2704
Üzbəüz 25 İyun 2021, 07:44

Təhsil naziri Eynulla Fətullayevdən soruşdu: “Azərbaycanda nə qədər varlı adam var?

 Müsahibəni apardı: Eynulla Fətullayev

Ümumtəhsil sisteminin sosial dəyərlərin devalvasiyasını və elmi-texniki geriləməni şərtləndirən  “mərdanovşina” kimi sosial bəla ilə sürətləndirilmiş çöküşü informasiya texnologyalarının inkişafı əsrində təhsilin problemlərini kəskinləşdirdi. Azərbaycanda təhsil ənənəvi translyasiya modelini itirdi, yeni təhsil modelinin axtarışı ətrafında diskussiyaların aktuallığını şərtləndirdi. Sovet məktəbi çökdü, onun yerində isə vəhşi alaq otları bitdi. Ötən əsrin əvvəllərində olduğu kimi, proqressiv Azərbaycan ziyalıları həyəcan təbili çalır, hakimiyyətin diqqətini artıq təhsilin problemlərinə deyil, daha dərinə-xalq maarifçiliyinə yönəltməyə çalışırlar. Belə çağırışlar səslənir: bəlkə ümumorta təhsil sisteminin gerilədiyi bir vaxtda pullu təhsil müəssisələrinə üstünlük verilsin? Bəlkə “Tağıyev gimnaziyalarını”, “Qazax seminariyalarını”, “Romanov litseylərini” yenidən yaratmaq lazımdır? Bəli, neft bumu birinci neft bumunda olduğu kimi neft sənayeçilərini-mesenatları meydana çıxarmadı. Yeri gəlmişkən, bizdə Neft Fondu var. Və Qarabağın qaytarılmasından sonra Neft Fondunun  regionun ən güclü və döyüş qabiliyyətli ordusunu qurmağa imkan vermiş resursları  bundan heç də az qiymətli olmayan, İlham Əliyevin sözləri ilə desək, insan kapitalının formalaşdırılmasına yönəldilə bilər. Üstəlik Azərbaycan məktəbi daha bir problemlə üzləşib-peşəkar fəaliyyətin böhranı və pedaqoqların ixtisaslaşması. Bəlkə ola bilsin, ötən əsrin əvvəllərində olduğu kimi, inkişaf etmiş ölkələrdən təhsil sahəsində ən yaxşı müəllimlər və mütəxəssislər dəvət etmək lazımdır? 1919-cu ildə Bakı Dövlət Universtetini təsis edən qurucu-atalar aşkar etdilər ki, Azərbaycanda layiqli universitet qurmaq üçün mütəxəssislər yox imiş. Və professor Razumovskini dəvət etilər. Ola bilsin bizə “yeni razumovskilər” dəvət etmək lazımdır? Hər halda, qısa zaman ərzində biz maariflənmiş təbəqə yarada bilərdik. Orada isə Əmrullayevin islahatlarından sonra məktəb də dirçələr!

İstər belə, istər elə, lakin Azərbaycan məktəbinin dirçəldilməsi İlham Əliyevin yeni hökuməti üçün Qarabağın qaytarılmasından heç də az əhəmiyyət daşımayan strateji problemdir.

Təhsil naziri Emin Əmrullayevlə söhbətdə biz ağrılı məsələyə -ümumtəhsil sistemində böhrana toxunduq. Nazir söhbətin ikinci hissəsini təqdim edirik: (müsahibənin birinci hissəsi bu keçiddə)

Emin Əmrullayev

-Amma fundamental elmlər bizim təhsilin axilles dabandır. Müşahidələrim göstərir ki, Azərbaycanda xüsusən təbiət elmlərinin, dəqiq elmlərin tədrisi ölüb gedir.

-Başa düşün, Təhsil Nazirliyinin mütəxəssisləri təhsil sahəsində problemləri dərk edən və adekvat qiymətləndirən adamlardır. Hərdən cəmiyyətdə yalançı və yanlış mühakimələr dolaşır ki, nazirlikdə guya problemləri dərk etmirlər və başa düşmürlər. Mən nazir kimi bu problemləri başa düşürəm. Problemlərin bir hissəsi fundamental xarakter daşıyır. Lakin həllini tapan problemlər də var. Problemlərin anlaşılması və qiymətləndirilməsi bir problemdir, onları həll etmək gücündə olmaq başqa. Axı maneçilik törədən bir çox amillər var-resurslar, zaman, dövr, gözləntilər...İctimai reaksiya amili də var. Cəmiyyət nə istəyir? Cəmiyyətin özünün gözləntiləri nədir? Mən problemin qavranılmasının aşağıdakı ardıcıllığını sadalayardım: 1) necə olmalıdır, 2) cəmiyyətin istəyi nədir, 3) bugünkü reallıq.

Sonuncudan başlayaq-bugünkü reallıq nədir? Araşdırmalarımız göstərir ki, bizdə təhsil sahəsində fundamental problemlər mövcuddur. Lakin bu gün dünənkindən heç də pis deyil. Bəli, biz inkişaf edirik. Lakin olduqca mühüm narahatlıq da var-və bu inkişaf tempimizin dünyanın inkişaf tempi ilə nə dərəcədə mütənasib olmasıdır.

Hərçənd digər tərəfdən, məhz son 20 ildə formalaşmış nəsil Qarabağı azad etdi və ərazi bütövlüyümüzü təmin elədi. Bu da Azərbaycan məktəbinin vətənpərvərlik uğurudur, uğurlu ideoloji işin aparılmasını sübut edir. Biz bütün məsuliyyəti təkcə məktəbin üzərinə atmalı deyilik, problemlərə məcmu halda baxmaq lazımdır, axı təhsil alanın ailəsi də cəmiyyətin bir hissəsi kimi bu məsuliyyəti bölüşür. Təkcə məktəb deyil, eləcə də valideyinlər bir çox hallarda diplom əldə etməyin asan yolunu axtarırlar. Hərçənd onlar öz uşaqları üçün bilik tələb etməlidir.

Bəli, mən etiraf edirəm ki, bizdə fundamental elmlərlə bağlı problemlər var...

-Jurnalistlərlə söhbətinizdə dediniz ki, məktəblərdə kimya fənninin tədrisi ilə bağlı problemlər yaşayırsınız...

-Mən rus sektorunda kimya müəllimlərinin çatışmadığını demişəm.

-Bəs Azərbaycan sektorunda ixtisaslaşmış kimya müəllimləri yetərincədirmi?

-Bizim fundamental elmlər sahəsində başlıca metodoloji problemimiz köhnəlmiş dərs vəsaitləri ilə bağlıdır. Onlar həddən artıq nəzəri xarakter daşıyır və tətbiqi araşdırmalara yer vermir. Mən bu gün sizə Təhsil Problemləri İnstitutunda tətbiqi araşdırmaları nümayiş etdirdim. Və biz bunu məktəb otaqlarına keçirmək istəyirik. Lakin başa düşün ki, məktəblərdə Azərbaycan müəllimləri oturublar və onlar özlərini rahat hiss etməlidir. Məktəb müəllimi sinfə əminliklə daxil olmalıdır, öz gücünə və biliyinə inanmalıdır. Tutaq ki, əgər müəllim kvadrat tənliklərin həllində özünü arxayın hiss edirsə o, şagirdlərlə həmin tənliklərin həllinə daha çox yer ayıracaq, nəinki həndəsi silsilənin analizinin. Və o, həndəsədən yayınacaq.

Beynəlxalq qiymətləndirmələrə və araşdırmalara əsaslanaraq əminliklə deyə bilərəm ki, bizim məktəblərimizdə riyaziyyat fənninin tədrisi ilə bağlı vəziyyət kifayət qədər qaneedicidir. Riyaziyyatla bağlı bizdə az problem var, nəinki təbiət elmləri ilə bağlı. Mən problemlərin əsasına daha dərindən varmaq istəmirəm, amma hər halda bu sahədəki başlıca problemlərimizi qeyd edirəm.

Jurnalistin açıq sualları naziri də açıq söhbətə keçməyə sövq etdi...

Birincisi, mən artıq qeyd etdim ki, bizdə köhnəlmiş tədris vəsaitləri ilə bağlı problemlər var. İkincisi, pedaqoji tərkibin ixtisaslaşması problemidir. Məsələn, məktəblərimizdə elə tematik məsələlərə toxunulur ki, onlar pəncərənin o tərəfində-Xəzərdəki neft qurğularında baş verən indiki texnoloji proqresə cavab vermir. Yəni 1970-ci illərin tematik proqramlarından söhbət gedir. Problem bundan ibarətdir ki, biz dəyişmək və inkişaf etmək istəmirik. Nə etməli? Fikrimcə, biz təhsilin keyfiyyətinə nəzarət mexanizmini, yəni qiymətləndirməni dəyişdirə bilsək irəliləyiş əldə edə bilərik. Yaddan çıxarmaq lazım deyil ki, qiymətləndirmə üçün sualları da bizim müəllimlər tərtib edirlər. Olduqca ehtiyatlı və ağrısız keçid lazımdır. Təhsil Nazirliyi pilot layihə hazırlayıb. Biz qiymətləndirmə sistemini dəyişməyə başladıq. Və beynəlxalq olimpiadaların qalibləri öz ixtisasları üzrə ali məktəblərə daxil olurlar.

-Düzünü desəm, jurnalistlər qarşısında son çıxışınızdan sonra şəxsən məni əmin etdiniz ki, son 8 ildə bizim təhsil sistemində müəyyən irəliləyişlər var. Və bunun bariz nümunəsi hər il məktəblilərimizin beynəlxalq olimpiadalarda qazandığı çoxsaylı qələbələrdir. 2000-ci illərin əvvəllərində biz bu haqda heç xəyal da edə bilməzdik...

-Təhsil sahəsində uğurların göstəricisi təkcə olimpiadalarda qazanılan uğurlarla ölçülmür. Struktur dəyişiklikləri getdi və ən başlıcası sistemli islahatlar aparıldı! Təhsil Nazirliyinin mütəxəssislərinin ekspert mövqeləri, ola bilsin, cəmiyyətin emosional qavraması ilə üst-üstə düşmür. Bizdən kim haqlıdır-böyük sualdır! Təhsil sistemimizin başlıca nailiyyəti məktəbəqədər təhsildə irəliləyişdir. 5 yaşına qədər azərbaycanlı uşaqların 90 faizi məktəbə hazırlıq siniflərində təhsil almağa başlayıb.

Lakin biz bununla kifayətlənmirik. Uşaqlar 2-3 yaşından oxumalıdır. Nə qədər tez olsa o qədər yaxşıdır. Problem bundadır ki, uşaqlarımız oxumağa gec başlayırlar. Bu vaxta qədər valideyinlər səhvən hesab edirdilər ki, uşaqları məktəbə hazırlıq siniflərinə göndərməklə ona əziyyət vermiş olurlar. Uşaq 3 yaşında hərfləri öyrənməlidir. Bütün dünyada bu belədir. Bizim uşaqlarımız gələcəkdə əmək bazarında ingilisdilli, vyetnamdilli, almandilli uşaqlarla sərt rəqabətə girəcəklər. Ona görə də bu, bizim böyük nailiyyətimizdir, irəliyə doğru mühüm addım atmışıq.

İkinci nailiyyət bütün təhsil sisteminin Microsoft teams platformasına tam keçididir, bunun sayəsində pandemiya dövründə onlayn-təhsili qismən ağrısız təşkil etmək mümkün oldu.

Və üçüncü uğur-toxunduğunuz problemlərin meritokratiya formalaşdırmaq üçün zəmin hazırlamaq yolu ilə həllidir. Biz orta məktəb sistemi yaratmağa başladıq-liseylər və gimnaziyalar. Belə məktəblərin sayını artıracağıq. İnanın ki, bu ixtisaslaşmış təhsil müəssisələrində təhsilin səviyyəsi dünyanın inkişaf etmiş ölkələrinin məktəblərindən geri qalmır.

-Nə qədər belə məktəb yaradılıb?

-Statistika hər il dəyişir. Lakin bu gün 30 belə məktəb fəaliyyət göstərir. Bu litseylərdə oxuyanların riyazi bilikləri alman, Koreya məktəblilərinin hazırlıq səviyyəsindən geri qalmır.

-Bu litseylərdə oxuyan şagirdlər arasından ən istedadlıları və qabiliyyətliləri seçilirmi?

-Bəli, bu belədir. Bunlar fizika-riyaziyyat təmayüllü, kimya-biologiya təmayüllü litseylərdir, Zərifə Əliyeva adına litseylərdir və s.

-Bəs humanitar litseylər də var?

-Bəli, var. Məsələn, S.C.Pişəvəri adına litseyin məzunu bu il prestijli Qərb universitetlərindən birinə daxil oldu. Bəli, belələri hələlik azdır, barmaqla sayılan qədərdir. Lakin proses gedir. Axı əvvəl bizdə heç bunlar da yox idi, məsələ bax bundadır. Əvvəllər olimpiadalarda ancaq pullu orta məktəblərin şagirdləri qalib gələrdilər. İndi isə ümumorta məktəblərin şagirdləri də bu olimpiadalara qatılır, qalib gəlir.

Məsələn, hər il 1500-2000-ə yaxın şagird fizika-riyaziyyat litseylərinə daxil olmağa çalışır, amma müsabiqədən cəmi 150-200 şagird keçir. Bizim strategiyamız belə məktəblərin sayının artırılmasına yönəlib. Olimpiadalarda 30 minə yaxın şagird iştirak edir. Bu, çox yaxşı göstəricidir. Doğrudur, onlardan 240-480 nəfəri yerlər tutur. Lakin riyaziyyat üzrə qəbul imtahanlarında orta bal 690-dır. Bu, çox yüksək göstəricidir. Bu uşaqlar dünyanın bütün aparıcı ali məktəblərinə daxil olurlar.

Daha bir müsbət yenilik-Azərbaycanda IB, Kembric proqramı kimi təhsil proqramları tətbiq edilir, hansı ki, bu proqramlar abituriyentlərin dünyanın ən yaxşı ali məktəblərinə daxil olması üçün hazırlıq keçmələrini təmin edir. Bəli, bu proqramlar özəl və kommersiya məktəblərində tətbiq edilir, amma hər halda bizim təhsil sistemimizin bir hissəsidir. Nəyə görəsə Azərbaycanda belə hesab edirlər ki, Təhsil Nazirliyi özəl məktəbləri kurasiya etmir.  Biz bu sahədə də təhsilin nizamlanması ilə sıx məşğuluq, təhsilin keyfiyyəti üzərində nəzarət həyata keçiririk.

İndi, icazə versəniz, sizə bir sual verərdim: Azərbaycanda nə qədər varlı adam var? Sualımı dəqiqləşdirirəm-vətəndaşların neçə faizi illik gəlirlərindən “döşəyin altına” 5 min manat (3 min dollara yaxın) qoya bilər?

 Bu suala cavab vermək mənim üçün çətindir, çünki məmurların gəlir bəyannaməsi haqqında qanun Azərbaycanda 14 ilə yaxındır ki, işləmir (gülürəm- E. F.).

- (o da gülür)... Yaxşı, təxminən?

- Əgər təxmini deyirsinizsə, onda əhalinin ən azı 10% - i.

- 10 faiz, razıyam. Bu insanların ən azı bahalı xarici maşınları var, düzdür? Mən özüm üçün mini-tədqiqat aparıram. Mən nazirlikdən və ya evdən harasa, deyək ki, A nöqtəsindən B nöqtəsinə piyada gedəndə, qarşıma çıxan və dəyəri 20 min manatdan yuxarı olan avtomobilləri sayıram. Saysız bahalı avtomobillər və deməli, varlı insanlar, hansı ki, pullarını öz övladlarının təhsilinə sərf edə bilərlər. Amma sərf etmirlər!!!

- İcazə verin, bu məsələdə Sizinlə razılaşmayım. Paytaxtımızın küçələrində bahalı xarici avtomobillərin sayı həmişə mənim təxəyyülümü heyrətə gətirib. Həyatın və dramatik finallarının göstərdiyi kimi, onlar sırf "kredit oliqarxları"olublar. Burada biz həyatlarını Beynəlxalq Bank və başqa banklararası subsidiyalarda yandıranlar üçün hətta, xüsusi  termin icad etdik. Xarici maşınlara gəldikdə isə, mənə elə gəlir ki, bu halda azərbaycanlılarda türk köçərisinin genetik kodu qalib gəlib. Azərbaycanda avtomobillər hərəkət vasitəsi yox, şərəf məsələsi və dəbdəbə əlamətidir. Mən bir çox insanlar tanıyıram ki, əlinə ilk pul düşdüyündə özünə mənzil yox, dəbdəbəli avtomobil alır, sonra da yol qıraqlarında elə həmin avtomobilə tökmək üçün benzin pulu axtarmağa davam edir. Gözəl at müvəffəqiyyətin bir əlamətidir... kirayə mənzillərdə yaşamağa davam edirlər, lakin lüks avtomobil üçün benzinə pul axtarmağa gedirlər. Siz isə deyirsiniz-təhsil! Mənə elə gəlir ki, bu fenomen sosial psixologiya mütəxəssisləri tərəfindən araşdırılmalıdır…

– Sizə daha bir sual verəcəyəm-necə bilirsiniz, təhsil sistemində özəl və dövlət məktəblərinin nisbəti necədir?

- Yəqin ki, 0.1%.

– Siz bir az pessimistsiniz-0.6%. Bu kədərli rəqəmlərin nə olduğunu bilirsinizmi? Hətta varlı insanlar da öz uşaqlarının təhsilinə pul xərcləmək istəmirlər. Bu, bütövlükdə cəmiyyətin təhsilə olan münasibətini göstərir.

- Çünki artıq cəmiyyətimizin əsas problemi təhsil problemi deyil, maarifçilikdir. Qəti ifadələrdən qorxmuram: biz cahil bir cəmiyyətdə yaşayırıq!..

- Beləliklə, təhsildə problemlər yalnız Təhsil Nazirliyinin çiyinlərində deyil. Bu həm vətəndaşların məsuliyyəti məsələsi, həm də sizin məsuliyyətinizdir. Mən isə, sadəcə, tənzimləyiciyəm. Məktəb direktoru, müəllim kimi. Biz hamımız tənzimləyici funksiyalarını yerinə yetiririk. Ancaq valideynlərin üzərinə böyük məsuliyyət düşür.

- Görünür, bu, sosial mədəniyyət problemidir... lakin mən sizin diqqətinizi həm də peşə təhsili probleminə yönəltmək istəyirəm. Sovet texniki məktəb sistemindən miras qalan peşə məktəbləri kollec və texnikumlara çevrildi. Amma orada da hər şey pisdir. Nəticə göz qabağındadır-Azərbaycanda ixtisaslı elektrik, qaynaqçı, santexnik tapmaq böyük problemdir... Nə etməli?

-Bu da çox mühüm məsələdir. Ümumiyyətlə, Azərbaycan öz inkişaf modelinə görə unikal ölkədir. Hələ 1992-ci ildə, müstəqilliyin bərpasından sonra ölkəmizdə sabitlik yox idi, sosial çaxnaşmalar hökm sürürdü, iqtisadiyyat zəif, əhali yoxsul idi, böyük siyasi problemlər yaşanırdı. Bu gün isə dünyanın aparıcı institutları konsolidə olunmuş qiymətləndirmə ilə çıxış edirlər-Azərbayan uğurla inkişaf edən ölkədir. Artım dinamikası yüksək inkişaf tempindən xəbər verir və bu, şübhəsizdir. Bu reallığı inkar etmək çətindir. Beləliklə, iqtisadiyyat uğurla inkişaf edir və sosial haqların genişlənməsi baxımından ölkə insutsional problemlərin həllində və restrukturizasiyasında böyük uğurlara nail olub. Lakin təəssüf ki, bizdə mentalitet problemi qalır. Formanı dəyişmək olar, amma bu heç nəyi dəyşməyəcək, əgər məzmun dəyişməsə.

SSRİ-nin dağılmasından sonra texniki peşə məktəblərinin başlıca problemi Qarabağ müharibəsi oldu, çünki bütün yataqxanalar və həmin məktəblərin binalarının özləri qaçqınlara verildi. Yəni həmin təhsil müəssisələri öz elmi-texniki və hətta infrastruktur bazasından məhrum oldu. Bu, birinci səbəbdir.

İkincisi, iqtisadi struktur dəyişdi və bu ixtisaslaşmış təhsil müəssisələri yeni dövrün ruhuna uyğun gəlmədi.

Peşə təhsilinin inkişafı üçün nə edirik? Birincisi, inkişaf konsepsiyası müəyyən edilib. Tam orta təhsil almadan bu ixtisaslaşmış texniki peşə məktəblərində təhsil almaq istəyənlərə gəldikdə isə, burada dalan vəziyyəti yaranır. Nəyə görə? Bu kateqoriya özünü ali təhsil almaq hüququndan məhrum edir. Yəni bu kateqoriya üçün geriyə yol yoxdur.

-Lakin əmək bazarının tələblərini də nəzərə almaq lazımdır, elə deyilmi?

-Mən iri özəl şirkətlərlə, habelə dövlət strukturları ilə, məsələn Energetika Nazirliyinin rəhbərliyi ilə məsləhətləşmələr aparıram. Bizim qarşımızda azad edilmiş ərazilərdə böyük layihələrin həyata keçirilməsi vəzifəsi dayanır. Söhbət “yaşıl enerjidən” gedir. Və orada yeni peşəyə malik olan adamlar gərək olacaq, hansı ki, belələri bizdə yoxdur. Və ya suvarma, meliorasiya, kənd təsərrüfatı kimi ağrılı sahələri götürək, bu sahələrdə ixtisaslı kadrlara böyük tələbat var. Təhsil Nazirliyi həmin kadrların peşə hazırlığı üzrə xüsusi kurslar təşkil edib. Bu il ilk buraxılış oldu. Bu, sosial innovasiya sahəsində böyük nailiyyətdir. Maraqlısı budur ki, həmin kursların açılmasından sonra 9-cu sinifdən 10-cu sinfə keçənlərin faizi də artdı. Bu vaxta qədər 9-cu sinifdən sonra kütləvi şəkildə məktəbi tərk edib evdə otururdular. İndi isə biz həmin uşaqlara peşə öyrədirik. Bundan əlavə, Prezidentin sərəncamı ilə yeni peşə təhsili məktəbləri yaradılır. Sizə söz verirəm ki, bizim növbəti görüşümüz Cənubi Koreya ilə birgə yaratdığımız ixtisaslaşmış peşə məktəbində olacaq. Orada bizdə boş yer yoxdur, hətta ali təhsilli adamlar gəlib təhsil alır. Hazırda bu məktəbdə 1200 şagird oxuyur.

Təhsil Nazirliyi yeni yanaşma formalaşdırıb-təhsil alanları hansısa dar sahəyə yönəltməmək, onların imkanlarını və potensialını açıb ortaya qoymaq. Məsələn, bəlkə onlardan kimdəsə bağban istedadı var və bu istedad ölüb gedir? Yaxud həmin bağban üstəlik yaxşı aşbazdırsa. Deməli, əmək bazarında belə mütəxəssisə tələbat artacaq. Deyək ki, avtomobil sürmək qabiliyyətdir. Lakin traktor idarə etmək daha yüksək qabiliyyətdir. Yəni vacib deyil ki, səni necə adlandırırlar, vacib olanı budur ki, sən nəyi bacarırsan.

Biz sovet yanaşmasından-təhsil alanın hərtərəfli təhsilindən çəkilirik. Tutaq ki, gələcək bağbanın astronomiya elmi və ya qədim dünya tarixi nəyinə lazımdır? O, ağacları peşəkar şəkildə budamağı öyrənməlidir. Əgər ona astronomiya maraqlıdırsa özü gedib lazım olan dərsliyi tapacaq və oxuyacaq. Xüsusən də ona görə ki, 9-cu sinfə qədər riyaziyyat keçib. Sadələşdirilmiş və sürətli təhsil proqramının köməyi ilə daha çox insanı məşğulluğa cəlb etmək olar. Əmək formalaşdırır. Texnologiya isə sürətləndirilir. Dünya inkişafının başlıca prinsipi də dəyişib, əgər əvvəllər ölkələr əməyin və kapitalın hesabına inkişaf edirdilərsə indi texnoloji innovasiyalar  olmadan inkişaf ağlasığmazdır. Texnologiya isə dərin biliklər tələb edir. Və texnologiyanın formalaşmasında ixtisaslaşma işə yarayacaq.

-Məktəbəqədər təhsilin problemləri barədə soruşmaya bilmərəm. Nəyə görə uşaq bağçaları Təhsil Nazirliyinin yox, icra hakimiyyətlərinin tabeçiliyindədir?

(Davamı olacaq)

Xəbərlər