6333
Üzbəüz 9 Avqust 2015, 15:05

Ölən jurnalistin atası: “Oğlumu döyənlər Razin uşaqları olub”

Mərhumun atası Məmmədəli Əliyev oğlunu döyənlərin cəzalandırılmasın istəyib.

M.Əliyev virtualaz.org saytının müxbiri ilə söhbətində deyib ki, dünən futbolçu Cavid Hüseynov da, “Qəbələ” klubunun meneceri də xəstəxanaya gediblər: “Aralarında nə danışıq olduğunu bilmirəm. Oğlumu döyənlər Razin (Bakıxanov qəsəbəsi-red.) uşaqları olub. Döyənlərdən biri də Cavidin bibisi oğlu olub. Oğlum evdən çıxanda anasına deyib ki, Razin uşaqları gəlib, onlarla söhbət etməyə gedirəm. Həmin uşaqlar “Qəbələ” klubunun azarkeşləri olub.

Məmmədəli Əliyev

Gecə saat 2-də zəng vurdular ki, Rasimin halı pisləşib. Xəstəxanaya getdim, Rasim komada idi, süni nəfəs verirdilər. Saat 4 radələrində dünyasını dəyişib. Oğlumu döyənlərin cəzalandırılmasını istəyirəm”.

İnarə Rafiqqızı

Virtualaz.org

*    *    *13:15

Bu gün dünyasını dəyişən jurnalist Rasim Əliyevin döyülmə faktı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Rasim Əliyev

Virtualaz.org saytının müxbiri xəbər verir ki, bunu Səbayel rayon prokurorunun köməkcisi deyib. O, mərhum jurnalistin ailə üzvlərinə bildirib ki, R.Əliyevi döyərək ona ağır xəsarətlər yetirən şəxslərin bir necəsinin kimliyi də məlum olub. Hazırda həmin şəxslərin həbs olunması istiqamətində işlər gedir.

Mərhum jurnalistin nəşi ölüm faktından yalnız 6 saat sonra artıq ailəsinə təhvil verilib. Bu zaman onun yaxınları morqa buraxılmayıb ki, bu da narazılıq yaradıb. Yalnız etirazlardan sonra atası içəri buraxılıb. Bu zaman morqın ətrafına 5 polis maşını gəlib.

"Azadlıq" radiosunun məlumatına görə, ərazi polisi jurnalistin babasını sorğu-sual üçün aparıb. Morqun qarşısına yığışan jurnalistlərə isə çəkiliş aparmağa icazə verilməyib. Səbayel prokurorluğunun əməkdaşları da ora gəlib.

Rasim Əliyevin babası deyib ki, həkimlər əvvəl onlara ümid versələr də sonradan jurnalistin vəziyyəti pisləşib: “Get-gedə vəziyyəti pisləşdi, əməliyyat etdilər. Sonra da dedilər ki, içəridəki orqanlarının çox zədəlidir, sağalan deyil. Həkim gəlib mənə dedi ki, vəziyyəti çox ağırdır, ağciyəri vurulub, partlayıb. Nəfəs ala bilmir. Dedi ümid yoxdur. İki saat sonra gəldi dedi ki, gözləməyin, xəstə vəfat etdi. Bu, səhərə yaxın 5-də olub”.

Mərhumun meyiti məscidə, oradan isə evlərinə aparılıb. Dəfn mərasimi saat 14:30-da Mehdiabad qəbiristanlığında olacaq.

İnarə

Virtualaz.org

*   *   *10:03

Jurnalist Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə gedib.

Bu barədə "Amerikanın səsi"nə jurnalistin bacısı Gülnarə Əliyeva bildirib.

Avqustun 8-də Rasim Əliyev "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Onun qabırğaları sınıb və sol qulağı eşitmir.

Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini "Facebook" səhifəsində tənqid etməsi göstərilib.

Gülnarə Əliyeva bildirib ki, gecə saatlarında Rasim Əliyevin səhhəti kəskin pisləşib və 1 saylı Şəhər Kliniki Xəstəxanasında cərrahi əməliyyat olunub. Bundan sonra reanimasiya şöbəsinə köçürülüb və orada vəfat edib.

Hazırda jurnalistin cəsədi Respublika Xəstəxanasının morquna yerləşdirilib.

*   *   *22:00

Bu gün jurnalist Rasim Əliyevin “Qəbələ” klubunun oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü haqda məlumatlar yayılıb.

Jurnalist Meydan TV-yə açıqlamasında buna səbəb kimi Facebook səhifəsində yazdığı tənqidi statusu göstərib.

Bununla bağlı Cavid Hüseynov özü “Qafqazinfo”ya açıqlama verib. O, məsələyə belə aydınlıq gətirib: ""Facebook”da kiprli jurnalistin mәnә ünvanladığı suala verdiyim cavabı qeyri-etik jest kimi bir nәfәr paylaşmışdı. Mәn orda iki yumruğumu bir-birinә vurmuşdum. Amma o yazmışdı ki, guya mәn bir әli açıq şәkildә o biri әlimdә yumruğuma vurub әdәbsiz cavab vermişәm. Bu, belә deyil.

Mәn dә onu gördüm vә hәmin adama zәng vurdum . Dedim ki, mәnә tәrbiyәsiz deyirsәnsә, gәl mәnim mәktәbimdәn, yaşadığım yerdәn tәrbiyәmi öyrәn. Gör necә adamam. Mәhəllәdә hәr yerdә ailәmә qarşı münasibәti gör. Biz 3 uşaq olmuşuq vә özümüzü necә aparmışıq gәl gör. Mәdәniyyәtimizi dә özün görәrsәn. Anam “ostanovka”dan evә gәlәndә uşaqlar onu necә sevinclә qarşılayır. O jurnalistә hәr şeyi olduğu kimi danışdım...”

Cavid Hüseynovun sözlərinə görə, futbolçu Rasim Əliyev ondan hətta bu paylaşıma görə üzr də istəyib: “Videoya kim baxsa, görәr ki, mən yumruğumu yumruğuma vurub bizim yumruq kimi ölkә olduğumuzu demişәm. Biz qardaşıq, biz dostuq. Ona dedim ki, yazını düzәlt. Dedi ki, oldu. Üzr istәyirәm sәhvimә görә. Biz bunları danışmışıq. Amma döymәk söhbәti düzgün deyil”.

Xəbərlər