4454
Üzbəüz 1 Avqust 2021, 14:40

Rusiya diplomatı Azərbaycan XİN-ə çağırıldı, Jirinovskiyə görə nota verildi

Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub. Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki,   görüş zamanı Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunda iyulun 30-da efirə gedən “İtoqi s Jirinovskim” proqramında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etiraz müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.

Görüşdə Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Həmin xoşagəlməz hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notası təqdim olunub.

Xəbərlər