2450
Üzbəüz 20 Oktyabr 2021, 08:45

Bəlkə Paşinyan haqlı idi?

Müəllif: Eynulla Fətullayev

Ermənistanın baş naziri Nikol Paşinyanın MDB dövlət başçılarının son virtual sammitindəki çıxışının tonu xüsusilə yadda qaldı. Paşinyan münaqişədən sonrakı nizamlama mexanizmləri barədə maraqlı fikirlə çıxış etdi.  Ermənistanın hökumət başçısının fikrincə, Ermənistan-Azərbaycan nizamlanması dövlət başçılarının və beynəlxalq təşkilatların  sammitləri çərçivəsində yox, digər qarşılıqlı təmas və hətta hüquqi apellyasiyalar müstəvisində, məsələn, beynəlxalq məhkəmələrin böyük zallarında müzakirə olunmalıdır.  Paşinyan ali hüquqi münsiflərin roluna toxunarkən diqqətini Haaqada BMT-nin Beynəlxalq məhkəməsində Ermənistanın Azərbaycana qarşı davam edən məhkəmə prosesinə yönəldir. Məlumdur ki, məhkəmə dinləmələri Ermənistanın təşəbbüsü ilə baş tutub, ancaq Azərbaycan da qarşılıqlı iddia qaldıraraq Ermənistana münasibətdə təcili təminedici tədbirlərin görülməsini tələb edib.

Ancaq təkrarlayırıq, Haaqadakı məhkəmə prosesi və  münasibətlərin aydınlaşdırılması - burada hər iki tərəf bir-birini irqi ayrı-seçkilikdə ittiham edir - Ermənistanın günahı, daha doğrusu təşəbbüsü ilə başlayıb.

Paşinyan da birbaşa formatı seçir?

Ancaq “beynəlxalq hüququn imperativi dövrü”ndən qalma köhnə Haaqa meydançası Ermənistan və Azərbaycanın qızğın toqquşmalara çıxan  diplomat və hüquqşünaslarının yeganə görüş yeri deyil.  "Real politic" müstəvisində daha bir meydança var.  İkinci Qarabağ müharibəsinin taleyüklü günlərində Rusiya lideri Vladimir Putin “hərənin öz həqiqəti var” kəlməsini təkrarlamağı sevirdi, bununla da münaqişə tərəflərindən eyni dərəcədə uzaq dayandığını qəsdən və nümayişkaranə göstərməklə  Rusiyanın  gələcək sülh danışıqlarında əsas vasitəçi kimi münaqişədən sonrakı dövrdə oynayacağı müstəsna rolu qeyd edirdi. 

Bəli, Üçtərəfli sülh razılaşmasının imzalanmasından başlayıb Overçukun himayəsi altında üç baş nazir müavini formatında bitməklə Azərbaycan və Ermənistan delimitasiya və nəqliyyat dəhlizləri də daxil olmaqla yeni yanaşı yaşamaq modeli üzərində baş sındırır.

Şarl Mişelin bölgəyə əlamətdar səfərindən sonra iki ölkə üçün “Moskva meydançası”ndan başqa daha bir ümumi təmas nöqtəsi - Brüssel meydanı da yaranıb, Bakı və Yerevan Avropa komissarlarının vasitəçiliyi ilə məsləhətləşmələr üçün bir kanal da əldə edib.

"Moskva meydançası": taleyüklü qərarların qəbuluna hazırlıq gedir...

Ancaq tərəflər göz-gözə danışmağa üstünlük verəndə və bu, əsasən güc strukturlarının və xüsusi xidmətlərin xətti ilə baş verəndə Qarabağın özündə bəzən xoşagəlməz vəziyyətlər yaranır. Beləliklə, müharibədən sonrakı status-kvonun bir ili ərzində fəal kommunikasiyalar və məsləhətləşmələr üçün əlavə daha bir əhəmiyyətli kanal formalaşıb.

Nəhayət,  Yerevandan gələn ümidverici konstruktiv bəyanatlar və Bakının xoş məramı, xüsusən son günlər yumşalmış mövqeyi, habelə diplomatik mənbələrdən sızan müəyyən məxfi məlumatlar ümidverici nəticəyə yol açır:  tərəflər tezliklə Rubikonu keçə və əsas məsələnin - sərhədlərin delimitasiyası və demarkasiyasının həllində, habelə Böyük sülh razılaşmasının mətninin hazırlanmasında böyük irəliləyişə nail ola bilərlər.  Beləliklə, iki ölkənin hökumətləri danışıqlar prosesinin əlamətdar yekun mərhələsinə yaxınlaşırlar - yəni, Xarici işlər nazirləri və dövlət başçıları vasitəçilərin iştirakı olmadan birbaşa danışıqlara başlayacaqlar. Üstəlik, Paşinyan da, Əliyev də birbaşa dialoqa başlamağa hazır olduqlarını bildirib.  Minsk qrupu çərçivəsində 25 il davam etmiş müvəffəqiyyətsiz danışıqlarla bağlı təcrübə göstərir ki, vasitəçilər və marağı olan böyük dövlətlər tərəflər arasında etimadı möhkəmləndirməkdən daha çox Böyük Siyasi Razılaşmaya olan xəyali ümidləri sarsıda bilərlər.

Son vaxtlar həmsədr ölkələr (ilk növbədə, ABŞ və Fransa) Minsk qrupu çərçivəsində danışıqların formatını yenidən bərpa etmək üçün inadkar cəhdlər göstərirlər.  Bu qrupun bərpası təşəbbüsü Əliyev Administrasiyasının kabinetlərindən daha çox erməni elitasının ağlında və ürəyində özünə yer tapır.  Daha bir məntiqi sual yaranır  -  əgər mübahisəli məsələlər beynəlxalq arbitraj müstəvisində, Rusiyanın vasitəçilik missiyası ilə, Avropa İttifaqının vasitəsilə, nəhayət ölkələr arasında birbaşa danışıqlarda həll olunursa, danışıqlar üçün bu meydançanı bərpa etmək nəyə gərəkdir?  Minsk qrupu hansı köməyi göstərə bilər? O, sülh prosesini hansı üsullarla və yeni təşəbbüslərlə sürətləndirəcək?

Makron vasitəçi yox, Ermənistanın himayəçisidir. Seçim edilib...

Nizamlanma prosesinə yanaşması Yerevanın mövqeyindən fərqlənməyən Fransa hökuməti sülh danışıqlarına hansı töfhəni verə bilər? Yelisey sarayı müharibə başlanan andan Yerevana köçüb və ermənilərin Qarabağdakı işğalçı rejiminin mütləq qələbəsini təmin etmək cəhdlərində elə siyasi addımlar atıb ki, həmin addımları əvvəllər hətta Sarqsyan və Köçəryanın mürtəce hökumətləri rədd etmişdi. Bəli, söhbət separatçıların parlamentinin Rusiya sülhməramlılarının cavabdehlik zonasında tanınmasından gedir. Paris bir vasitəçi kimi öz ehtiyatlarını tükədib.

Üstəlik, Yelisey sarayının daxili siyasətdəki kolliziyaları və xarici siyasətdə, ilk növbədə Yaxın Şərqdə və fransızdilli Afrikada sistemli problemləri ona fikrini tam şəkildə Cənubi Qafqazda toplamağa və müharibədən sonrakı sülh modelinin yekun mərhələsinə fəal şəkildə qoşulmağa mane olur.  Hələ başı büsbütün daxili proseslərə - koronavirusla, inflyasiya ilə, postəfqan sindromu ilə mübarizəyə, İranla yeni qarşıdurmaya, nəhayət energetik keçidə ilk cəhdin acı meyvələrinə qarışmış Vaşinqtonu demirik…  Baydenin bütün administrasiyası qisasçı Trampın Konqresə aralıq seçkilər zamanı qələbə qazanacağından narahatdır. Vaşinqtonun fikirləri Cənubi Qafqazdan uzaqlardadır.  Daha yaxşı olar ki, İraqdan Həmasa qədər Yaxın Şərqdəki iğtişaşlarla məşğul olsunlar.  Və Əfqanıstandan “Vyetnam qaçışı” edəndən sonra Vaşinqton bölgədə hansı üzlə peyda olacaq? Ondansa yenidən böyük siyasətə dönən İŞİD və Əl-Qaidənin qorxunc partlayışları, habelə Yəməndə İran proksilərinin gözlənilməz fəallaşması fonunda Ön Asiyadakı qalalarının möhkəmləndirməyi düşünsünlər…

Həmsədr ölkələrdən yalnız münaqişənin ilk günündən qərəzsizliyini göstərmiş Rusiya yekun sülh nizamlanmasının hazırlanmasına bütünlüklə qoşula bilər.  Və bölgədə kövrək sülhün bərqərar olması da daha çox özünün qərəzsiz mövqeyinə və təqdim etdiyi “ədalətli sülh modeli”nə görə hər iki tərəfin etimadını qazanmış Vladimir Putinin qeyd-şərtsiz xidməti və uğurudur.

Minsk Qrupunun dəfn edilməsindən sonra yeni format yaranıb. Və bu konstruksiya yeni geosiyasətin reallıqlarına cavab verir

Özlərinin qızğın, həyasız və gizlədilməyən ermənipərəst mövqeləri ilə axsaq Minsk qrupunu dirçəldərək yeni prosesə qatmaq istəyən digər iki həmsədrin cəhdləri vəziyyəti yenidən gərginləşdirə, hələ tam qurulmamış konstruksiyanı dağıda və yekun sülh razılaşmasının imzalanmasına bəslənən ümidləri məhv edə bilər.

Cənubi Qafqazda dominant bölgə dövlətlərinin yeni ikiqütblü dünyasında keyfiyyətcə yeni təhlükəsizlik sisteminin formalaşması baş verib. Və Minsk qrupu özünün unudulmuş siyasi fəlsəfəsi ilə artıq dağılmış birqütblü sistemin hətta atavizmi də yox, parodiyasıdır.  Bu anaxronik institut bölgənin formalaşan yeni geosiyasətinə uyğun gəlmir.  Azərbaycan üçün Minsk qrupu - bölgənin sağlam bədənində sosial-siyasi apendiksdir.  Və Bakıda onu kəsib atmağın zəruriliyini çoxdan anlayıblar…

Xəbərlər