1587
Üzbəüz 27 Dekabr 2020, 12:00

Azərbaycan və Türkiyə bayraqları altından keçən ermənilər

Eynulla Fətullayev, Tuğ-Böyük Tağlar-Çanaxçı-Sığnax-Daşaltı-Şuşa

Redaksiyaya gözlənilməz axşam zəngi məni ağır düşüncələrdən ayırdı. Gözlənilməz təklif təxirəsalınmaz qərar tələb edirdi.

“Sizə Şuşanın komendantı zəng vurur. “Qarabağ gündəliyi”nizi maraqla oxudum, amma əlyazmalarınız arasında bizim Şuşa barədə yazıya rast gəlmədim. Azərbaycan şəhərlərinin anası haqda yazmadan “Qarabağ gündəliyi” olarmı?!”,-dəstəyin o tərəfindəki naməlum səs bildirdi.

Daha sonra özünü təqdim edən polkovnik Əbilov Beyləqandakı görüşümüz haqda xatırlatmağa çalışdı. Jurnalistin axmaq-uğursuz taleyi onu güllə kimi hansı səhraya və xəndəyə atmır ki? “Axı mən Qarabağ gündəliyini yekunlaşdırmışam. Və bu qış axşamından Şuşa ümumi gündəmdən çıxır. Yaxşı, haydı...Şuşaya!”,-beynimə bu ani fikir gəlir. Mən elə həmin an spontan qərar qəbul edirəm...

Həmin Tuğ kəndi...

Və budur, artıq maşındayam. Füzulinin qəlbimi ağrıdan xarabalıqlarının yanından ötüb keçirəm. Yol bizi Tuğ kəndinə aparır. Həmin əfsanəvi kəndə ki, mən Hadrutdan ora gedib çıxa bilməmişdim. Qarabağda hər şey yaddır, dağlı-dərəli Qarabağ oxunmamış kitabdır, əlimdən alınmış uşaqlıq xəyallarıdır. Lakin altşürun dərinlikərində haralardasa sanki sovet nəşriyyatının şriftləri ilə iki ad hopub qalıb-Papravənd və Tuğ. Qarabağ faciəsi Tuğdan-erməni separatizminin nazik, qopmayan cücərtisi kimi. Qarışıq və uzaq 1988-ci ildə llk çaxnaşmaların və toqquşmaların xəbərləri Tuğdan və Şuşa meşəsi Topxanadan gəlirdi, orada nadir ağac növlərini qırırdılar. Tuğdan isə ilk dəfə azərbaycanlıları qovmağa başlamışdılar.

Təsəvvür etmək çətindir, amma bu gün boş olan və sakinləri tərəfindən tərk edilmiş Tuğ bir vaxtlar üz döndərdiyi Azərbaycan dövlətinin ağuşuna geri qayıdıb. İrəlidə isə  geniş, qarlı Qarabağ çölləri açılır. Yoldan sağda və solda ehtiyatlı addımlarla, qarın içi ilə minaaxtaranlar gedir.

-Düzünü sesəm, biz onların işindən narazıyıq. Onlar ANAMA-nın işçiləridir,-yeni bələdçim minaaxtaranlara tərəf baxdığımı görüb deyir.-Mənim adım Paşadır, görüşümüzə şadam.

ANAMA əməkdaşları mina axtarır, Paşa isə onlardan narazıdır...

-Generalsınız?,(Türkiyədə generalları “Paşa” çağırırlar)-təbəssümlə soruşuram.

-Yox, mən mühəndis qoşunlarının leytenantı Paşa Məmmədovam.

Paşa kadr zabiti deyil, səfərbərliklə orduya çağırılıb. Tarix fakültəsini bitirəndən dərhal sonra Mühəndis qoşunlarının zabiti kimi hərbi xidmətə çağırılıb. Özünü yaxşı mənada göstərib. Savadlı mütəxəssis kimi ona orduda qalıb xidməti davam etdirməyi təklif ediblər. Amma Paşa istilik sistemlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis sənətini seçib. Həyatını qurub, evlənib, iki oğul böyüdüb, amma müharibə yetişib. Paşanı hərbi xidmət dövründə mühəndis qurğuları və minaların təmizlənməsi üzrə  peşəkarlığı ilə tanınmış ehtiyatda olan zabit kimi orduya çağırıblar. Paşa ilk gündən müharibə alovunun içinə atılıb.

“Bəli, biz bu müharibədə qalib gəldik. Amma müharibə haqda danışanlar bir həqiqəti başa düşməlidir: müharibə dəhşətli cəhənnəmdir. Heç bilmirəm necə sağ qaldım. O qədər döyüş yoldaşlarımız şəhid oldu ki...”,-Azərbaycan zabiti kədərlə deyir.

Paşa Məmmədov şəkil çəkdirməyi xoşlamır. "Əgər şəkil çəkdirsəm o da ancaq döyüşçü yoldaşlarımla. Onları isə tez-tez döyüşdə itirməli olursan...",-leytenant Məmmədov kədərlə deyir.

Yollar uzaqlara aparır, tədricən dağlara qalxır. Paşa isə müharibə haqda bütün çılpaqlıqları ilə danışmaqdadır. Və bu müharibə milyonlarla azərbaycanlı kimi onun üçün də şərəf məsələsidir. 1988-ci ildə üç yaşlı Paşa anasının qucağında ailəsi ilə birlikdə Yerevandan qaçmağa məcbur olub.

Hündür dağlara qalxırıq. Budur, daha bir əfsanəvi Qarabağ kəndinə-Böyük Tağlara gəlib çatırıq. Qarabağda hər kənd əfsanə və sirlərlə doludur. Bu kənddə, kiçik dağ çayının sahilində 50 min il yaşı olan əfsanəvi Tağlar mağarası var. “Azərbayanlılara və ermənilərə qədər bu yerlərdə daş dövrü insanları yaşayıblar”,-Mühəndis qoşunları birləşməsinin komandiri, polkovnik Ceyhun Bağırov gülərək deyir.

Yeri gəlmişkən, Qarabağ müharibəsinin qəhrəmanlarından biri Ceyhun Bağırov sözün əsl mənasında “Qələbə yolu” ilə bizim Şuşaya qədər növbəti bələdçimiz olacaq. Biz Şuşaya Azərbaycan ordusunun şücaət, igidlik yolu ilə gedirik, hansı ki, Ceyhun Bağırov və mühəndis qoşunlarının əsgərləri bu yolu sözün əsl mənasında əlləri ilə və buldozerlərin köməyi ilə açıb...

Kəndin mərkəzi palçıqlıdır, elə hiss yaranır ki, kənd elə indi lehmənin içində batacaq. Burada ünsiyyətcil və diribaş türklərlə tanış oluram, onlar Türkiyənin “KOLİN İnşaat” şirkətinin işçiləridir. Türklər jurnalist görməkdən xoş mənada təəcüblənirlər. Sıx iş proqramları haqda danışmaqdan yorulmurlar. Kənddə Azərbaycanın və Türkiyənin bayraqları dalğalanır, təpənin üstündə isə İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iri porterti asılıb. “Biz demək olar öz evimizdəyik”,-türklər zarafatla deyir.

Böyük Tağların girişində Əliyevlə Ərdoğanın böyük portreti asılıb

Türkiyə şirkəti podratçı qismində Füzulidən Şuşaya qədər yeni yolun tikintisinə cəlb edilib, yol Böyük Tağlardan keçir.

-Bəs indiki yol necə olacaq?,-türklərdən soruşuram.-Məntiqli olmazdımı ki, mühəndis qoşunlarının açdığı və meşələrdən keçən o yolu genişləndirib magistrala çevirələr?

İnşaatçılar razılaşmır. Onların öz məntiqi var. Lakin 17 kilometrlik yolu yaxın illərdə tikib başa çatdıracaqlarını deyirlər.

Türk inşaatçılar və polkovnik Bağırov

Hələlik isə Azərbaycan qoşunları üçün ərzaq, təchizat və döyüş sursatları nağıl kimi olmasa da təəcüblü tarixçəyə malik meşə yolu ilə daşınır.

Müharibənin qızğın vaxtında yuxarı Qarabağın hər kəndi uğrunda qanlı döyüşlər gedirdi. Və Azərbaycan ordusu döyüşə-döyüşə öz xəyallarına, qala-şəhər Şuşaya doğru irəliləyirdi. Erməni komandanlığı Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdı, oradan Şuşikəndə yol gedir, sonra isə Qarabağın paytaxtı Şuşaya qalxır. Düşmənin Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görünməmiş qərar verir-Şuşaya sıx Qarabağ meşələrindən yeni yol açır.

Qısa ömrü sanki yan ötüb keçən mərmi kimi ordu səngərlərində və minalanmış çöllərində keçən,-hər halda o, iki dəfə səhv etməyib,-35 yaşlı polkovnik Ceyhun Bağırovun qarşısında ilk baxışdan ağlasığmaz vəzifə qoyulur: Böyük Tağlardan meşələrlə Şuşaya, Çanaxçı və Sığnax kəndlərinə doğru yol açmaq.

Azərbaycanın mühəndis-istehkam qoşunları nağılı gerçəyə çevirdi. Meşələrdən 3 gün ərzində 42 kilometr yolu necə açmaq olar?

“Ermənilərin heç ağıllarına da gəlməzdi ki, biz meşələrlə irəliləyirik. Və bizi şiddətli döyüşlərin getdiyi başqa istiqamətdə gözləyirdilər. O istiqamətdən də bizim qoşunlarımız irəliləməyə çalışırdı, şiddətli hücum görüntüsü yaradırdı. Həmin vaxtlar isə əsas zərbə qruplaması meşələrlə irəliləməkdə idi. Üç gün ərzində buldozerlərlə və əlimizlə bu yolu aça bildik”,-C.Bağırov deyir.

Erməni tərəfi bir də onda ayıldı ki, Azərbaycan qoşunları Çanaxçının  bir neçə kilometrliyinə, meşəli çöllərə gəlib çatıb. Lakin iş işdən keçmişdi. Onlarla kilometr yolu yolsuzluq şəraitində keçən Azərbaycan bölmələri artilleriya qurğularını artıq Çanaxçı ətrafına çəkə bilmişdi. Elə burada da yeni artilleriya dueli başladı. Lakin dağ piyadalarının uğurlu hücumu qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı. Bundan sonra Azərbaycan ordusunu dayandırmaq mümkün deyildi.

Qələbə yolu Şuşanın yolunu açdı

Bax elə buna görə də noyabrın əvvəllərində Qarabağ separatçılarının lideri Araik Arutyunyanın hərbi baxımdan izahedilməz müraciəti yayıldı. O, Azərbaycan qoşunlarının Şuşanın 5 kilometrliyinə gəlib çatdığını elan edirdi. Araik qalanın alınacağı haqda xəbərdarlıq edib bütün erməniləri köməyə çağırırdı. Hərçənd soyuq başla və məntiqlə Arutyunyanın həyacanı heç cür izah edilmirdi. Qırmızı Bazar və Martuni qəsəbələri hələ də ermənilərin əlində idi. O zaman azərbaycanlılar Şuşanın qapısı ağzına necə gedib çatmışdılar? Geriyə bunu düşünmək qalırdı: ya Arutyunyan növbəti insunasiyanı tirajlayıb, ya Azərbaycan qoşunları Şuşanın həndəvərinə qanadları ilə uçub gedib. Üçüncü variant ağla gəlmirdi.

Lakin cəsur Azərbaycan əsgərlərinin məhz ağla gəlməyən bu üçüncü istiqamət üzrə hücumu qələbəni şərtləndirdi. Güllə yağışı altında, qaranlıq meşədə əlləri ilə və baltalarla kolları, ağacları doğrayan cəsur mühəndis-istehkamçılar ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirdilər.

İndi həmin yolla gedirik, gözlərimiz önündə o günlərin dramatik hadisələri canlanır. Maşından düşürəm. Və xəyalən mühəndis qoşunlarının cəsur əsgərlərinin həmin məşəqqətli əməyini təsəvvür etməyə çalışıram.

“Əllərimiz qan içində idi. Gücümüz tükənirdi. Amma başa düşürdük ki, geriyə yol yoxdur. Ölüm bizim üçün təbii xilas yolu ola bilərdi. Və bizlərdən ən yaxşıları həlak oldular”,-qarşımda dayanan bu böyük adam titrək səslə deyir. Mənim nəzərlərimdə Ceyhun Bağırov böyük azərbaycanlıdır. Və onun üçün də Qarabağ müharibəsi şəxsi çağırışdır, bir vaxtlar balaca oğlan uşağı Ceyhunu valideyinləri ilə birlikdə əcdadlarının yaşadığı Füzulidən didərgin salmışdılar.

Bu da Çanaxçı

Bu isə Sığnax kəndidir

Budur, biz artıq yuxarı Qarabağın Əsgəran rayonunun qədim Çanaxçı kəndindəyik. Azərbaycanlılar bu kənddən unudulmuş 1989-cu ildə qovulublar. “Lənətə gəlsin. Əsgərlər üçün siqaret götürməyi unutdum. Yenə siqaret istəyəcəklər”,-sürücümüz, 33 yaşlı Fariz deyinir.

O, hərbçi deyil, yol şirkətində işləyir və gündə bir neçə dəfə bu yolu qardan, palçıqdan təmizləyir. Əks halda hətta hərbi yük avtomobilləri də meşədə batıb qalar. Hərdən Fariz həmin bu “cəhənnəm dərəsindən” keçib gündə bir neçə dəfə Şuşaya gedib qayıtmalı olur. O, Qələbə yolunun-Şuşaya gedən yeganə nəqliyyat arteriyasının işlək vəziyyətdə qalmasına cavabdeh olanlardan biridir. Fariz üçün də Qarabağ ailəsinin şərəf məsələsidir. Balaca oğlan olanda o, 1988-ci ildə Ermənistandan qovulub.

Deyəsən mən yeni nəslin birinci müharibənin nəticələrinə sərt və amansız, güzəştsiz, cəsur və qəzəbli münasibətinin səbəblərini dərk etməyə başlayıram. İndiki müharibənin çöllərində döyüşənlər valideyinlərini və vətənlərini 27-30 il əvvəl itirənlər idi. Bunlar birinci müharibənin uşaqlarıdır. Nə birinci müharibəni uduzan bizim nəsli, nə onlardan ən qiymətli olanı-canlarını əlindən alan reallığı bağışlaya bilməzdilər. Ona görə də onlar ölüm mələyinin gözlərinə soyuqqanlılıqla baxaraq borclarını yerinə yetirmək hissləri ilə döyüş meydanlarında ölümə gedirdilər. Ölmək naminə deyil, qalib gəlmək naminə!

Çanaxçıda patriarxal kəndin idillasayağı mənzərəsi açılır, kəndin sakit görkəmini indi boş qalan əsgər daxmaları pozur. Hücuma keçən ordu haradasa yaşamalı idi, elə deyilmi?!

Qarabağın sanki lənətlənmiş gözəlliyi

Kəndin üzərində təmiz, mavi səmadır və Qarabağın başı qarlı, qüdrətli dağlarına mənzərə açılır. Bu dağlar hansısa görünməz qüvvəni, təbii qəzəbi və əbədi müharibə harayını təcəssüm etdirir. Sanki bu torpaqlar müharibədən doğulub və burada heç vaxt sülh olmayacaq.

Ətrafda donuz sürüləri dolaşır. Kəndin azad edilməsindən sonra Azərbaycan əsgərləri bütün pəyələrin və fermaların qapılarını açıb, donuzları buraxıb. Bir qismi meşələrə gedib, digərləri isə kəndin qarlı küçələrində olaşıb yem axtarır. Müsəlmanlar, hətta etnik də olsa, donuz əti yemək qadağandır. Ən yaxşısı meşə yolu ilə ərzaq təchizatının gəlib yetişməsini gözləməkdir...

Budur, biz daha bir Qarabağ kəndinə-Sığnağa gəlib çatırıq. Buradan Əsgəran rayon mərkəzinə əl uzatsan çatar. Qələbə yolu bizi Azərbaycan ordusunun yolu ilə aparır. Yol yoldaşlarım məni bu mənzərəli, ətrafı dağlarla əhatələnmiş kiçik dağ kəndində dayanmağa inandırır. 

Sirli erməni generalı Monte Kristoyanın Sığnaxdakı malikanəsi

Onlar bu yerlərin əsas görməli yerini-erməni generalının qarabağlı ermənilərin gözlərindən iraq yerdə istirahət üçün tikdirdiyi möhtəşəm malikanəsini göstərirlər. Hərçənd mən həmin erməni generalının adını dəqiqləşdirə bilmirəm. Dəbdəbəli məişət texnkası, aksessuarlar və yaraşıqlı mebellərlə təchiz olunmuş, mərmərlə döşənmiş zəngin evdir. Öz sərvətini yoxsul və dilənçi kökündə yaşayan Qarabağ ermənilərindən gizlədən bu sirli qraf Monte-Kristoyan kimdir? Lakin Azərbaycan komandanlığı üçün onun malikanəsi lap göydəndüşmədir-müharibədə bundan yaxşı qənimət olmazdı.

Maşınımız qarlı yolda taxta xizək kimi sürüşür. Tez-tez oturacaqdan bizi atır. Və birdən mənim qarşımda təsəvvüredilməz mənzərə açılır. Azərbaycanlılar üçün faciəli Daşaltı kəndi sanki nəhəng Şuşa sıldırım qayalıqlarının altında qalıb, onun üstündə isə məğrur və şanlı Azərbaycan qalası ucalır. Qələbə sevinci və faciə acısı bir-birinə qarışır.

Dəhşətli mənzərə: cəhənnəmi xatırladan Daşaltı. Onun yuxarısında isə şanlı Şuşadır

Sürücüdən maşını saxlamağı xahiş edirəm. Və ölüm vadisinə çevrilmiş bu kədərli mənzərəni uzaqdan uzun-uzadı seyr edirəm. Mənim altşüurumda uşaqlıqdan Daşaltı adlı ölüm vadisi metaforası hopub. Azərbaycanlılar üçün faciəvi olan daha bir uzaq tarixdə-1991-ci ilin yanvarında həmin kənddə Azərbaycan özünümüdafiə qüvvələrinin  əfsanəvi KQB zabiti, Azərbaycanın Milli Qəhrəmanı Riyad Əhmədovun komandanlığı ilə bir batalyonu şəhid olub. R.Əhmədov sovet dövründə tanınmış vitse-premyerin oğludur. Xalq arasında tanınmış KQB zabiti olub və müharibənin ilk günlərindən Qarabağ separatçılarına qarşı döyüşüb. Həmin Daşaltı döyüşündən sonra Riyadın adı əfsanəyə çevrildi. Bu günə qədər də əfsanəvi kəşfiyyatçı itkin düşmüş sayılır. Deyilənə görə, kəndin ətrafında mühasirəyə düşən cəsur kəşfiyyatçı yoldaşlarını xilas edir, amma əsir düşməmək üçün özünü qumbara ilə partladıb və neçə erməni əsgərini də məhv edib.

Paradoksaldır, amma R.Əhmədov keçmiş MTN başçısı, quldur Eldar Mahmudovun bacısının əri olub. İnsan taleyi bax belə ziddiyətlidir-iki tale, iki dost və qohum, amma onlardan biri Azərbaycan naminə canından keçib qəhrəmancasına şəhid olub, ikincisi isə cəlladlarının dəmir qəfəslərə saldığı oğulların anaları tərəfindən lənətlənib. Məhkəməsiz və istintaqsız dəmir qəfəsə saldığı!...

Cəsur Azərbaycan əsgərləri bax bu sıldırım qayalıqlardan dırmaşaraq Şuşanı azad ediblər...

Kəndə çatıram və heç cür anlaya, qəbul edə bilmirəm. Beynimə batmır, heç cür ağlabatan izaha yatmır. Necə olub ki, o vaxt Şuşaya nəzarət edən Azərbaycan özünümüdafiə dəstələri dağın altında, dərədəki bu kənddə məğlub olublar? Cavabsız suallar. Axı 28 il sonra meşələrdən qəfil sıçrayıb çıxan Azərbaycan əsgərləri bir anda bu kəndi azad etdilər. Sonra isə döyüşə-döyüşə, bu keçilməz sıldırım qayalıqlarla Şuşaya qalxdılar.

Qəlbimin hansısa kədərli harayı. Gözlərim önündə həmin günlərin hadisələri-qaralan qayalıqlar altında yerləşən kədərli kənd uğrunda günlərlə davam edən döyüşü canlandırıram.

Daha burada qalmaq istəmirəm. Və maşınımız yaxşı asfalt örtüklü Daşaltı-Şuşa yolu ilə irəliləyir. Və budur, biz artıq mənə yaxşı tanış olan Laçın-Xankəndi yolundayıq. Nəzakətli yaşıl adamların blok-postunu keçirik. Sonra Azərbaycan əsgərlərinin də postundan ötürük. Nəhayət Şuşa qalasının altındayıq.

 

Qalaya gəlib çatdım

Bu şosse ilə, Azərbaycan və Türkiyə bayraqlarının altından keçərək Qarabağ erməniləri hərəkət edir

Gözlərimə inana bilmirəm. Qalanın üstündə Türkiyənin və Azərbaycanın bayraqları məğrurcasına dalğalanır. Və sözün hərfi mənasında bu bayraqlar altından içərisində erməni sərnişinlər olan və Xankəndindən gələn avtomobil karvanları ötüb keçir.

Sərnişinlər tez-tez bu tərəfə boylanırlar. Diqqətlə bizim sifətimizə, küləyin dalğalandırdığı bayraqlara, qalaya, qala qarşısındakı avtomobillərin dövlət nömrə nişanlarına baxırlar...Onların baxışları nə deyir? Çaşqınlıq. Baş verənləri dərk etməmək. Yox, bu etiraz və hətta müqavimət deyil. Anlaşılmazlıqdır. Mirajdır...Sanki hər baxış bu sualı verir-sonra nə olacaq? Biz bundan sonra necə yaşayacağıq? Bu gərgin psixoloji atmosferdən ayrılmaq çox mürəkkəbdir. Cəhənnəm dərəsinin hər iki tərəfində dayananlar bir-birlərinə nəzər yetirirlər. Amma nifrət yoxdur. Mən bir dənə də olsun, hətta təsadüfən yaranan nifrət baxışı görmədim. Ancaq anlaşılmazlıqdır.

Sıldırım qayalıqdan keçən yolla gedirik. Şuşaya. Azərbaycan şəhərlərinin anasının ayaqlarına. Və mənim qarşımda həmin Şuşa dayanıb.

2005-ci ilin fevralında mən bu şəhərə Karina Ohanyan adlı erməni jurnalisti ilə gəlmişdim. Və onun sualı yenidən əvvəlki gücü ilə səslənir: “Siz başa düşürsünüz ki, nəyi itirmisiniz?”. Mən Şuşanın həndəvərindəyəm. Və nəhayət dərk edirəm ki, biz onu qaytarmışıq!

(Davamı olacaq)

 

Xəbərlər