809
Üzbəüz 15 Yanvar 2022, 12:16

Kənddə yolunu azan qaz cücəsi, tez-tez ərini söyən arvad, bıçağa əl atan Gürzalı

Həyat yoldaşını və onun bacısını bıçaqlamaqda ittiham olunan Şəmkir rayon sakini, 45 yaşlı Gürzalı Alyarovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. G.Alyarovun əlini qana batırmasına uzun illərdən bəri səngiməyən ailədaxili narazılıq, dava-dalaş səbəb olub.

virtualaz.org-un xəbərinə görə, hadisə ötən il mayın 26-da Şəmkir rayonunun  ucqar kəndindən olan və ötən əsrin 80-ci illərinin sonlarında Ermənistandan gələn qaçqınların məskunlaşdığı Ələsgərli kəndində baş verib. G.Alyarov ailə münaqişəsi zəminində 35 yaşı Şəlalə Tağıyevanı və onun bacısı, 33 yaşlı Şəhla Süleymanovanı bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Ələsgərli kəndi

Təqsirləndirilən Gürzalı Alyarov ifadəsində Şəlalə ilə 12 ildir ailə həyatı qurduqlarını, birgə nikahdan 3 övladları olduğunu deyib. Ailədə daim narazılıq, dava-dalaş hökm sürüb: “Şəlalə yaşlı anamla mübahisə edir, ev işləri görmür, məni söyürdü. Yeməyi özüm bişirir, ev işlərini də özüm görürdüm”.

G.Alyarovun ifadəsinə görə, hadisə baş verən gün səhər saatlarında Şəlalə uşaqlarını da götürüb qonşuluqda yaşayan bacısı evinə gedib. Həmin gün özü təmizlik işləri aparıb, qabları yuyub, döşəməni silib. Bir qədər sonra arvadı əsəbi halda evə qayıdıb: “İçəri girən kimi dedi ki, qardaşın Oruc məni təhqir edir. Qardaşımı da, məni də söydü. Atamın ünvanına da söyüş işlətdi. Mübahisəmiz düşdü. Səs-küyə Şəlalənin bacısı Şəhla da gəldi. Hər ikisi yaxamdan tutub dartdılar. Artıq onun hərəkətlərindən bezmişdim. Əsəbi halda bıçağı götürüb Şəlaləni vurdum. Şəhla boğazımdan yapışdıqda bıçaqla onu da vurdum. Evdən çıxıb həyətə düşdüm”.

Bir qədər sonra geri qayıdan Gürzalı Şəhlanın qarnının sarıqlı olduğunu, qan axdığını görüb. O, Şəhlaya yalvararaq səhv etdiyini deyib və qonşuluqda yaşayan tibb bacısını çağırmağa yollanıb. Tibb bacısı gələrək həm Şəhlaya, həm də Şəlaləyə ilkin tibb yardım göstərib. Hadisə yerinə gələn polis əməkdaşları Gürzalını polis şöbəsinə aparıblar.

Məhkəmədə G.Alyarov törətdiyi əməldən peşman olduğunu, arvadı və baldızı ilə barışdığını deyib. Zərərçəkmiş Şəlalə Tağıyeva ifadəsində müxtəlif səbəblərdən ailədaxili narazılıqları olduğunu deyib. Hadisədən üç gün əvvəl isə onların heyvanlarının içərisinə bir ədəd qaz cücəsi qarışdığını bildirib.

 “Qaynım Orucun arvadı qaz cücəsinin onların olduğunu deyib gəlib apardı. Daha sonra qonşumuz Xatın gəldi ki, bəs cücə mənimdir. Buna görə Orucun evinə getdim. Qaynım qolumdan yapışıb “düşmən, qapıma nəyə gəlmisən?” deyib məni dəmir hasara vurdu. Dedim, köpəyoğlu məni niyə döyürsən? Sonra da ağlaya-ağlaya evə gəldim. Gürzalıya dedim ki, sən necə ərsən, mənə yiyə çıxmırsan, qardaşın 12 ildir məni döyür. Gürzalı “bezmişəm, nə qədər dava-dalaş olar, məni boğaza yığmısınız” deyib üstümə gəldi. Bacım araya girdi, dedi ki, vurma, üç balası var, yazıqdı. Gürzalı əsəbi idi deyə bacıma qulaq asmadı”, - Şəlalə baş verənlər haqda bunları deyib.

Ş.Tağıyeva deyir ki, əri onu və bacısını bıçaqla vurandan sonra “ay Allah, mən nə etdim” deyərək ağlayıb. Üzünü qonşuluqda yaşayan qardaşının evinə sarı tutub “niyə mənim evimə qan saldınız” deyib.

Zərərçəkmiş əri ilə barışdığını, uşaqlarını saxlamaqda çətinlik çəkdiyini, ondan şikayətçi olmadığını deyib. Digər zərərçəkmiş də G.Əliyarovdan şikayətçi olmadığını bildirib.

Məhkəmənin hökmü ilə Gürzalı Alyarov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İ.Rafiqqızı

virtualaz.org

 

Xəbərlər