119
Üzbəüz 25 fevral — 18:47

Tbilisidə Xocalı tədbiri: çıxışlar, fotosərgi, “Ana harayı”...

Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin və Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyəti Muzeyinin təşkilati dəstəyi ilə Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. Azərbaycanın Gürcüstandakı səfirliyindən virtualaz.org-a verilən məlumata əsasən tədbir çərçivəsində Xocalı qətliamına həsr edilmiş fotosərgi də keçirilib.

Əvvəlcə tədbir iştirakçıları faciənin qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər. Sonra iştirakçılar və qonaqlar üçün 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində çəkilmiş sənədli film nümayiş etdirilib.

Tədbiri açılış nitqi ilə M.F.Axundov adına Azərbaycan mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva açıb. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Səudiyyə Ərəbistanının səfiri, Türkmənistan, Ukrayna, Belaru və Qazaxıstan səfirliklərinin nümayəndələri, gürcü ictimai xadimləri iştirak ediblər.

Səfir Faiq Quliyev

Tədbirin sonunda Tbilisidəki Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının səhnələşdirdiyi “Ana harayı” teatrlaşdırılmış təqdimatı nümayiş etdirilib. Bu səhnənin quruluşçu-rejissoru teatrın bədii rəhbəri Turqay Vəlizadədir, səhndə teatrın aktrisaları Aida Tağıyeva və Leyla Qasımova rol alıblar.

Qeyd: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri qanunsuz silahlı quldur dəstələrinin və keçmiş sovet ordusunun 366-cı alayının birləşmələrinin dəstəyi ilə Xocalı şəhərini işğal edib. Şəhərə hücum nəticəsində 613 dinc sakin qətlə yetirilib, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı olmaqla. 1275 Xocalı sakini əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil. Şəhər yer üzündən silinib. Həmin bəşəriyyət əleyhinə cinayət zamanı 487 Xocalı sakini, o cümlədən 1 yaşından da kiçik 76 körpə yaralanıb. 130 uşaq bir valideyinini, 26-ı hər iki valideyinini itirib, 8 ailənin bütün üzvləri öldürülüb. Həlak olanlardan 56-sı xüsusi qəddarlıqla öldürülüb, onları diri-diri yandırıblar, başlarının dərisini soyublar, başlarını kəsiblər, gözlərini çıxarıblar, hamilə qadınların qarınlarını yarıblar.

Azərbaycan ordusu 44 günlük İkinci Qarabağ müharibəsi ərzində Xocalı soyqırımını törədən hərbi canilərin bir neçəsini məhv edib.

virtualaz.org

Xəbərlər