1808
Üzbəüz 21 İyul 2021, 10:34

“QAİ” rəisi bütün əməkdaşları ilə birgə həbs olundu

Rusiyada “QAİ” rəisi bütün əməkdaşları ilə birlikdə həbs olunub və onun dəbdəbəli malikanəsi, qızıl unitazı üzə çıxıb. Virtualaz.org xəbər verir ki, ötən gün iyulun 20-də Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn Stavrapol vilayəti üzrə Baş Yol Hərəkətinin Təhlükəsizliyi  Müfəttişliyi (keçmiş “QAİ”) idarəsinin rəisi, polkovnik Aleksey Safonovun və tabeçiliyindəki bir neçə əməkdaşın həbs olunduğunu açıqlayıb. Onların hamısı cinayətkar qruplaşma yaratmaqda, rüşvət almaqda şübhəli bilinir.

Xinşteyninin bildirdiynə görə, şübhəlilərin yaxalanması üçün xüsusi əməliyyat qurulub. Bu əməliyyatda Rusiya DİN-in daxili təhlükəsizlik xidməti Baş idarəsinin əməkdaşları, Şimali Qafqaz federal dairəsi üzrə Baş istintaq idarəsinin əməliyyatçıları və “Rosqvardiya”nın döyüşçüləri iştirak ediblər. Xüsusi əməliyyat zamanı Safonovla yanaşı onun başçılıq etdiyi idarənin demək olar ki, bütün əməkdaşları -35 nəfərdən çox polis saxlanılıb.

Rusiya telegram-kanallarında yayılan məlumatlarda deyilir ki, saxlanılan Aleksey Safonovun kifayət qədər zəngin adam olduğu üzə çıxıb. Belə ki, onun dəbdəbəli malikanəsinin fotolarını deputat Xinşteyn özünün telegram-kanalında yerləşdirib. Fotolara əsasən polkovnikin ikimərtəbəli malikanəsinin darvazası, sütunları qızıl suyuna çəkilib. O cümlədən evin içərisində dəbdəbəli mebellər, bahalı lüstrlər gözə dəyir. Evin tualetində qızılı unitaz qoyulub, vanna otağının qapısı da qızıl suyuna çəkilib, kranların da hamısı qızıl suyu ilə işlənib. Evin pilləkənləri mərmərdəndir, qapılar əllə işlənib.

Deputat Xinşteyn bildirib ki, İstintaq Komitəsi Safonovun və onun tabeçiliyindəkilərin barəsində mütəşəkkil cinayətkar qruplaşma yaratmaq maddəsi ilə cinayət işi qaldırıb. Habelə saxlanılanlar xüsusilə iri məbləğdə rüşvət almaqda şübhəli bilinir.

“Baza” telegram-kanalının bildirdiyinə görə, istintaq Safonovun qruplaşmasının 2017-ci ildən fəaliyyət göstərdiyini müəyyən edib. Qruplaşmanın aldığı rüşvətin dəqiq məbləği müəyyən deyil, amma burası məlumdur ki, Stavrapol vilayətində taxıl daşıyan yük maşınlarının yollardan maneəsiz keçməsinin təmin olunması üçün Safonovun əməkdaşları üst-üstə 20 milyon rubldan çox rüşvət toplayıblar.

Məlum olub ki, Stavrapol  vilayətinin “QAİ” əməkdaşları rəhbərliyin onları rüşvət almağa məcbur etdiyi haqda hələ 2017-ci ildə şikayət ediblər. İdarənin anonim əməkdaşı əmin il Prezident Administrasiyasına məktub göndərib. Polis əməkdaşı şikayətlənib ki, onları rüşvət almağa məcbur edirlər və pulları rəhbərliyə çatdırmağı tapşırırlar.

“Bizi hər gün konkret məbləğə işləməyə məcbur edirlər. Deyəndə ki, adamlar qaydanı pozmur, bildirirlər ki, deməli biz pis işləyirik. Bundan sonra bizi sutkanın 24 saatı ayaq üstə dayanmaq üçün postlara göndərirlər, rəhbərliyə pul gətirənlər isə şəhərin mərkəzində növbəyə çıxırlar”,-həmin əməkdaş yazmışdı.

Xəbər verdiyimiz kimi, ötən gün Rusiyada daha bir polis zabitinin  həbs edildiyi üzə çıxmışdı. Belə ki, Rusiya hüquq-mühafizə orqanları Voronej vilayəti üzrə Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyinin (keçmiş “QAİ”) keçmiş rəis müavini, polis podpolkovniki İqor Kaçkini həbs edib. Kaçkinin mülkiyyətində 22 mənzilin olduğu üzə çıxıb, mənzillərin ümumi dəyəri 50 milyon rubla yaxındır. Kaçkin Voronejdə iyulun 19-da saxlanılıb. Onun iqtisadi xarakterli cinayətlərdə şübhəli bilindiyi xəbər verilir.

Virtualaz.org

 

 

Xəbərlər