268
Üzbəüz 6 Dekabr 2021, 12:16

Paşinyanın partiyası uduza-uduza gedir...

Ermənistanda bazar günü 9 vilayətin 36 icmasında keçirilən yerli seçkilərdə hakim “Vətəndaş müqaviləsi” partiyasının namizədləri cəmi 16 icmada səslərin 50 faizdən çoxunu yığa bilib. Qalan  20 icmada isə hakim partiyanın namizədləri ya müxalifətdən olan namizədlərə uduzub, ya da mer olmaq üçün lazım olan həlledici səsi əldə edə bilməyiblər. Belə icmalarda müxalifət namizədlərinin topladığı səslərin cəmi 50 faizdən çoxdur.  

Ermənistanın Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən “Vətəndaş müqaviləsi” Aştarak, Talin, Ararat, Artaşat, Armavir, Metsamor, Razdan, Cermuk, Vardenis və Vaqarşapat şəhərlərində qalib gəlib. Amma ölkənin üçüncü şəhəri olan Vanadzor da daxil olmaqla bir neçə şəhərdə-Aparan, Masis, Vedi, Abovyan və digərlərində uduzub.

Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan bildirib ki, seçkilərin yekunlarına əsasən hakim partiyanın 36 icmadan 15-də yerli özünüidarəetmə orqanlarına başçılıq edəcəyi dəqiqləşib. Lakin qalan 21 icmada müxalifət namizədləri ya müstəqil, ya koalisiya şəklində yerli özünüidarəetmə orqanlarına başçılıq edə bilər.

Xatırladaq ki, ötən ay daha bir neçə icmada keçirilən seçkilərin nəticələrinə əsasən Paşinyanın partiyası Zəngəzur bölgəsinin bir sıra icmalarında uduzmuşdu, lakin İcevanda böyük fərqlə qalib gəlmişdi. Yerli seçkilərin son nəticələri Paşinyanın partiyasının bu ilin yayında keçirilmiş növbədənkənar parlament seçkilərinə  nisbətən reytinqinin yerlərdə xeyli aşağı düşdüyünü göstərir.

virtualaz.org

Xəbərlər