717
Üzbəüz 25 fevral — 17:00

İlham Əliyevin Ermənistana yeni ordu qurmaq istəyənlərə sərt mesajı

Prezident İlham Əliyev bu gün Bakının Ramanı qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün yeni inşa edilən yaşayış kompleksinin açılışı zamanı 44 günlük Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqdan danışıb. Və Ermənistan ordusunu yenidən qurmaq, modernləşdirmək istəyənlərə sərt mesajlar verib.

“Müharibədən sonra bu gün dünyada yeni reallıq yaranıb. Bu reallığı biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Biz iradə göstərmişik, güc göstərmişik. Bəli, biz gözləmişik. Həyat göstərdi ki, ən düzgün an seçilmişdir. İyul ayında bizə qarşı sərhəddə təxribat törədiləndə də biz əks-hücuma keçə bilərdik. Ancaq o vaxt mən əks-hücum əməliyyatını dayandırmışdım. Biz erməniləri öz torpağımızdan qovub, düz sərhədə gəlib, sərhədin o tərəfinə keçmədik. Bizi buna təhrik etmək istəyirdilər. Bizi təxribata çəkmək istəyirdilər. Əgər biz o vaxt - iyul ayında Ermənistan ərazisinə keçsəydik, əgər mən o vaxt ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola bilərdi. Bizi, əslində, buna təhrik edirdilər, təxribata təhrik edirdilər. Ermənistandan atılan raketlər Gəncənin, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli rayonlarımızın dağılmasına gətirib çıxarmışdır. Onların atdığı raketlərin biri Xızıya gəlib çatmışdır. Görün, Xızını döyüş bölgəsindən neçə kilometr məsafə ayırır. Ona görə, bu təxribat planları var idi və düzgün an, düzgün məqam seçildi və düzgün addımlar atıldı. Ermənistan ordusunu 44 günə məhv etdik, onların əsrlərboyu yaratdıqları mifləri darmadağın etdik. Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır. Göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır”, - Prezident bildirib.

İlham Əliyev Ermənistanın müttəfiqlərinin bu ölkənin müharibədə məğlub olmuş, darmadağın edilmiş ordusunu yenidən formalaşdırmaq, müasir silahlarla silahlandırmaq planları barədə eşitdiyini deyib.

 

Sitat: "Amma bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər".

Prezident Azərbaycanın öz hərbi gücünü daha da artırmaq üçün artıq işə başladığını bildirib: "Biz bütün işlərə nəzarət edirik. Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır".

 

Xəbərlər