515
Üzbəüz 13 Sentyabr 2021, 19:24

İlqar Rəhimov: “Pullar Azərbaycanın Paralimpiada qəhrəmanlarının gözlərini qamaşdırmadı”

Söhbətləşdi: Eynulla Fətullayev, Elmir Əliyev

Paradoksaldır, paralimpiya yığmamızın Tokiodakı fenomenal uğuruna qədər bp və "Toyota” kimi xarici nəhənglər Azərbaycanda əlillərin idman həyatının inkişafına yerli sahibkarlıqdan daha çox əhəmiyyət verirdilər. Əlbəttə ki, əsas ağırlıq dövlətin və prezident İlham Əliyevin başçılıq etdiyi Milli Olimpiya Komitəsinin (MOK) üzərinə düşür. Ancaq ilk növbədə dünyanın aparıcı dövlətlərinin təcrübəsindən çıxış etsək, bu cür olmamalıdır. Və  Paralimpiya komitəsinin rəhbəri İlqar Rəhimov da bizimlə razılaşır. Bəlkə Tokiodakı zəfərdən sonra milli biznes öz uğurları ilə dünya idmanının ön cərgəsinə çıxan paralimpiya hərəkatının inkişafına olan münasibətinə yenidən baxacaq?

Uğurlar geridə qaldı. İrəlidə Paris Olimpiadasına hazırlıq var. Odur ki, İlqar Rəhimovla söhbətimizin ikinci hissəsinə problemlərdən başlayırıq..

Beləliklə, qonağımız Azərbaycan Paralimpiya komitəsinin prezidenti İlqar Rəhimovdur.

(Söhbətin birinci hissəsini buradan oxuya bilərsiniz)

- Maliyyələşmə ilə bağlı vəziyyət nə yerdədir?  Problemlər varmı, xüsusən də pandemiya dövründə?

- Maliyyə problemləri olmadan keçinmək olmur. Ancaq dövlətimiz uzun illərdir paralimpiya hərəkatına kömək edir, bunun sayəsində öz fəaliyyətimizi möhkəmləndirir və inkişaf etdiririk.  Hərəkatın əsas donorları Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Gənclər və İdman nazirliyidir. Sponsorlarımız da var. Onlar daimi tərəfdaşlarımız olan bp və “Toyota” şirkətləridir.  Onların maliyyə yardımının həcmi elə də böyük deyil, ancaq sədaqətli dostlardır.  Bizim atıcılarımıza “Unibank” böyük yardım göstərdi, Paralimpiadanın bütün iştirakçılarına isə Azərbaycan Beynəlxalq Bankı kömək etdi.

- Komitənin böyük planlarını, o cümlədən uşaq-yeniyetmə paralimpiya idmanının inkişafı ilə bağlı istəklərinizi nəzərə alaraq maliyyə bazanızı nəyin hesabına təkmilləşdirməyə hazırlaşırsınız?

- Çox istərdim ki, paralimpiya idmanı bizim iş adamlarımızın sosial məsuliyyəti sahəsinə düşsün.  Təəssüf ki, Tokioya qədər sahibkarlar bizə elə də həvəslə kömək etmirdilər.  Adlarını çəkdiyim şirkətlər istisna olmaqla. Ümid edirəm ki, Tokio zəfəri vəziyyəti necəsə dəyişəcək.

Yeri gəlmişkən, bir çox ölkələrdə xüsusi sektorun yardımı dövlətin yardımından çoxdur. Bizdə isə tərsinədir.  Şükürlər olsun ki, həm də MOK-in rəhbəri olan prezident İlham Əliyev paralimpiya hərəkatını daim dəstəkləyir. Onun hamiliyi sayəsində biz dövlət maliyyəsi alırıq.  Ancaq bu tam düzgün deyil - dövlətin çoxlu digər problemləri də var.  Hazırda azad edilmiş torpaqlar sürətlə bərpa olunur, infrastruktur layihələri milyonlarla sərmayə tələb edir.  Biz niyə dövlətin çiynində oturmalıyıq?  Heç kəs  xüsusi şirkətlərdən milyonlar istəmir, ancaq 15-20 sahibkarın hər biri müəyyən yardım göstərsə, toplamda normal maliyyə dayağı yaranacaq.

- Paralimpiya hərəkatına vəsaitlər cəlb etmək üçün marafonlar keçirirsizmi?

- 2019-cu ilin noyabrında Heydər Əliyev Fondu ilə birlikdə çox ciddi tədbir təşkil etdik  - Yenilməzlər tok-şousu.  Tanınmış motivatorlar dəvət olundu - həm yerli, həm də əcnəbi.  Zalda iş adamları da vardı. Bunun sahibkarların paralimpiya hərəkatının inkişafında sosial iştirakını artıracağına ümid edirdik.  Tədbiri hamı bəyəndi, ancaq təəssüf ki, marağın  artması müşahidə olunmur.  Sadəcə arzulayıram ki, nə vaxtsa ciddi sponsorlar peyda olsun və Milli Paralimpiya Komitəsinin maliyyələşməsini üzərlərinə götürsün.

Diqqət yetirin, Heydər Əliyev Fondu ilə yanaşı marafonun əsas sponsorları xarici kapitalın nümayəndələridir!

 

- Dövlət başçısı Paralimpiadanın mükafatçılarının təltif olunması ilə bağlı bu günlərdə sərəncam imzaladı. Bu, çox yaxşıdır, ancaq biz dəfələrlə şahidi olmuşuq ki, böyük pul mükafatları bəzi olimpiyaçılarımıza heç də müsbət şəkildə təsir göstərməyib.  Yəqin ki, paralimpiya idmanında bu cür problem yoxdur.  Yoxsa hər halda kimisə göydən yerə endirməyə ehtiyac olur?

- Belə halla rastlaşmamışam. Paralimpiyaçılarda başqa motivasiyadır, pul onların gözlərini qamaşdırmır. Onlar sübut etmək istəyirlər ki, bu cəmiyyətin tamhüquqlu üzvləridirlər, hamı kimidirlər.  Bəlkə də bu, onlar üçün digər stimullardan daha güclüdür.

Paralimpiadada Azərbaycana ilk medalı pauerlifter Pərvin Məmmədov qazandırdı

- Paralimpiyaçılar hansı vəsaitin hesabına yaşayırlar? Onlara maaşı kim ayırır?

- Hamısı idman cəmiyyətlərinin üzvüdür və idman cəmiyyətləri də onlara maaş ödəyir. Paralimpiya komitəsi isə ictimai təşkilat olduğundan idmançılara maaş vermir.

- Bugünkü söhbətimizdə dəfələrlə Vətən müharibəsindəki qələbəmizə müraciət etdik. Bilmək istərdik, müharibə veteranları paralimpiya hərəkatına cəlb olunurmu?

- Bu, hazırda bizim üçün əsas istiqamətlərdən biridir. Sağlamlıqları hesabına torpaqlarımızı azad edən insanlar cəmiyyətimizdə layiqli yer tutmalıdırlar.  Onların arasında idman vərdişləri olanlar da var.  Müharibədən dərhal sonra qazilərimizi komitəyə dəvət etdik, onları olimpiya və paralimpiya çempionları ilə görüşdürdük. Hələlik bizə kütləvi müraciətlər yoxdur. Veteranlar sağlamlıqlarını bərpa edirlər.  Ancaq fikrimcə, Parisdəki Paralimpiadada yığmamızın tərkibində müəyyən sayda veteran da olacaq.  Heç olmasa atıcılıq idman növündə.  Çox istəyirik ki, veteranlar həyatda yerlərini tapsınlar, həm də paralimpiya yığmamızı gücləndirsinlər. Paris olimpiadasına 3 il qalıb, onları yaxşı hazırlaşdıra bilərik. Onlar Azərbaycanın bayrağını azad olunmuş ərazilərdə yüksəldiblər, indi isə niyə də Paris meydanlarında yüksəltməsinlər?

- Yeri gəlmişkən, paralimpiya kəndində erməni  nümayəndə heyəti ilə anlaşılmazlıqlar yaşanmadı ki?

- Tokioda ermənilərin cəmisi bir idmançısı vardı - yüngül atlet. Bizim ermənilərlə anlaşılmazlığımız oldu, ancaq Yaponiyada yox, daha əvvəl. Bu barədə az adam bilir.  Müharibə vaxtı bizim Komitəmiz də ölkənin idman ictimaiyyətinin üzvü kimi Qarabağ münaqişəsinə dair həqiqətləri çatdırmaq üçün dünya ölkələrinə edilən müraciətə qoşuldu. Onu ölkəmizin 96 idman təşkilatı imzalamışdı. Ermənistan bizim komitəmizi məhkəməyə verdi.  Guya ki, biz beynəlxalq paralimpiya hərəkatının etik normalarını pozmuşuq.  Biz bacarıqlı vəkilləri cəlb etdik və ermənilərlə altı ay məhkəmə çəkişməmiz oldu.  Ermənilər arzulayırdı ki, biz hamının qarşısında üzr istəyək, əks halda bizim Paralimpiya oyunlarından kənarlaşdırılmamızı tələb edirdilər.  Biz beynəlxalq məhkəmədə onların yox,  özümüzün haqlı olduğunu sübut etməyi bacardıq.

- Rio-2016-nın paralimpiya çempionu, cüdoçu Ramil Qasımov və taekvondoçu Aynur Məmmədova koronavirus səbəbindən Tokioda çıxış edə bilmədi.  Onları yarışlardan kənarlaşdırdılar, cüdo üzrə komandanı isə hətta karantinə yolladılar.  Bu məhdudiyyətlər idmançılarımıza ciddi mane oldumu?

- Biz Paralimpiadadan əvvəl idmançılarımızı peyvənd etdirmədik. Məşqçilərdən ibarət qərargah peyvəndin idmançıların əhvalında mənfi təsir yaradacağının və nəticələri aşağı salacağının riskini nəzərə aldı.  Beləliklə, hansısa müddətə peyvənddən imtina etdik. Aynur Məmmədova Bakıdaykən xəstələndi və Tokioya uça bilmədi. Ramil Qasımov isə Tokioda yoluxdu və bu, bizim üçün ciddi problemlər yaratdı.  Onun xəstəliyinə görə 14 idmançımız karantinə alındı - onların otağı tərk etmək hüquqları yox idi.  Buna xüsusi adam nəzarət edirdi. Onları məşqlərə və yarışlara digər idmançılardan ayrı aparıb-gətirir, ümumi məşq zalına daxil olmaqlarına icazə verilmir və xüsusi otaqda yerləşdirirdilər.  Ancaq bütün bunlar cüdoçularımızı ruhdan salmadı.  Əksinə, bəlkə də yaxşı mənada hirsləndirdi.  Cüdoda 6 qızıl medal qazandıq!  Cüdo yarışlarını işıqlandıran ingilis şərhçi hətta zarafat edirdi ki, Azərbaycanın himnini əzbərləyib.  Ümumiyyətlə, paralimpiya kəndində bizim ölkə cüdo ilə assosiasiya edirdi.  Sanki cüdonun vətəni Yaponiya yox, Azərbaycandır!

- Azərbaycan Paralimpiadada ölkələrin ən yaxşı onluğuna daxil oldu. İlk onluğa layiq görülmüş paralimpiya hərəkatının inkişafını təmin etməyi bacaracağıqmı?

 - Biz ən güclülərin onluğunda Paralimpiya komitəsinin fəaliyyəti hesabına və idmançılarımızın sayəsindəyik. Bu, fantastik nəticədir!  Bizdən sonrakı ölkələrə baxın. Müsəlman dünyasında 1-ci, avropada 6-cı yeri tutduq.

Fiziki imkanları məhdud şəxslər üçün Bakı küçələrində gəzmək asan deyil...

 - Bəs fiziki imkanları məhdud şəxslərin məişət şəraitinin təmin olunmasına görə təxminən hansı yerdəyik?  Elə götürək Bakı küçələrini - əlillərə müstəqil hərəkət etmək çox çətindir. Dəqiqdir ki, bu sahədə dünyanın aparıcı ölkələrinin siyahısında deyilik.

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş nümayəndəsi kimi bilirəm ki, bu, bizim üçün böyük problemdir. Düzdür, son illər çox işlər görülüb, ancaq təəssüflə təsdiqləməliyik ki, bu istiqamətdə çox ləng hərəkət edirik. SSRİ-də məhdud fiziki imkanlı şəxslərə diqqət ayrılmırdı və keçmiş sovet respublikası kimi bizə də bu problem miras qalıb.  Sovet dövründə bizə xaricdən gələn qonaqlar küçələrimizdə əlillərin yoxluğuna təəccüblənirdilər. Səbəb isə onda idi ki, küçələr əlillərin hərəkəti üçün uyğunlaşdırılmayıb. Ancaq hazırda bir qədər başqa mənzərədir…

- Elə indi də şəhərdə əlilləri demək olar ki görmürük…

- Bəli, onlar azdırlar. Ancaq yaxşıdır ki, tikilən bəzi müasir obyektlərdə əlillərin maraqları nəzərə alınır.  Heyf ki, hamısında yox…  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəfələrlə bu məsələni qaldırıb, ancaq nədənsə hələ də həllini tapmır.  Hesab edirəm, tikinti ilə bağlı istənilən layihə fiziki məhdudiyyətli insanların hərəkətinə uyğun şərtlərin mövcudluğu ilə bağlı nazirliyin ekspertizasından keçməlidir.

- Siz uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmisiniz. Niyə oranı tərk etdiniz, axı Paralimpiya komitəsinin prezidenti vəzifəsi həmin idarənin sisteminə uyğundur?

- Həqiqətən də uzun müddət orada çalışmışam. 25 il ərzində nazir müavini, nazirin birinci müavini olmuşam. Heydər Əliyevin vaxtında 2,5 il müddətində nazir səlahiyyətlərini icra etmişəm. Qərara gəldim ki, başqa fəaliyyətlə məşğul olmağın vaxtı çatıb. Nazirlikdəki işə özümü bütünlüklə həsr etdim!  Necə deyərlər, ifrat doydum. Hazırda diqqətimi öz övladımda - Paralimpiya komitəsində cəmləmişəm. Onu mən yaratmışam və öz komandamla birlikdə inkişaf etdirirəm.  Bu mənə də, cəmiyyətə də faydalıdır.

- Yəni, bütün potensialınızı Paralimpiya komitəsindəki işə yönəltmisiniz.

- Bəli. Bir var dövlət işi ilə məşğul ola-ola həm də komitənin prezidenti olasan, bir də var birbaşa Paralimpiya komitəsinin sükanı arxasında dayanasan. 2018-ci ildə tamamilə komitədə işləməyə keçdim.

- Şübhə etmirəm ki, bu, Azərbaycan yığmasının Tokiodakı uğurlarının daha bir səbəbidir.

- Bəli, bu bizim prezidentimizin növbəti müdrik qərarı idi. O, mənə ciddi şəkildə komitə ilə məşğul olmağı və nəticələr əldə etməyi tapşırdı, mən də bu tapşırığı yerinə yetirməyə bütün qüvvəmi sərf etdim.  Ümid edirəm, uğurlu oldu (gülümsəyir).

 

 

Xəbərlər