740
Üzbəüz 17 İyul 2021, 20:44

“Necə yəni peşəkar media? Axı media necə qeyri-peşəkar ola bilər?..”

Azərbaycanın üç tanınmış jurnalisti - “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mirşahin Ağayev, “Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev və “Qafqazinfo”nun rəhbəri Elbrus Ərud 22 iyul Milli Mətbuat Günü ərəfəsində ölkədə medianın durumu, KİV-in fəaliyyəti, mövcud olan problemlər və perspektivlər ətrafında polemika keçiriblər. Bu müzakirələr onlayn formada baş tutub. Həmin müzakirələrdə səsləndirilən fikirləri oxucuların diqqətinə çatdırırıq:

Elbrus Ərud:

Beləliklə, ölkədə bütün digər sahələrdə olduğu kimi, KİV sahəsində də dəyişikliklər, islahatlar aparılır. Yeni qurumlar yaradılır, özünü doğrultmayanlar ləğv edilir. Hətta bu sahədə qanun belə yenilənmə ərəfəsindədir. Artıq onlayn mediaya da dövlət maliyyəsi ayrılmağa başlayıb. Yəni tam bir dəyişik proses gedir. Əvvəlcə bu prosesi dəyərləndirək. Baş verənlər nə qədər keyfiyyət dəyişikliyinə səbəb olacaq?

Eynulla Fətullayev:

Qanunla bağlı vəziyyəti şərh etməyəcəm, çünki fransızlar demişkən, qanun kağızda yazılmır, həyatda gerçəkləşir. Medianın son 30 illik tarixi də buna dəlalət edir. Qanun – hakimiyyətin medianı necə görmək istəyinin təzahürüdür.

Bildiyiniz kimi, “möhtəşəm 10 il” dövründə, yəni şanlı neft epoxasında hakimiyyətin apardığı media siyasətini qəbul etməmişəm. Barışmışam, qatlaşmışam, lakin qəbul etməmişəm. Bunu Elbrus, sən də bilirsən, Mirşahin də bilir. Və hətta tənqid etmişəm. Həm haqqin.az-ın səhifələrində, həm də media siyasətinə cavabdeh olmuş məmurlarla görüşlərdə. Əli Həsənov ilə açıq görüşlərdə. Lakin tənqidlərimə cavab olaraq, Əli Həsənov həmişə bir iddia ilə çıxış edib. Sitat: “Mən bu siyasətin müəllifi deyiləm, icraçısıyam”. Yeri gəlmişkən, bu Əli Həsənovun məşhur kəlamıdır, cameə ilə görüşlərində tez-tez bu sitatdan istifadə edib. Amma son 6 ay ərzində mediada baş vermiş, mən deyərdim, inqilabi dəyişikliklər Əli Həsənovun bu təqdimatını darmadağın etdi. Media ilə bağlı mürtəce siyasətin müəllifi elə Əli Həsənovun özü idi.

Amma mən bütün məsuliyyətin Əli Həsənovun üzərinə salınmasının da tərəfdarı deyiləm. Başqa mürtəce qüvvələr də var idi. İndi də var. Amma liberal düşüncəli mütərəqqi qanad onları üstələyir.

Mən bir dəfə bu fikri yazmışam. Eldar Mahmudovun ictimai edamından sonra. Bir daha təkrar etmək istəyirəm. Eldar Mahmudovun kriminal düşüncəli məmur qruplaşması kənarlaşdıqdan sonra, həm cəmiyyət, həm də dövlət rahat nəfəs aldı. Tarixi paralel aparsaq, Eldar Mahmudovun ictimai edamını Beriyanın həbsi ilə müqayisə edə bilərdim. Amma Beriya edam olunduqdan sonra, aparatda Jdanov qalmışdı. Baxmayaraq ki, əsl Jdanov əsl Beriyadan öncə vəfat etmişdi.

Jdanov Əli Həsənov idi. Onun təsəvvüründə ən ideal mətbuat, təxminən Naxçıvanın “Şərq qapıları»”və ya elə yaratdığı “Kaspi” qəzeti formatında olmalı idi. Yazıq Əli Mərdan bəy Topçubaşov! Görün, onun irsi kimlərin əlinə düşdü. Bu əsl həqarət idi!

Əli Həsənovun konsepsiyası nədən ibarət idi? Yəni, qəzet var, jurnalist də var, amma oxucu və tamaşaçı yoxdur. Məhz bu siyasət nəticəsində, bütün oxucular sosial şəbəkələrə köç etdi. Dolayısı ilə, Əli Həsənov Azərbaycanda teleradio və qəzetoxuma ənənəsini, mədəniyyətini sildi, dolayısı ilə bütün oxucu kütləsini etirazçı, inqilabi əhval-ruhiyyəli sosial şəbəkələrin təsiri altına saldı. Haqqin.az saytı 2 dəfə Əli Həsənovun dövründə faktiki olaraq bağlanmışdı. Yalnız dövlət rəhbərinin dəstəyi və şəxsi müdaxiləsi nəticəsində biz yaşadıq!

Yəni, bütövlükdə mətbuat böyük bir Azərtaca çevrildi, mətbuat səhifələrində alternativ fikrə yer qalmadı. Alternativ fikir üçün yeganə məkan – günü-gündən ölkədə nüfuzunu və təsir gücünü artıran sosial şəbəkə oldu. Plüralizm və alternativ fikirə iddianın özü belə dövlətə və prezidentə xəyanət kateqoriyasına daxil edildi. Belə bir şəraitdə yaşamaq və fəaliyyət göstərmək – jurnalist üçün böyük mənəvi işgəncə idi, ilk növbədə hakimiyyətin özü üçün. Çünki hakimiyyət qondarma mətbuat vasitəsilə özü üçün illyuzor və alternativ dünya yaratmışdı. Reallıq isə qeyri-ənənəvi məkanda yer tapmışdı.

Əli Həsənov gedəndən sonra məlum oldu ki, elə bu mürtəce siyasətin müəllifi onun özü imiş. 2005-ci ildən sonra ilk dəfə rahat nəfəs alıram. Və jurnalistika ilə həvəslə, əzmlə, sevgi ilə məşğul oluram. Hakimiyyətin yeni islahatları jurnalistikanı dirçəltdi. Biz həyata qayıtdıq. Azərbaycanda jurnalistika məhvolma mərhələsinə çatmışdı. Yeni nəsil jurnalistikaya gəlmirdi. Çünki jurnalistika həbsxana, senzura, təqib, dəyənəklə eyniləşmişdi. Amma artıq buzlar əriməyə başladı. Görəcəksiz, getdikcə, Azərbaycanda düşüncə, fikir və plüralizm yenidən qəzet səhifələrinə qayıdacaq. Və bu da sosial şəbəkələri ancaq şəxsi duyğuların ifadəsi məkanına çevirəcək. Artıq mən çox nikbinəm. Həm də ona görə ki, medianı ziyalı, işıqlı, erudisiyalı, mütərəqqe insanlara etibar etdilər.

Mirşahin Ağayev:

...Məndən ötrü obyektiv olmaq o qədər də asan olmayacaq, hətta ola bilsin ki, heç mümkün də olmayacaq.  Çünki mən bu dəqiqə də telekanal rəhbəriyəm, özü də mövqeyi tam bəlli bir kanalın! Ona görə də hesab edəcəyəm ki, obyektiv yox, haqlı olmaq lazımdır: İndiki halda kimisi Eynulla kimi müqavimət yolunu seçdi, kimisi də mənim kimi bəzən manevrlərlə, amma daha çox birbaşa(!!!) dövləti bütün məqamlarda qeyd-şərtsiz müdafiə yolunu. Hə, Eynullanın da başı ağrıdı, hə, mənim də başım ağrıdı və bu gün də ağrıyır, amma şəxsən məndən ötrü bu, baş ucalığının ağrısıdır, yüksəkliyin təzyiq ağrısı deyil. Qəti əminəm ki, cameəmizin onda olduğu kimi elə indi də bir problemi var: özünü arxada gizlətmək, gözə girməmək, nəticədə də mövcud olduğu şəraitə özünü məhkum etmək! Bu gün mediamızın Dirilmə zamanıdır! Təbii ki, Nexlyudovsuz və Katyasız da olmayacaq. Amma Eynulladan fərqli olaraq, mən o fikirdə də deyiləm ki, sosial şəbəkələrə köç edənlər fərdə görə bu yolu seçdilər. Ona qalırsa, o köç bu gün, yəni medianın renosans dövründə daha geniş vüsət alıb. İfrat nəzakət və kübar rəftar dərhal zadəganlıq doğurmur. Sosial şəbəkələrə köçün səbəbi buranın populizm yeri, anlayış üçün daha bəsit platforma olmasıdır. Bizim rəqibimiz  zamandır! Ayaqlaşmalıyıq! Olacaq!? Məsələn, sürətin sürətinə uduzuruq. Biz sıradan guya ona görə çıxırıq ki, zəifik?? -Yox, əlbəttə! Biz sıradan ona görə çıxırıq və çıxmalıyıq ki, başqa sırada olmaq zərurəti var, başqa sıra var. Bu sırada tezliklə koordinatorlara, kuratorlara ehtiyac qalmayacaq! Janr olaraq köhnəlirik. Dəyişməliyik.

“Geriyə doğru irəli!” yox, “İrəliyə doğru irəli”!! Deviz, məncə, bu olmalıdır, yox!? Tutaq ki, hansısa Etibar Hüseynova da elə gələ bilər ki, o yenidir. Amma Paskal Blez nə deyirdi axsaqlar barədə? Yadınıza salın. Yəni uzun sözün qısası, medianın vəziyyəti Jurnalistlər Binasının pəncərəsindən göründüyü kimidir! Pəncərələrin çoxu dənizə baxır, amma dəniz görünmür...

Eynulla Fətullayev:

Neft quyuları və qurğuları görünür. Həm də mazut üfunəti duyulur... Əli Həsənova dönək. Mən o fikirdən uzağam ki, bu şəxs tarixi prosesə təkan verib və yaxud tarixi şəraiti formalaşdırıb. Qətiyyən! Dialektik inkişafa uyğun tarixi dövrlər dəyişir. Durğunluq idi, amma bu durğunluğun da öz Suslovu ola bilərdi. “Pravda” qəzeti ilə. Amma Əli Həsənov oldu “Şərq qapıları” ilə. Durğunluğun da müxtəlif formaları olur. Və heç kəs gələcəkdə durğunluğun yenidən zühr edəcəyini də inkar etmir. Hər şey islahatların uğurundan və geosiyasi şəraitdən asılıdır. Azərbaycan tarixi şəraitin formalaşdırılması üçün çox kiçik dövlətdir. Durğunluq yenə də dönə bilər, amma heç olmasa Suslov ilə dönsün, Həsənovla yox. Onda növbəti yenidənqurmaya qədər jurnalistika birtəhər yaşayıb qala bilər…

Mirşahin Ağayev:

Bu fikirlə tam razıyam. amma ən yaxşısı o olar ki, heç Suslov da olmasın! Çünki bu sözün də kökü ( Sus!) qorxuludur!

Eynulla Fətullayev:

Əlbəttə, Hikmət Hacıyev Suslovdan yaxşıdır. Bəs birdən restavrasiya baş versə? Doğrudur, nə yaxşı ki, SSRİ 1991-ci ildə dağıldı və ən gənc partokratın hazırda 83 yaşı var. Amma unutmayaq ki, 83 yaşlı partokratlar restavrasiyanın siyasi məktəbini formalaşdırdılar. Onun tələbələri hələ də hakimiyyətdədir.

Mirşahin Ağayev:

Yadındadırsa, biz səninlə qəfəs və quş pritçasını müzakirə etmişdik. Məncə quşun qəfəsə bağlılığını yadından çıxarmalıyıq. Məncə əsl Hikmət bundadır.

Eynulla Fətullayev:

Yaxşı söyləmişdin. Quşu qəfəsdən buraxıblar. Fəqət quş azadlıqdan qorxub qəfəsə dönmək istəyir. Gözəl alleqoriyadır. Sadəcə, onu da əlavə edim ki, aşağıda silahlı ovçular dayanıb. Ona görə də, quşa qəfəsdə daha rahatdır və təhlükəsizdir. Yəni, cəmiyyət özü restavrasiyanı tələb edə bilər. Axı, demokratiya - savadlı xalqın hakimiyyətidir.

Elbrus Ərud:

Bu fikri bir neçə dəfə demişəm. İndi yenə yadıma düşür. Əgər düşürsə, məntiqlə təkrar etməliyəm. Ölkədə medianın durumunu dəyərləndirmək üçün mütləq digər bütün sahələrə də göz gəzdirmək lazımdır. Yəni səhiyyəsi, təhsili, məhkəməsi, Milli Məclisi ilə birlikdə müzakirə olunmalı və bir yerdə baxılmalıdır. Hə, bu yerdən baxanda mətbuatın durumu hətta şükür etməli halda olacaq. Məsələ həm də cəmiyyətin ictimai şüuru ilə bağlıdır, axı. Cəmiyyət nədirsə, onun mediası da odur. Bu mənada vaxtı ilə "Əkinçi" də həmin dövrün milli və ictimai şüuru olaraq zühur etmişdi.

İndi də medianın durumunu təhlil etmək üçün ən azı son 20 ilin mənzərəsinə baxmaq lazımdır. Və bu mənzərədə Əli Həsənovun fırçasının qara rənglərini görməmək, əlbəttə, mümkün deyil. Sanki bir nəfər əyilib yerdən kömür götürüb və qarşısına çıxan hələ bitirilməmiş, yeni yaranan bir portreti həmin kömürlə qara rəngə boyayıb. Azərbaycan mətbuatı da 90-cı illərdə yenicə inkişaf dövrünə keçmişdi. Qəzetlərin yüksək tirajı vardı, ölkədə samballı jurnalist korpusu formalaşmışdı, dövlət senzuranı, hətta bu sahədə nazirliyi ləğv etmişdi, TV-lər müxalif fikirlərlə dolub-daşırdı. Bax o zaman məndən daha çox əvvəlki nəsil jurnalistikaya mənsub olan elə sizin hər ikiniz, az qala, bütün gənc jurnalistlərin kumirinə çevrilmişdiniz. Mirşahinin, Eynullanın və başqa onlarla iri və bütün mənalarda diri jurnalistin olduğu bir vaxtda ictimai-siyasi şöbə sanki bir QHT kimi ortaya çıxdı və  özü də icrası düz 20 il çəkən bir layihə ilə. Məsələni fərdiləşdirsək, bu QHT-nin rəhbəri Əli Həsənov oldu. O, bu layihəni daha uğurla icra edə bilərdimi? Əlbəttə, bəli! Azərbaycanda bəlkə axtarsaq, bütün parametrlərinə görə ikinci Vüqar Səfərli tapmaq mümkün olmaz. Amma Əli Həsənov tapdı və gətirib jurnalistikanın meyarını müyyənləşdirəcək bir posta oturtdu. İnanın ki, təkcə Vüqar Səfərli və onun başına toplaşan qara adamlara görə neçə-neçə həmkarımız əlindəki qələmi hətta lapatkaya  dəyişməyə razı olub, meydanı tərk elədilər. O vaxt həmkarlarımızdan biri mətbuatın durmunu analiz edərkən çox dəqiq şəkildə demişdi ki, Azərbaycan mətbuatı sifətdən Vüqar Səfərliyə oxşayır...

Bu mənada Əli Həsənovun qaralama kampaniyası düz 20 il davam etdi və axırda məntiqi olaraq, əlindəki qara kömür parçası ilə özünü də ləkələyib qaraya boyadı. Təsəvvür edin, prosesin başında bir Mətbuat Şurası da qaralamışdılar. Bu qurum nə qayə ilə yaradılmışdı? Guya mətbuatla dövlət arasında bağ yaradacaqdı. Ancaq az qala, 20 ildir Mətbuat Şurasının "Mingəçevir çıraqları" və “Oxlu kirpi" qəzetləri ilə necə əlləşdiyindən başqa heç nə görmürəm. Bu quruma da yarandığı gündən Vüqar Səfərli kimi qara rəngdə olmasa da, bəlkə də Azərbaycanın ən dişsiz adamını otuzdurublar.

Yeri gəlmişkən, Mətbuat Şurası da aparılan islahatların fonunda ləğv edilməli, jurnalistlərin canı bu mənasız qurumdan xilas olmalıdır.

Post Həsənov dövrünə nəzər salsaq, necədir bəs? Əlbəttə, əlinə bir yuyucu vasitə alıb bayaq dediyim rəngə boyanmış portreti təmizləməyə çalışsan, nə qədər uğurlu nəticə alınacağını söyləmək çətindir. Amma açıq şəkildə görünən, hiss edilə biləcək şəkildə dəyişikliklər var. Yenə də obrazlı desək, əvvəl təkqapıya oynayan və ancaq öz qapısında qol görən bir komanda var idisə, indi rahat şəkildə qapının iki olduğunu görə bilirik. Hücuma keçə, qol vura bilirikmi? Oyun yeni başladığından ən azı qiymət vermək üçün Mirşahinlə razıyam ki, zaman keçməlidir.

Ancaq meydan artıq var və bu meydanda necə görünmək bir az da bizim özümüzdən asılıdır. Qalib gəlmək istəyənə hakim mane ola bilməz.

Yəni mən də prosesə nikbin yanaşıram. Azərbaycan mətbuatının hazırkı durumuna aparılan islahatların fonunda da nəzər salsaq, deyə bilərik ki, KİVDF-nin ləğv olunması, onun yerində yeni bir qurumun, Medianın İnkişafı Agentliyinin yaradılmasının hansı nəticələrə gətirib çıxarmasını zaman göstərəcək.

Amma ən azından yeni yaradılan qurumun məramı, məqsədi onların işə necə yanaşması son bir il yarımda həyata keçirdikləri tədbirlərdən açıq şəkildə görünə bilər.

Uzağa getmədən Medianın İnkişafı Agentliyinin keçirdiyi son seminar, beynəlxalq səviyyəli mütəxəssislərin dəvət olunması, onların iştirakı ilə Türkiyənin media nümayəndələrinin o prosesə cəlb olunması və bu seminarların keçirilməsi özü bir yanaşmanın, mətbuata baxışın nümunəsidir. İndi tədbir ADA-da, əvvəl isə “Altun” restoranında keçirilirdi. Məncə, bu məkan fərqinin özü belə çox şeydən xəbər verir.  Bunu müsbət dəyərləndirmək lazımdır.

Yeni mərhələdə onlayn mediaya da dövlət dəstəyinin ayrılması, düzdür, bu pilot layihə kimi görünsə də, bu prosesə başlanılması özü yeni bir yanaşmanın göstəricisidir. Daha sonra əlavə olaraq yeni qanun layihəsinin hazırlanması situasiyanı dəyişə bilər. Eynulla bəy çox düzgün vurğuladı ki, qanun yalnız icra olunduğu zaman qiymətləndirilməlidir. Hələ biz baxacağıq ki, görək qanun necə olacaq. Biz istəyirik ki, hər ikimizin də qeyd etdiyi Əli Həsənov, Vüqar Səfərli yanaşması bir daha mətbuatda görünməsin, bir daha rastlaşmayaq. Mən də həmin mövqedəyəm ki, bir daha belə hallar olmayacaq. Yeni komandanın mətbuata yanaşmasına baxsaq, maraqlı müqayisələr aparıla bilər. Misal üçün, cəmi son 2 ildə Azərbaycan cəmiyyətinin, dövlətinin, mediasının necə bir ağır mərhələdən keçdiyi göz qabağında idi. Pandemiya, Vətən müharibəsi, neftin qiymətinin düşməsi fonunda yaranan maliyyə böhranları, çətinlikləri ciddi bir sınaq dövrü idi.

Müharibəni misal olaraq götürsək, mən düşünürəm ki, Azərbaycan mediası çox peşəkar davrandı. Əlbəttə ki, bu uzaq keçmiş deyil, biz bu prosesi cəmi 7-8 ay bundan əvvəl yaşamışıq. Müharibə dövründə xüsusi media mərkəzlərinin yaradılması, dövlətin hüquq-mühafizə orqanlarının, xüsusilə də Müdafiə Nazirliyinin mətbuatla ünsiyyətinin  inkişafının ən yüksək səviyyəyə çatdırılması bu cəbhədə də məğlub olmamağımıza şərait yaratdı.

 Mətbuat xidmətlərinin fəaliyyətini, düşünürəm ki, irəlidə qiymətləndirməyə imkanımız olacaq, amma tamamilə yeni bir fəlsəfə, yeni bir yanaşmanın şahidiyik. Yəni burada Hikmət Hacıyevin dövrü kimi qiymətləndirilən indiki zamana da fərqli yanaşanlara da rast gələcəyik.  Kimlərsə, tutaq ki, Etibar Hüseynov kimi adamlar həmişə olacaqlar, tapılacaqlar və ortalığa çıxıb öz etirazlarını bildirəcəklər. Əlbəttə ki, bu gün Etibar Hüseynovun daha çox rol almaq istədiyi “Kuklalar” verilişi yoxdur, çünki Lider Televiziyası yoxdur.

Eynulla Fətullayev:

Məncə, müharibə zamanı media öz vəzifəsini yerinə yetirmədi, daha doğrusu, yerinə yetirə bilmədi. Bu yaxınlarda məqalələrimin birində qeyd etdiyim fikri bir daha təkrar etmək istərdim - Azərbaycan jurnalistikası Azərbaycan Ordusunun ilk Qarabağ müharibəsindəki məğlubiyyətini lentə ala bildi. Amma İkinci Qarabağ müharibəsində qələbəmizi lentə ala bilmədik. Döyüşlərdən bir dənə olsun reportaj, korrespondensiya və ya müsahibə hazırlanmadı. Ali Baş Komandanın və Ordumuzun qələbəsini əks etdirəcək sənədli film üçün bir dənə kadr yoxdur. Mirşahin televiziya rəhbəri kimi, bunu təsdiq edə bilər. Müharibə zamanı jurnalistika öz missiyasını həyata keçirmiş olsaydı, görün Azərbaycanda neçə-neçə parlaq jurnalist yetişərdi. Bu həm də yeni jurnalistikanın intibahı üçün bir meydan idi. Mirşahinin özü Birinci Qarabağ müharibəsinin parlaq təzahürüdür, eləcə də onlarla digər jurnalist... Müharibə zamanı bizim fəaliyyətimiz kənar seyrçi, müşahidəçi, təhlilçi rolu ilə kifayətləndi. Bəlkə bu vəziyyət ona görə yarandı ki, o zaman mediada islahatlar başlamamışdı, jurnalistika hələ də Əli Həsənov-Vüqar Səfərli cütlüyünün "press-reliz" formatından çıxa bilməmişdi.

Elbrus Ərud:

Bu da haqlı yanaşmadı.

Eynulla Fətullayev:

Amma Elbrus bəyin bir fikri şəksizdir ki, media, ilk növbədə diplomat Hikmət Hacıyevin sayəsində “Altun” restoranının bataqlığından ADA-ya gəlib çıxa bildi. Halbuki, bizi Diplomatik Akademiyaya yox, Polis Akademiyasına da göndərə bilərdilər. Amma mətbuatla davranışda yeni mərhələ başlayıb - diplomatik mərhələ. Və mən buna çox sevinirəm.

Elbrus Ərud:

Bu aspektdən baxanda haqlısan. Mən 2016-cı ilin aprel müharibəsində saytların, az qala, İrəvana çatmağımızla bağlı xəbərlərini yada salmaq istəyirəm. Cəmi 4-5 il qabaq Vatsapda yayılan səs yazıları heç bir dəqiqləşmə aparılmadan xəbər kimi saytlara çıxırdı. Bir günün içində yüzlərlə kökü bilinməyən məlumatların şahidi olurduq. Son prosesdə isə koordinasiyanı gördük.

Eynulla Fətullayev:

O, doğru. Koordinasiya həm də sosial şəbəkələrdə hiss olunurdu. Və buna görə də xüsusi xidmət orqanlarına bir təşəkkür düşür.

Elbrus Ərud:

Amma sənin dediyin məsələ tamam başqa aspektdir və ciddi şəkildə bölüşürəm. Növbəti müharibədə, yəqin o üstünlüklərin də şahidi olacağıq.

Eynulla Fətullayev:

Bir həqiqəti dərk etmək lazımdır. Əlbəttə, reallığı nəzərə alaraq, düşünürəm ki, Azərbaycanda medianın Rusiya və Türkiyə modeli tətbiq edilə bilməz və edilməyəcək. Miqyas baxımından daha kiçik, kövrək, olduqca gənc bir dövlətdə yaşayırıq. Və gələcək haqqında düşünərək, mən Azərbaycan üçün iki model görürəm. Birincisi, Səudiyyə Ərəbistanı və Ərəb Əmirlikləri. Yəni, qısa zaman kəsiyində, təxminən 10-15 ildən sonra Sovetdən qalma nəsil aktiv ictimai həyatdan çəkildikdən sonra, jurnalistika daha da solacaq və qeyb olacaq. Bu ölkələr güclüdür, regional və hətta dünya siyasətinə təsir gücünə malikdir. Amma bu ölkələrdə mətbuat yoxdur, bu dövlətlərin siyasi sistemi plüralistik mətbuatın meydana çıxmasını tamamilə istisna edir.

Ancaq Qətər modeli və Əl-Cəzirə kimi parlaq layihə nümunəsi də var... Bir həqiqəti dərk etməliyik, plüralizm, azad düşüncə və alternativ baxış bucağı olmadan peşəkar mətbuat formalaşmayacaq. Bu mümkün deyil... Yaxın 10 il Azərbaycan mediası üçün taleyüklü dövr olacaq. Ya yaşayıb, qalıb, estafeti yeni nəslə ötürəcəyik, ya da ki sıradan çıxıb, özümüzə başqa sənət axtaracağıq... Həm də məncə, Azərbaycanda məmurlar bir həqiqəti dərk etməyib indiyə qədər - media qeyri-peşəkar ola bilməz. Son dövrlər yeni məfhum uydurublar - peşəkar media. Axı media necə qeyri-peşəkar ola bilər? Hansı oxucuya qeyri-peşəkar media lazımdır? Bizdə qeyri-peşəkar media ona görə yaşayırdı ki, seçimi azad bazar etmirdi, məmur edirdi. Seçilməyən və oxunmayan media bazardan çıxmalıdır. Vəssalam! Bu azad bazar iqtisadiyyatının aksiomudur!!! Qəribədir, hamı yaxşı həkim, yaxşı rəngsaz, yaxşı dülgər axtarır, amma jurnalistikaya çatanda məmur yaxşı oğlan axtarır. Bu absurddur! Yanaşma kökündən səhv olub. Media liberal iqtisadiyyatın formasiyanın nailiyyəti olduğundan, bazara bağlıdır və medianı da vətəndaş seçir. Bax bu 4-cü hakimiyyətin fəlsəfəsidir.

Elbrus tez-tez komanda məfhumunu işlədir, amma məncə, söhbət fərdlərin şəxsi keyfiyyətlərindən getmir, prinsiplərdən gedir. Əli Həsənovun özü 1995-2007-ci illərdə olduqca demokratik düşüncəli və tolerant məmur idi. ANS-də mənim studiyamda qonaq olardı, tez-tez canlı yayımda onunla siyasi mükalimələr aparardıq. Və Əli Həsənovun ağlına belə gəlməzdi ki, Eynullanı azad fikrinə görə cəzalandırmaq lazımdır. Mən də qorxmurdum, çünki bilirdim ki, Əli Həsənov məni sərbəst düşüncəyə görə cəzalandırmaz. Sonra isə proseslər tam fərqli istiqamətə getdi. Yəni, bilmək olmaz, bəlkə də yeni prinsiplərlə Əli Həsənov da bizi qane edərdi?

Mirşahin Ağayev:

Məncə, II Qarabağ müharibəsində jurnalistikamız dövrün və prosesin əmri, komandası altında çalışdı. Birinci Qarabağ davasından kadrlarımız var, bəli, amma  Qarabağ özü yox idi. İkinci müharibədə isə kadrlarımız yoxdu, əvəzində Qarabağımız var. Mən qəti əminəm ki, mediamız müharibəyə 90-cı illərin stringer-həvəskar yanaşması ilə girərdisə, böyük fəsadlar baş verərdi, hətta yerli sakinlər arasında çaxnaşmaya səbəb ola biləcək hallarla rastlaşardıq. Sosial şəbəkələrin tərbiyəsiz, intizamsız məxluqlarının yaya biləcəyi “İsti!!” kadrları kim nəzarətdə saxlayacaqdı. Naftalanda həlak olmuş ailənin üzvlərinin tükürpədici kadrları əks-effekt verməzdimi!?!!! Əlbəttə verərdi! Ermənilərin dinc yaşayış məntəqələrini atəşə tutması da əslində Böyük Köç ehtimalına hesablanmışdı. Xatırlayırsınızsa, Paşinyanın hərbi məsələlər üzrə müşaviri Gəncə və başqa rayonların raket atəşinə tutulmasını məhz belə bir məqsədlə əsaslandırmışdı:

“Biz atəş açırıq ki, camaat o əraziləri tərk etsin”!

Bizim Birinci Qarabağ müharibəsindən şüuraltında saxladığımız “cəbhədən tez-tələsik xəbər!” formatı indi artıq köhnəlmiş, möhlətini bitirmiş nəzər-nöqtəsidir, məncə. Məsələn, Gəncəyə atılan raket nəticəsində yaralanan qadının erməni olub-olmadığını araşdırmaq kimi düşük bir təşəbbüs o günlər Ermənistana əla pas oldu, baxmayaraq ki, Prezident İlham Əliyev dünyaya müraciətlərində Paşinyan rejiminin terrorçu mahiyyətini ifşa etmək üçün ona verilmiş bu məlumatdan yerində istifadə etmişdi! Bir dəki, biz əgər 21-ci əsrin müharibəsini apardığımızı bəyan ediriksə, bəlkə elə bu müharibənin bir xüsusiyyəti də medianın, operatorların az cəlb olunması, döyüşün operator kamerası üçün yox,  Nəticə-Qələbə üçün aparılmasıdır!?!! Bu baxımdan mən döyüş hərəkətlərinin həm Birinci, həm də İkinci Qarabağ müharibəsində lentə alınmasının şahidi və tərəfi olduğum üçün daha realist və haqlı olduğumu düşünürəm! Sosial şəbəkələr var bu gün. Burda o qədər mediya damcısı danqıldayır ki(. Ya yersiz səs salır, ya da deşik açır. Sossetin əksər hallarda ziyankar təsiri də nəzərə alınmalıdır. Qarabağın kadrına baxma, get Qarabağın özünə bax!) ( Hə, arxiv üçün? Onda icazə verin soruşum: hanı qaragüruh başıpozuqlarının “tarixçəsi”?

 Biz o tarixin kadrlarını gələcək nəsillərə niyə təqdim edə bilmirik? Ona görə ki, həmin kadrları nümayişə heç də hamı çıxarmır. Bu kadrları hansısa  inhisarçılar qənimət kimi qoruyub saxlayır! 100 faiz əminəm ki, bizim müharibədə MƏHZ bu!! şəkildə işləməyimiz daha faydalı oldu! Əgər medianın məğlubiyyətidirsə bu, olsun! Mən Ordumuzun qələbəsi naminə bu məğlubiyyətlə barışıram!

Müzakirənin davamı olacaq...

P.S. Polemikanı qafqazinfo.az saytı qələmə alıb.

Xəbərlər