820
Üzbəüz 4 iyul — 16:58

Ekoloqlardan Ekologiya Nazirliyinə ittiham

Ekoloji qıtlığa səbəb nədir?

Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, “Rüzgar” İctimai Birliyinin sədri, kimya elmləri doktoru, professor İslam Mustafayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova və Bakı Dövlət Universitetinin ekologiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Şövqi Göyçaylı “Media forum” saytının “Ekologiya sahəsində mütəxəssis çatışmazlığı” mövzulu müzakirəsində iştirak ediblər.

- Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsi cəmi iki ildir fəaliyyət göstərir, yəni hələ məzun buraxmayıb. Bu sahənin mütəxəssis ehtiyacı indiyə qədər necə ödənib?

Şövqi Göyçaylı:

- Doğrudur, fakültənin məzunları gələn ildən olacaq. Amma 1970-ci illərdə coğrafiya və biologiya fakültələrində ekoloji fənlər tədris olunub. 1981-ci ildə isə ilk ekologiya təmayüllü kafedra - Bakı Dövlət Universitetində ətraf mühitin mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrası açılıb. Bu kafedra SSRİ dövründə açılmış 4-cü və ya 5-ci belə kafedra olub, 1986-87-ci illərdə Ümumittifaq Ekologiya Kafedralarının Metodiki Şurası qarşısında hesabat verib. O zaman bizim təcrübəni öyrənməyə başlamışdılar, tədris planımızdan da istifadə edirdilər. Ölkənin bütün ali məktəblərində, hətta İncəsənət Universitetində də bu dərslər tədris olunurdu. 

- Mətanət xanım, sizin nazirliyin mütəxəssislərə olan tələbatı necə ödənilir və haradan seçilir?

Mətanət Avazova:

- Bu gün bizdə kadr çatışmazlığı yoxdur. Artıq 30 ilə yaxındır ki, bu sahədə mütəxəssis yetişir. Sadəcə, insanlarda tənbəllik problemi var. İnsan var öz üzərində işləyir, sənətinin mütəxəssisi olur, insan da var boşuna vaxt keçirir, heç nə öyrənmir. Mənim departamentimdə 300 nəfər varsa, onun 150 nəfəri ekoloq diplomu alıb.

İ.Mustafayev:

- Ətraf mühiti öyrənən mütəxəssislərə ehtiyac var. Yeni dövrün tələblərinə uyğun gələn, müasir texnologiya ilə işləyə bilən ətraf mühit mütəxəssisləri çox azdır. bp şirkəti ilə biz uzun müddətdir əməkdaşlıq edirik. Layihələri, ətraf mühitin idarə olunması problemlərini təhlil edirik, istehsal proseslərinin təbiətə mənfi təsirini azaltmağa çalışırıq. Sadaladıqlarımın hamısı bizim üçün yenidir. Mən Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə böyük bir layihənin rəhbəriyəm. Elmin İnkişafı Fondundan maliyyələşdirilən bu layihə çərçivəsində fəaliyyətimizdən bizə bəlli oldu ki, BTC-də çalışan mütəxəssislərin çoxu ya xaricdən gələnlərdir, ya da sonradan xaricdə təhsil almış yerli mütəxəssislərdir. Universitetdə 4 il nəzəri biliklər alan tələbədən gözləmək olmaz ki, gəlib bp neft şirkətinin nəqliyyat koridorunda hansısa ekoloji menecment sistemi tətbiq eləsin. Bunun üçün ya bizim universitetlərdə xüsusi proqram üzrə, ya da Amerika və Avropadakı universitetlərdə təhsil almaq lazımdır. Biz tədricən bu sahədə təhsil təcrübəsini tətbiq eləməyə çalışmalıyıq.

Ətraf mühitin idarə olunmasının iqtisadi mexanizmlərini, ekoloji menecment sistemini və ətraf mühitə təsirin iqtisadi qiymətləndirilməsini öyrənən və tətbiq edən mütəxəssislərimiz çox azdır. Bu gün biz transmilli şirkətlərin ətraf mühitimizə vurduğu ziyanın qiymətləndirilməsi məsələsini beynəlxalq standartlar səviyyəsində təyin edə bilmirik. Ona görə də ekologiya sahəsində qanunlarımızı Avropa Birliyi direktivləri çərçivəsində təkmilləşdirmək üzrə götürdüyümüz öhdəlikləri tez bir zamanda yerinə yetirməliyik. Bunun üçün yüksək səviyyəli mütəxəssislər lazımdır. Biz açıq şəkildə etiraf etməliyik ki, bu sahədə ciddi çatışmazlıqlar var. Ali məktəblərimizin savadlı məzunları ya xaricdə, ya da burdakı xarici şirkətlərdə çalışır. Yerdə qalanları lazımı səviyyədə bu işlərə nə biz cəlb edə bilirik, nə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi.                       

- Bu problemi necə həll eləmək olar? Amerika və Avropa səviyyəsində təhsil verə bilmək üçün nə etmək lazımdır?

İ.Mustafayev:

- Öncə müasir tədris planları əldə etmək lazımdır. Praktikaya daha çox vaxt ayrılmalıdır. Ən azı magistratura pilləsində tələbələr xaricə göndərilməli, yaxud da beynəlxalq universitetlərlə əlaqə qurulmalıdır. Xarici universitetlərin lektorları dəvət olunmalı, beynəlxalq və yerli layihələrə magistratura pilləsində olan tələbələri cəlb etmək lazımdır. Bizim tələbələri sonuncu kursda praktikaya aparırlar. Mütəxəssis yetişdirməkdə inkişaf etmiş dövlətlərdən xeyli geridə qalırıq. Bu sahədə çatışmazlıqları aradan qaldırmaq üçün hələ biz çox çalışmalıyıq.

Bir çox beynəlxalq ekoloji layihələrdə indi CİS (Coğrafi İnformasiya Sistemi) sistemini tətbiq etmək lazım gəlir. Bu sahədə olan mütəxəssislərin sayı çox məhduddur. Kadr çatışmazlığı var. Beynəlxalq maliyyə institutları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin layihələrini həyata keçirəndə biz problemlərlə qarşılaşırıq. Ona görə də tələbələrə şərait yaradılmalıdır. Ən azı tələbələr layihə rəhbərinin köməkçisi və yaxud da kiçik vəzifələrdə işlədilməlidir. Magistratura pilləsində diplom işi birbaşa istehsalat prosesi ilə əlaqədar olmalıdır. Atmosferdə çirkləndiricilərin paylanmasının modellərə görə hesablanmasını Azərbaycanda vur-tut bir nəfər bilir, amma bəzən mütəxəssislərimiz də bildiklərini öyrətmək istəmirlər.

Yeri gəlmişkən, bu modellərin tətbiqində çox hallarda biz iki-üç mərhələ geridə qalırıq. Xaricdə nəqliyyat tullantılarını COPERT-4 proqramı ilə hesablayırlarsa, biz hələ COPERT-2-ni tətbiq edə bilmirik. Çalışmalıyıq ki, bu fərqi və vaxtı azaldaq. Ölkə prezidenti həmişə neft kapitalının insan kapitalına çevrilməsinin vacib olduğunu qeyd edir.

- Ekologiya və təbiətşünaslıq fakültəsinə daxil olan tələbələrin neçə faizi birinci ixtisas olaraq seçir bu peşəni, belə bir statistika varmı sizdə?

Ş.Göyçaylı:

- Bizim fakültəyə daxil olanların böyük əksəriyyəti məhz bu seçimin ardınca gəlib. Əvvəllər aqro-ekoloq, ekoloq-neftçi, coğrafiyaçı-ekoloq hazırlanırdı. Amma biz kimyanı, biologiyanı, coğrafiyanı, riyazi modelləşməni, proqramlaşmanı, layihələşməni və ekoloji ekspertizanı da öyrədirik. Ancaq tələb durmadan artır. Qlobal ekologiya üzrə mütəxəssisi təkcə bir ali məktəb hazırlaya bilməz, baxmayaraq ki, bizdə qlobal ekologiya fənni var. Amma bizim hazırladığımız mütəxəssislər bu günün tələblərinə hələlik cavab verə bilməyəcək. Bunun üçün biz kosmik tədqiqatçılarla əməkdaşlıq etməliyik. Bu sahədə praktiki fəaliyyət yetərincə deyil. Xarici mütəxəssislər bizim metodikamızı bəyənsələr də, praktiki işlərimizdən narazılıqlarını bildirirdilər.

- Sizin fakültəyə qəbul planında dövlət sifarişi varmı?

Ş.Göyçaylı:

- Əvvəllər belə məsələni Dövlət Plan Komitəsi həyata keçirirdi. Universitetlərə tələb qoyulurdu ki, hansı fakültədən nə qədər mütəxəssis hazırlamaq lazımdır. Əvvəllər Şəhərsalma və Arxitektura İnstitutuna, digər layihə institutlarına ekoloq kadrlar bizim kafedradan aparılırdı. Amma bu gün Plan Komitəsi yoxdur. Kimi təsadüfən Ekologiya və Təbii Sərvətlər Nazirliyində, kimi də xarici şirkətlərdə işə düzəlir. Amma xaricdə planlaşma komitələri mövcuddur.

- Ekologiya və Təbii Sərvətlər Nazirliyində necə, kadr ehtiyacını öyrənən qurum varmı?

M.Avazova:

- Bizim nazirlikdə kadr ehtiyacını öyrənən qurum yoxdur. Dövlət qulluğuna qəbul imtahanı verməklə bizim nazirlikdə işə düzəlirlər. Bu imtahandan keçib bizə məsləhətçi vəzifəsinə gələn işçinin biliyi yerdə qalan mütəxəssislərin biliyindən üstün olmalıdır. Amma çox təəssüf ki, testin suallarına bəxtəbəxt cavablar yazıb bizim nazirliyə işə düzəlirlər. Yaxşı kadrın yetişməsi üçün ən azı 20 il lazımdır. Bunun üçün də istehsal prosesində çalışmaq tələb olunur. Parta arxasından dünən duran tələbə məsləhətçi işləmək istəyir, 6 aydan sonra da peşman olur.

- Sizcə, bu sistemdə nəyi dəyişmək lazımdır?

M.Avazova:

- SSRİ dövründə işə götürülənin öz vəzifə borcu mövcud idi. İşə düzlədiyi şöbənin əsasnaməsi vardı. Bu gün o sistem yoxdur. Gənclər istəyir ki, tez bir zamanda çoxlu pul qazansınlar. Bu gün hər şey maddi tələbin üstündə qurulub.

İ.Mustafayev:

- Hər şeyi iqtisadi tələbat yoluna qoyacaq. Biz ilk növbədə qanunvericiliyi və iqtisadi mexanizmi qaydasına salmalıyıq. İnkişaf etmiş dövlətlərdə hansı müəssisənin ekoloji idarəetmə sertifikatı yoxdursa, onun məhsulunun xarici bazara çıxmasına məhdudiyyət qoyurlar. Hələ bu sistem Azərbaycanda tətbiq olunmur. Bu sistem bizdə tətbiq olunanda hər bir müəssisə istəyəcək ki, ekoloji sertifikatı olsun. Bu sertifikatı almaq üçün də mütəxəssis axtaracaq. Hər kəs də maraqlı olacaq ki, bu cür ekoloji sertifikat verən idarələr olsun. Onun üçün də biz məcbur olacağıq ki, qanunvericiliyi inkişaf etdirib Avropa Birliyinin direktivlərinə tez inteqrasiya olaq. Onda da iqtisadi mexanizm tələb edəcək ki, yüksək ixtisaslı kadrlar tapıb işə götürək. “Azərsun” şirkəti artıq bu sistemə keçib. Amma bu gün də bütün böyük müəssisələr, o cümlədən neft sənayesi ətraf mühitin və keyfiyyətin idarə olunması üzrə bacarıqlı mütəxəssislər axtarır.

M.Avazova:

- Yaxşı mütəxəssis axtarırlar, ancaq qiymətləndirmədə nədən istifadə olunur? Bizdə bu gün ətraf mühit standartları yoxdur. SSRİ dövrünün köhnə standartları bu günün tələblərinə cavab vermir.

İ.Mustafayev:

- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Standartlaşdırma və Metrologiya Komitəsinin birgə komissiyası dediyiniz standartları hazırlayır.

M.Avazova:

- Standart hazırlamaq üçün əsas təsnifatdan başlanılmalıdır. Biz metodologiyadan başlayırıq, ancaq əvvəlcə qiymətləndirmədə hansı meyardan istifadə edəcəyimizi müəyyənləşdirməliyik.

Ş.Göyçaylı:

- Əvvəllər mütəxəssislər bu problemlərdən danışa bilmirdi. Son 20 ildə həm təfəkkürdə, həm də kadr hazırlığında xeyli irəliləyiş olub.

1987-ci ildə bu məsələlərlə əlaqədar Moskvada seminar keçirilirdi. Seminarı Təhsil Nazirliyinin baş ekoloqu idarə edirdi. Moskvadan qayıdıb gələndən sonra Təhsil Nazirlinə müraciət etdim ki, bizdə də belə bir ştat yaradılsın. Bununla bağlı düz 15 il nazirliyə gedib-gəlsəm də, xeyri olmadı. Onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və ekologiya sahəsində çalışan universitetlərə müraciət etmək əvəzinə bu işlərə öz tanışlarını cəlb edirdilər. Bu sahədə yeni olanlar sonradan bizə diktə eləməyə başladılar. Aradan 3-5 il keçəndən sonra bizə təhsil standartını təqdim edəndə bu standartları kimlərin hazırladığı ilə maraqlandım. Mənə dedilər ki, mütəxəssisdir. Tanıdığım bütün mütəxəssislərin adlarını sadaladım, bunlardan heç biri deyil dedilər. Bizdə kifayət qədər mütəxəssis var, kifayət qədər də maliyyə ayrılır. Amma koordinasiya edib, birləşdirən yoxdur.

- Birləşdirən kim olmalıdır ki?

Ş.Göyçaylı:

- Elmi mərkəzlər, ancaq prezidentə tabe olan müəssisələrarası elmi-texniki şura. Bu şuraya müxtəlif ixtisaslara malik mütəxəssislər dəvət olunmalıdır. İşlər koordinasiya edilib mütəxəssislər arasında bölünməli, irəli sürülən təkliflərə də hamı cavabdeh olmalıdır. 

ALYA

Aysel YUSİFQIZI

Xəbərlər