321
Üzbəüz 1 Dekabr 2021, 11:39

“Qaraheybət” qəzası: Mi-17 hansı göstəricilərə malikdir...

Dövlət Sərhəd Xidmətinin dünən noyabrın 30-da “Qaraheybət” təlim poliqonu üzərində qəzaya uğrayan Mi-17 helikopteri Rusiyanın Kazan vertolyot zavodunda və Ulan-Udedəki aviasiya zavodunda istehsal edilir. İndiyədək 3 mindən çox müxtəlif modifikasiyalı belə vertolyot istehsal edilib.

Mi-17 Mi-8 vertolyotlarının modernizə edilmiş variantıdır, iki mühərriklə və ən müasir avionika ilə təchiz edilib. Nəticədə sutkanın istənilən vaxtında, istənilən havada, hətta ən mürəkkəb meteoroloji şəraitdə uça bilir.

Qəzada şəhid olan polkovnik Füzuli Cavadov Mi-17 vertolyotunu idarə edərkən...

Mi-17 çoxməqsədli vertolyotu xarici görkəminə görə Mi-8 nəqliyyat vertolyotuna oxşayır, fərq ancaq sükan pərinin vertolyotun quyruq hissəsinin sol tərəfində yerləşdirilməsindədir.  Daşıyıcı vintin pərləri şüşəplastikdən hazırlanıb, vertolyotun mühərriki daşıyıcı vintin dövlər sayını avtomatik tənzimləyir və mühərriklərin işi sinxronlaşdırılıb. Əgər mühərriklərdən biri sıradan çıxarsa digər mühərrik fövqəladə iş rejiminə keçir və vertolyotun uçuşunu davam etdirməsini təmin edir. Ən mürəkkəb hava şəraitində uça bildiyi üçün Rusiya ordusu bu vertolyotlardan Arktikadakı qüvvələrini dəstəkləmək üçün istifadə edir. O cümlədən Pentaqon Əfqanıstan ordusu üçün vaxtilə Mi-17 vertolyotlarını alarkən onların mürəkkəb dağlıq relyefdə uçmaq qabiliyyətini nəzərə almışdı.

Vertolyotun maksimal uçuş sürəti 250 km/saat-dır, kreyser sürəti saatda 230 kilometrə çatır. Praktiki uçuş yüksəkliyi 6 min metrə yaxındır. Xarici asqılarında 4 tona yaxın yük daşıyır, kabinədə də 4 ton faydalı yük daşıma qabiliyyətinə malikdir. Vertolyotun silahlanmasına idarəolunan və idarəolunmayan raketlər daxildir. İdarə olunan raketlərin sayı 8, İdarə olunmayan raketlərin sayı isə 80 ədəddir.

Vertolyotun  maksimal çəkisi 13 tondur. Mi-17-ni idarə etmək heç də asan olmadığı üçün, bu iş təcrübəli pilotlara həvalə olunur. Hazırda Mi-17 dünyanın 60-dan çox ölkəsində istifadə olunur.  Vertolyotun təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanıb.

Qəzaya uğrayan vertolyotun DSX-nin sərhəd qoşunlarının silahlanmasına təxminən 10 ay əvvəl daxil edildiyi bildirilir, bu yaxınlarda isə qarantiya şərtlərinə uyğun olaraq istehsalçı zavodun mütəxəssisləri vertolyota əsaslı texniki baxış həyata keçiriblər.

 

virtualaz.org

 

 

Xəbərlər