1006
Üzbəüz 19 yanvar — 16:42

Azərbaycan sənayesi üçün çox mühüm xammal istehsalı başlayır

Azərbaycan Qarabağda zəfərlə bitən 44 günlük müharibənin ardınca azad olunmuş ərazilərin bərpası və eyni zamanda pandemiya nəticəsində geriləyən iqtisadiyyatını yeni inkişaf mərhələsinə keçirmək üçün ləngimədən hərəkətə keçib. Xəbər verildiyi kimi, ötən gün yanvarın 18-də Prezident İlham Əliyev Sumqayıt Kimya-Sənaye Parkında daha iki sənaye müəssisəsinin (sulfat turşusu istehsalı və şüşə tara məhsullarının istehsalı zavodları) təməlini qoyub, bir müəssisənin (vərəqə şüşə istehsalı) isə açılışını edib.  Həmin müəssisələr qeyri-neft sənayesinin inkişafı konsepsiyasına uyğun olaraq istehsalın bir çox sahələri üçün xammal və yarımxammal istehsalına hesablanıb.

Prezidentin təməlini qoyduğu müəssisələrdən biri sulfat turşusu istehsal edən zavoddur və xəbər verildiyi kimi bu zavod “Azərsulfat” MMC -nin layihəsidir, yəni özəl investisiyalar hesabına tikilib. Açılış mərasimində bildirildiyi kimi zavod 6 milyon dollar investisiya hesabına başa gəlib və ildə 20 min ton sulfat turşusu istehsal etmək gücünə malikdir. Zavod 2021-ci ilin sonlarında fəaliyyətə başlayacaq və orada 30-dan artıq iş yeri yaradılacaq.

Habelə Azərbaycan sulfat turşusunu əsasən xaricdən idxal edirdi və təkcə son 3 ildə ölkəyə hər il 5-10 min ton sulfat turşusu idxal olunub. Sumqayıt Kimya-Sənaye Parkında həmin zavodun işə başlaması nəticəsində bu idxal yerli istehsalla əvəz olunacaq.

Virtualaz.org qeyd edir ki, bu müəssisənin əhəmiyyəti təkcə orada açılan iş yerlərinin sayı və sulfat turşusunda idxaldan asılılığın aradan qaldırılması ilə ölçülmür. Sulfat turşusu sənayenin bir çox sahələrində mineral gübrələrdən tutmuş akumlyatorların istehsalına qədər ən müxtəlif məhsulların istehsalı üçün xammaldır. Deməli Azərbaycanda sulfat turşusu istehsalının təşkili ilə gələcəkdə daha geniş istehsal zəncirinin qurulması mümkün olacaq.

Sulfat turşusu zəhərli və təhlükəli kimyəvi maddələr sinfinə aid edilsə də onun sənayedə əhəmiyyəti olduqca böyükdür. Təsadüfi deyil ki, hər il dünyada 200 milyon tona yaxın sulfat turşusu istehlak edilir, bu maddə əsasən kimyəvi mənşəli məhsulların istehsalında və kənd təsərrüfatında, sənayenin müxtəlif sahələrində, neft hasilatında  geniş istifadə olunur. Bu səbəbdən mütəxəssislər sulfat turşsunu sənayenin “zəhərli qanı” da adlandırırlar.

Məsələn, sulfat turşusu mineral gübrələrin (superfosfat, amonium-sulfat) istehsalında 100 faiz təmiz halda istifadə olunur. Habelə tüstüyaradan və partlayıcı maddələrin, müxtəlif dərman vasitələrinin, üzvi və qeyri-üzvi birləşmələrin, boyaların, qeyr-natural məmulatların əldə olunmasında tətbiq edilir. Sənayedə metal səthlərin mis və ya xromla örtülməsindən əvvəl onu sulfat turşusu ilə təmizləyirlər, neft yataqlarının işlənməsində bu maddədən  istifadə olunur. Sulfat turşusu hətta qida sənayesində də istifadə edilir, qida məhsullarının hazırlanması zamanı emulqator funksiyasını yerinə yetirir. Məşhur kimyaçı alim Dmitri Mendeleyev qeyd edirdi ki, sənayedə sulfat turşusuna əvəz tapmaq mümkün deyil və bu maddə olmadan digər maddələrin istehsalı, hazırlanması mümkün və sərfəli olmazdı.

Ona görə də Sumqayıtda sulfat turşusu zavodunun fəaliyyətə başlaması heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda çoxsaylı digər istehsal sahələrinin açılması üçün əlverişli xammal mənbəyi yaradacaq.

“Azərsulfat” MMC-nin direktoru Emil Quliyev virtualaz.org-a açıqlamasında deyir ki, zavod yüksək keyfiyyətli (98 faiz) sulfat turşusu istehsal edəcək. Layihəyə əsasən zavoda qoyulan investisiya (10 milyon AZN və ya 6 milyon ABŞ dolları) özünü 5 ildən də az müddətdə (4 il 8 ay) doğruldacaq. Zavodun istehsal edəcəyi məhsulun 46 faizi ölkə daxilində tələbata yönəldiləcək, qalan 54 faizini isə qonşu ölkələrə (Gürcüstana və Rusiyaya) ixrac etmək nəzərdə tutulur.

Zavodun açılması həm də ona görə yerinə düşür ki, işğaldan azad edilmiş ərazilərdə istismarı planlaşdırılan qızıl yataqları (Vejnəli və Zod yataqları)  üçün də sulfat turşusu əhəmiyyətli xammal olacaq. O cümlədən digər qzıl yataqlarında hasilat işləri aparan şirkətlər daha bu xammalı idxal etməli olmayacaqlar.

“Zavod bu il ərzində işə düşəcək, ilk məhsul 2021-ci ilin 4-cü rübündə buraxılacaq. Zavodda əsasən mütəxəssislərdən ibarət olmaqla 34 nəfər işlə təmin ediləcək. Layihənin uğurla həyata keçirilməsi gələcəkdə istehsal zənciri üzrə daha yüksək əlavə dəyərə malik istehsal vahidlərinin (ammonium sulfat gübrəsinin istehsalı və s.) yaradılmasına imkan verəcək, nəticədə multiplikator effekti üzrə yeni iş yerlərinin yaradılması təmin edəcək”,-müəssisə direktoru deyir.

Zavodun tikinti-quraşdırma işləri üçün elan edilmiş tender gələn ay yekunlaşcaq. Avadanlıqlar isə artıq Çindən sifariş edilib. Zavodun inşasını podratçı qismində iştirak edəcək Çin şirkəti “Jiangsu Qingfeng Engineering Group” bu sahədə böyük təcrübəyə malikdir. Şirkət 2018-ci ildə  Rusiyada “Şekinoazot” ASC-nin sifarişi əsasında illik gücü 500 min ton olan sulfat turşusu zavodunu tikib təhvil verib.

Sulfat turşusunun istehsalında əsas xammal kükürddür. Bəs Azərbaycanda bu xammal mövcuddurmu?

E.Quliyev deyir ki, zavod kükürdü ilkin mərhələdə qonşu Türkmənistandan idxal etməyi nəzərdə tutur. Lakin H.Əliyev adına Neft Emalı Zavodunun modernizasiyasından sonra (2024-cü ildən etibarən) kükürdün həmin  zavoddan tədarük edilməsi planlaşdırılır. Başqa sözlə, Neft Emalı Zavodunun modernizasiyasına qoyulan investisiya göründüyü kimi, sənayenin digər sahələrinin inkişafı üçün də imkan yaratmış olacaq.

“Azərsulfat” MMC-nin sulfat turşusuz zavodu həm də ekoloji standartlara tam cavab verəcək və hazırda layihələndirmə işləri tamamlanmaq üzrədir. Layihənin yerli standartlara və normativ tələblərə uyğunlaşdırılması prosesi gedir.

Zavodun həm də ixracyönümlü olması Azərbaycandan qeyri-neft məhsullarının ixrac çeşidini də artırmış olacaq. Belə ki, Gürcüstan və Rusiyada sulfat turşusuna yüksək tələbat mövcuddur. Gürcüstan bu maddəni son illərə qədər əsasən İrandan (nisbətən ucuz olduğu üçün) idxal edirdi, amma İran sənayesinə qoyulmuş sanksiyalar səbəbindən bu idxal çətinləşir. Ona görə də Azərbaycanda sulfat turşusu istehsal edən zavodun Gürcüstan bazarına çıxış imkanları böyükdür. Rusiyada isə sulfat turşusuna illik tələbat 10 milyon tona çatır, bunun bir hissəsi yerli istehsal hesabına təmin edilsə də qalanı idxal hesabına təmin olunur. Əlverişli logistika imkanlarının mövcud olması Sumqayıtda fəaliyyətə başlayacaq bu mühüm xammal zavodunun öz məhsulunu rəqabətədavamlı şərtlərlə Rusiyaya ixrac etməsi perspektivləri yaradır.

virtualaz.org

Xəbərlər