığım əsgərə məktub

“Əziz qardaşım, səni tanımasan belə, sən də bu vətənin bir oğlusan. Biz sənin sayəndə burada rahat yaşayırıq. Möhkəm ol, yenilmə! Biz sənin qələbə qazanacağına inanırıq!”

Doğrudur, başqasının məktubunu oxumaq etik sayılmır, amma bu, o məktublardan deyildi. Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə dəstək üçün “ASAN Könüllüləri”nin “Əsgərə Məktub!” layihəsi çərçivəsində yazılan bütün məktublar müəllifi fərqli olsa da, elə bir-birinə bənzəyirdi.

Artıq iki gündür sosial mediada da aktiv işıqlandırılan aksiya cəmiyyətdə böyük maraq doğurmuşdu. Elə 2 saylı Xətai ASAN Xidmət Mərkəzində də məktub yazmaq üçün qoyulmuş stola yaxınlaşıb ürək sözlərini yazmaq istəyənlərin ardı-arası kəsilmirdi.

Ön cəbhədə döyüşən əsgərlərimizdə ruh yüksəkliyini artırmaq üçün start verilən aksiya zamanı toplanan məktublar cəbhə bölgəsində döyüşən əsgərlərə çatdırılır.

ASAN xidmət könüllüləri təşkilatının könüllülərlə iş departamentinin müfəttişi Fidan Alıyevanın virtualaz.org-a bildirdiyinə görə, artıq əsgərlərimizə yazılan məktublar ünvana çatdırılıb.

“Bir gün ərzində 300-dən çox məktub gəlib. Artıq 2000 məktubu aparıb Füzuli rayonunda döyüşən əsgərlərə çatdırmışıq. Aksiya başlayanda könüllülər daha çox maraq göstərirdilərsə, indi xidmətə gələn vətəndaşların hər biri ürək sözlərini, sevinc və qəhrəmanlıq duyğusunu yazmadan getmək istəmirlər. Məktub yazanlar döyüşlərdə iştirak edən əsgərlərin valideynləri də var. Son iki gündə xalqımızda əsl həmrəylik ab-havası hiss olunur”.

Departament rəhbərlərinin yola düşdüyünü deyən F.Alıyevanın sözlərinə görə, əsgərlərdən alınan “feedback”lar də çox yaxşıdır.

Xidmət əməkdaşlarının sözlərinə görə, gələnlərin çoxunun ürəyi dolu olduğundan bəzən bir neçə vərəq kifayət eləmir. Adətən qadınların daha duyğusal olduğunu nəzərə alsaq, məktub yazanların çoxu qadın olmalı olsa da, burada əksəriyyət kişilər idi.

Məktub yazan keçmiş döyüşçü Rizvan Fətəliyev ürək sözlərini bizimlə bölüşdü:

“Mən müharibəni görmüşəm. Mən onların yaşadığını bu dəqiqə onlarla yaşayıram. Arzum budur ki, onlar bizə qələbə sevincini yaşatsınlar. Lakin müharibə itkisiz olmur. Bizim şəhidlərimiz ölmürlər, onlar əbədi yaşayırlar. Mən özümü borclu sayıram ki, onların yanında deyiləm. Allahın altında 10 yaş balaca olardım, qayıdardım orada vuruşmağa. Onlara necə lazımdırsa, kömək edərəm. Bu dövlətimiz yaranandan ən böyük qələbəsidir. Onların aldıqları mövqelər qələbədir. 5 gün Rusiya Ermənistanın arxasında durmur, onlar ağlayırlar”.

Məktub göndərən digər bir paytaxt sakini Roman Əhmədov həm də maraqlı təklif səsləndirdi. ASAN bu aksiya ilə yanaşı fləşmob da keçirə bilər. Yəni burada hər bir vətənpərvər insanın yazdığı bu məktub anonim olaraq fləşmob kimi oxuna bilər. Soyuq səngərdə oturan əsgərlərimizə mesaj olacaq bu səs yazısı  onlar eşitsinlər və qəlblərinə yeni bir ruh gəlsin və vətənimizi daha ayıq-sayıq dursunlar.

Məktub yazanların arasında məktəb şagirdləri ilə yanaşı yaşlı və ahıl insanlar da var idi. Həvəslə məktub yazan Əskinaz Güləliyeva cəbhədə döyüşən oğullara hər cür dəstək olmaq istədiyini bildirdi.

“Biz bayrağımızı Qarabağda sancacağıq, buna əminəm. Mən bir Azərbaycan anası kimi buna əminəm. Cəbhədə vuruşan gözəl balalarımızın hər birini Allah qorusun. Səfərbərlik olsa mən  özüm də cəbhəyə gedə bilərəm. Hər şeyə gücüm də çatır”.

Aksiya və məktublar o qədər təsirli idi ki, özüm də bir neçə kəlmə ürək sözümü yazmaq istədim. Məktubu kimin oxuyacağını bilmirəm, amma onu oxuyan əsgərin qələbə ilə, mərd və qürurlu geri dönəcəyinə hamı kimi çox inanırdım.

Gülnar Əliyeva

Foto müəllifindir

Virtualaz.org 

Xəbərlər