2656
Üzbəüz 12 avqust — 13:03

“AYB-də Qazax-Qarabağ yerlibazlığı yenə qalır”

Hafiz Mirzə: “Bir çox gənc yazarlar üçün namus, əxlaq anlayışı yoxdur” 

Hafiz Mirzə bölgədə yaşayan yazarlardandır. Romanları, publisistik yazıları, tərcümələri ilə oxucu diqqəti qazana bilib. Yazılarına, ədəbi mülahizələrinə görə qalmaqal da yaşayıb.

“Başını aşağı salıb yaradıcılığı ilə məşğul olduğunu” deyən Hafiz Mirzə ilə söhbətimiz bu gün çağdaş ədəbiyyatımzıda baş verənlərlə bağlı oldu. O, virtualaz.org saytının suallarına cavabında bir çox mətləblərə aydınlıq gətirdi: 

- Hafiz bəy, bir az ədəbiyyat barəsində danışaqmı? 

- İşimiz-gücümüz büsbütün ədəbiyyat və publisistika olduğundan həyata da yalnız bu pəncərədən baxırıq. Bu mənada ədəbiyyatdan danışmadığımız günmü oldu? O ki qaldı yazar kontekstində əxlaq məsələsinə... Təəssüflər olsun ki, müasir, xüsusən də özünü postmodern yazar hesab edən bir çox gənc qardaşlarımız üçün əxlaq, namus, digər milli-mənəvi dəyərlər, dini inanc anlayışları yoxdur. Onlar elə düşünür ki, guya yazar hər şeyin əleyhinə, hər şeyin əksinə danışmalı, heç nəyi qəbul etməməlidir. Guya ki, yazar da bir insan deyil və guya ki, yazar olmaq radikal siyasi müxalifət partiyası olmaq deməkdir... Nə vaxtsa mən də bir azca belə olmuşam. Amma mənim bu xəstəliyim çox tez sağaldı. Və indi mənim üçün əxlaq bir şəxs olaraq ədəbiyyatdan da yüksəkdədir. Ədəbiyyat birbaşa, bəzən isə dolayı yolla milli ideologiyanın inkişafına və formalaşmasına xidmət edir. Əxlaqsız bir yazarın yaratdığı ədəbiyyat insanlığa yaxşı nə verəcək ki?

- Yazıçılar Birliyinin ünvanına bəzən tənqid səsləndirənlər də tapılır. Siz AYB-çi olaraq AYB-dən razısınızmı?

- 10 ildən çoxdur ki, AYB üzvüyəm. Desəm ki AYB-dən tam razıyam, yalan olar. Amma mən özümdən də narazıyam axı. Əvvəlcə mən ədəbiyyatımıza böyük töhfələr verdiyimi dəqiqləşdirməli, sonra bu qurumdan böyük imtiyazlar ummalıyam. Lakin məsələ burasındadır ki, mənim yazdığımın 10 faizi qədər nəsə yazmayan, heç bircə kitabı da çıxmayan adamlar təqaüd alır, xarici səfərlərə gedir, üstəlik Qazax-Qarabağ yerlibazlığı yenə qalır və formadadır, daha nə bilim nələr... Bu halda mən AYB-dən heç vəchlə razı qala bilmərəm. Təsəvvür edin ki, irihəcmli 10 kitab müəllifi olaraq mənim 55 yaşım tamam olur, amma üzvü olduğum ədəbi təşkilat mənə bir cümləlik təbrik də ünvanlamır. Nə isə... Düşünürəm ki, cəmiyyətimiz nədirsə, onun ədəbiyyata münasibəti necədirsə, bizim AYB də onun bir az hisli-paslı güzgüsüdür. Konkret kimsəni qınamıram. Yenə ən böyük günah məndədir ki, özümü gözə soxa, öz piarımı yapa bilməmişəm. Və bir də əyalətdə yaşamağım qarşımdakı ən böyük maneə, səddir.

- Bir az keçmişə dönək. AYB sədri, xalq yazıçısı Anar gənc şair Şərif Ağayarı AYB sıralarından uzaqlaşdırdı. Şərifdən sonra daha bir neçə gənc imza sahibi qurumu tərk etdi. AYB-nin üzvü olaraq bu haqda nə deyə bilərsiniz?

- AYB sədri Anarın daim ona və AYB rəhbərliyinə qarşı kəskin ittihamlar səsləndirən bəzi üzvləri cəzalandırması, üzvlükdən çıxarması təbiidir. Nə etməlidir, bu qədər təhqir və qərəzə qarşı onların sinəsindən orden-medal asmalıdır? Cəza mexanizmi var, onlar da bundan yararlanır. Onların yerində mən də olsam, bu cür, bəlkə daha sərt tədbirlər görərəm. Yox, sən dur mənim başımı əz, mən isə demokratiya naminə sənə dözüm, səbr edim! Bu cür saxta meyarlar bizim xalqı laqeyd, əfəl, sarsaq, xoşqeyrət duruma salmağa hesablanıb. Mən şəxsən bu cür demokratik prinsiplərə heç tüpürmək də istəmərəm - tüpürcəyim daha dəyərlidir deyə! Güllə atan ona cavab veriləcəyini də gözü altına almalıdır. Bir çoxumuz AYB və onun rəhbərliyini daim hədəfdə  saxlamaqla ümumiyyətlə  ədəbiyyatımızı qapazaltı duruma  salmışıq. İş hətta o yerə çatıb ki, bizim sədrimizi Milli Məclisə də layiq bilmirlər. Yazarların mövcud durumuna görə biz ədəbiyyatçılar da az qəbahət sahibləri deyilik. Bəlkə də mövcud vəziyyətə görə günahın 60 faizi bizdədir. Baxın, jurnalistlər heç Əflatun Amaşova qarşı bu qədər aqressivdirmi? Bir-birlərini yıxıb sürüyürlərmi? Yox! Nəticə isə odur ki, hökumət jurnalistlər üçün ev tikir, 156 jurnalistə havayı və tam təchiz olunmuş mənzil verir, AYB-ə isə səhv etmirəmsə, cəmi 10-15 mənzil verilir. Onlar üçün Jurnalistlər Birliyi və Mətbuat Şurasından savayı bir KİVDF də yaradır və hər rüb qrantlar paylayır. Bizə isə... 2 ildən bir "Qızıl kəlmə" mükafatı verilir. O da yeni münaqişələr mənbəyidir!

- Söz ki gəlib ədəbi müsabiqələrə çıxdı, buna münasibətinizi bilmək istərdik...

- Məncə, oxucu-yazar münasibətləri elə darmadağın edilib ki, onu bərpa etmək çox vaxt aparacaq. Hansı yazar öz personasının və yazısının piarını güclü yapa biləcəksə, cəmiyyət ona qarşı bir az diqqət göstərəcək, yazısını oxuyacaq. Amma indiki yazarların çoxu o qədər sadəlövh, o qədər avam və mən deyərdim həm də o qədər əfəldir ki, bunları bacarmayacaq. AYB-nin isə kiminsə əvəzinə bunu etməyə iti dişi yoxdur. Məncə, yazarlar kapitalizmdə yaşadıqlarının fərqində olmalıdır. Sosializm və sosial rifah bitdi! Sosial rifah ümidindəsənsə, get Xanhüseyn Kazımlının Sosial Rifah Partiyasına üzv ol! Kapitalizmdə reklam çox mühüm amildir. Bazara çıxarılan mal çox güclü tanıdılmalı, ətrafında cazibə haləsi yaradılmalıdır. Bu, ədəbiyyata da aiddir. Bundan ötrü isə müstəqil ədəbi nəşriyyatlar yaradılmalıdır. Dövlət mənə bir nəşriyyat və bir 1 milyon manat versin, mən uzağı 5 ilə Azərbaycana Nobel mükafatı gətizdirərəm! Vallahi deyirəm! Bunu şou qəbul etməyin! Mən ədəbiyyatı necə inkişaf etdirməyin dəqiq yolunu və mexanizmini bilirəm. Öz layihələrimi havaya sərf edəsi və beşikdə ikən, yəni hələ bir ideya halında ikən boğulmasına rəvac verə bilmərəm. Ona görə də mənə burada sirləri söylətməyin. Ədəbiyyatı yazarların özü inkişaf etdirməlidir, dövlət sənin əvəzinə gözəl əsər yazmayacaq. Mən gözəl əsərlər yazdırmaq üçün oyadılması vacib olan stimullara bələdəm. Özüm də ədəbiyyatın içindəyəm axı. Mən yazarların damarında axan qana bələdəm. Bakı bir qədər kənardan - Lənkərandan çox aydın görünür. Bakıda ədəbi mühütü canlandırmaq və demaqogiyadan xilas etmək lazımdır. Mən bunun çox gözəl yollarını bilirəm! Gör dünyanın harasıdır ki, bir kitab mağazası Milli Kitab Mükafatı təsis edir və cəmi 3 min manat mükafata görə yazarlar arasına əslində rəxnə salır. Özündən demək kimi çıxmasın, mən diletant deyiləm, böyük bir Mədəniyyət Mərkəzinin direktoruyam, bələdiyyə üzvüyəm, hacıyam, həm də məscid əhliyəm. Qurani-Kərimə and içib bu yola addım basaram və dediklərimi gerçəkləşdirərəm! Olsun ki, hakimiyyətin buna istəyi, iradəsi olsun və dediyim şəraiti yaratsın. Hazırda keçirilən müsabiqələr əslində “dlya qaloçki” (yəni quş qoymaq-red.)  xarakterini daşıyır və əsla obyektiv keçirilmir. Hazırkı struktur və qayda ilə obyektiv müsabiqə keçirilməsi heç mümkün də deyil. Bundan ötrü tam müstəqil, obyektiv və anonim müsabiqə sistemi qurulmalı və ləyaqətli mükafat fondu ayrılmalıdır. Vəziyyət o həddə qədər korlanıb ki, halalca mükafat alsan da buna qara ləkə yaxmağa min bir yol qalır. Amma mənim layihəmdə bu problemin həlli də mümkündür. Azərbaycanda hal-hazırda diletant çoxdur. Təəssüf ki, müxalif cəbhə hesab olunan yazarlarımız indi AYB rəhbərliyində olanlardan heç nə ilə üstün görünmürlər. Əlindən bir şey gəlməyən, üç nəfərə rəhbərlik etməmiş bir çox yazarlarımız var ki, özünü dahi və təşkilatçılıqda Anardan qat-qat üstün hesab edir. Amma o deyil axı! İnsanda nə qədər hikkə, iddia, təkəbbür olar! Mən insanları səmimiyyətinə, mərdliyinə, düzlüyünə, imanına, istedadına və bacarığına görə dəyərləndirirəm. Zəhləm gedir böhtançı, boşboğaz, hikkəli və təkəbbürlü adamlardan. Mənim üçün şəxsin milliyyəti, haralı olması və siyasi düşüncəsi 7-ci, 8-cı dərəcəlidir. Əsas olan insan amili və yuxarıda sadaladığım keyfiyyətlərdir. Hamısının bir adamda cəmlənməsinə az təsadüf edilir, amma ən sonuncu fahişədə də gözəl nəsə var. Onu görə bilmək lazımdır. Ona görə də yaxın ünsiyyətdə olduğum insanların  arasında hər cür adam - "qanuni oğru" da, narkoman da, rüşvətxor da, inhisarçı-oliqarx da, müxalifətçi də, iqtidar mənsubu da və eləcə imanlı, səmimi, doğrucul, istedadlı və çox yüksək təşkilatçılıq bacarığı olan insanlar da var. Onların hamısı mənim müəllimlərim və həm də yazdığım, yaradacağım obrazlarımdır - İNSANDIR!

- Hafiz Mirzənin qaplanlarla arası necədir?

- Hafiz Mirzə qaplanlarla mübarizəni xoşlayır desəm, səhv olmaz! Mən lırt rəqibləri xoşlamıram. Başladımsa, meyitini də sürüyəcəm! Bu radikallıq, emosionallıq, sərtlik və digər keyfiyyətlər deyilənə görə ana tərəfimdən gəlmədir. Ana tərəfim əslən Ərdəbildən olan astarxanbazarlılardır, yəni indiki cəlilabadlılar. Ərdəbillilərin əksəriyyəti xarakter etibarı ilə bu cür olur. Biz həm də qızılbaşıq! Ana tərəfdən ulu babalarım Ərdəbil şeyxlərinə, şahlarına və deməli, gedib Səfəvilərə çıxır. Səfəvilər isə yalın əllə pələng ovuna çıxmağı çox xoşlayıblar! Dağda qaplanla qarşılaşmağın öz romantikası var! Adrenalindir büsbütün! Deyim ki, oxucusu çox az olan bir ölkədə ədəbiyyatla məşğul olmaq qaplanla təkbətək mübarizədən heç də asan deyil. 

Tural Balabəyli

Virtualaz.org

Xəbərlər