289
Üzbəüz 22 İyul 2021, 18:19

Hadrut ətrafında tutulan ermənilərdən daha bir qrupuna hökm oxundu

Ötən ilin dekabrında Hadrut ətrafında tutulmuş erməni silahlı dəstəsindən daha bir qrupun işi üzrə məhkəmə prosesi tamamlanıb. Virtualaz.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə çıxarılan qrupa aşağıdakılar daxil idi:

-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur, Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Seryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç və Aqramanyan Martin Muşeğoviç.

Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib. Prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ağır ittihamların (terrorçuluq, qanunsuz silahlı birləşmə yaratmaq, silahlı hücumlar və s.) götürülməsini istəyib. Və onların Azərbaycan sərhədini qanunsuz keçmə və qanunsuz silah-sursat gəzdirmə maddələri ilə cəzalandırılması barədə vəsadət verib. Dövlət ittihamçısı daha sonra təqsirləndirilən şəxslərə bu ittihamlar üzrə cəza istəyib. O, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə dəstə üzvlərinin hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

 

Və təqsirlındirilən şəxslərin, cəza müddətləri bitdikdən sonra onların Azərbaycan hüdudlarından məcburi çıxarılmasını tələb edib. Təqsirləndirilən şəxslərin müdafiəçiləri  isə müvəkkillərinə bəraət verilməsini istəyiblər. Posesdə Haykaz Hovanesyanın vəkili T. Şükürov çıxış edərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib: "Bu adamların hər biri Ermənistan dövləti tərəfindən silahla təhciz ediliblər. Onlar özləri də ifadələrində deyiblər ki, hara aparıldıqlarını bilməyiblər. Ona görə də hesab edirəm ki, Hovanesyanın barəsində bərabərlik prinsipi əsasında cəza təyin edilsin. Biz hamıya bəyan etməliyik ki, azərbaycanlıyıq".

Vəkil Z.Səfərova da müdafiə etdiyi Varazdat Manukyana bəraət istəyib: "Silahını könüllü təhvil verib. Əməlində cinayət tərkibi yoxdur".

 David Stepanyanın vəkili çıxışında müdafiə etdiyi şəxsi əmrə tabe olduğunu və ona bəraət verilməsini məhkəmədən xahiş edib:"Silahlar onlara mütəşəkkil dəstə kimi deyil, hərbi qulluqçu kimi verilib. Hərbi komissarlıqdan çağırıblar və həmin əraziyə göndəriblər. Onlar həmin ərazinin Azərbaycan ərazisi olduğunu bilməyiblər".

Digər müdafiəçilər də eyni məzmunlu çıxış edərək, müdafiə etdikləri şəxlərə bəraət verilməsini məhkəmədən xahiş ediblər. Daha sonra təqsirləndirilən şəxslər məhkəmədə son söz deyiblər. Dəstə üzvləri heç bir cinayət törətmədiklərini, silahdan istifadə etmədiklərini, məhkəmədən onların barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.

"Xahiş edirik bizə qarşı mərhəmətli hökm çıxarasınız, bizi evimizə göndərəsiniz. Bizim günahımız yoxdur. Sizdən ədalətli hökm gözləyirik"- dəstə üzvləri son sözlərində belə deyiblər. Məhkəmə heyəti müşavirəyə yollanıb. Müşavirədən sonra hökm oxunub və qrup üzvlərinin hər birinə 6 il həbs cəzası verilib.

İnarə Rafiqqızı

Virtualaz.org

 

Xəbərlər