706
Üzbəüz 25 noyabr — 11:36

Hadrutda şiddətli döyüş: əsgər Əkbərov mühasirəyə düşür, 4 yerindən yaralanır və…

İkinci Qarabağ müharibəsində ordumuzun əsgər və zabitləri rəşadət və qəhrəmanlıq tarixi yazdı. Onlardan biri də Cəlilabad rayon sakini, 22 yaşlı  Muxtar Əkbərovdur. 

Muxtar müharibənin ilk günündən könüllü cəbhəyə yollanıb, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 12-də Hadrutda yaralanıb.

Muxtar Əkbərov virtualaz.org-a keçdiyi döyüş yolundan danışıb. Deyir ki, noyabrın 23-də daha bir ağır əməliyyat keçirib, qarın nahiyyəsindən qəlpə çıxarılıb. Amma ağrı-acısına baxmayaraq danışmağa həvəslidir. Deyir ki, saytımızın oxucusudur, müharibədən əvvəl bir gün nə vaxtsa onun haqqında da mətbuatda yazılacağını xəyalına da gətirməzdi.

“2019-cu ildə ali məktəbi bitirdim və hərbi xidmətə getdim. Hərbi xidməti başa vurduğum vaxt Tovuz döyüşlərinə təsadüf etdi. Mən də evə qayıdan kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gedərək könüllü kimi döyüşmək üçün müraciət etdim. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşmək istəyirdim. Şəhid olanların qisasın almalıydıq. Ailəm də mənə dəstək oldu”,-Muxtar deyir. 

Yaxın məsafədən döyüş, 4 güllə yarası

Sentyabrın 27-dən cəbhəyə yollanan Muxtar Füzuli, Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Oktyabrın 12-də axşam saatlarında Hadrutda yaralanıb. Yaralı əsgər baş verənləri xatırlayır: “Oktyabrın 6-dək Füzuli istiqamətində döyüşdük. Sonra Xocavənd istiqamətinə keçdik. Axşam təxminən saat 6 olardı. Qarşıda hərəkət müşahidə elədik. Döyüşçü yoldaşım ilə bərabər getdik ki, nə baş verdiyini müəyyənləşdirək. Düşmənlər idi. Mühasirəyə düşdük. Yaxın məsafədən atışma başladı. Döyüşçü dostum şəhid oldu”, -Muxtar əlavə edib.

Əsgər Əkbərov əvvəlcə qolundan, daha sonra iki ayağından, qarnından yaralanıb. Amma tək düşüncəsi  nə olursa- olsun əsir düşməmək olub: “Qan itirirdim, gözlərim qaralırdı, huşumu itirmək üzrəydim. Ermənilərin xislədinə bələdəm, ona görə də qərara aldım dostumun meyiti ortada qalmamalıdır. Bu fikir sanki mənə güc verdi. Onlardan birini vurdum, daha birini də... Və bizimkilər gəldilər”.

Bundan sonra köməyə gələn əsgərlərimizlə düşmən arasında ağır döyüş başlayır. Döyüşçü yoldaşları onu ərazidən uzaqlaşdırıb, nisbətən təhlükəsiz yerə aparırlar. 

Bu dəfə də onu Naxçıvandan gələn xüsusi təyinatlılar xilas edir

Amma Hadrutda  şiddətli atışma davam edirdi. Muxtar gecəni birtəhər başa vurur. Səhər saatlarında onu tibb məntəqəsinə çatdırmaq üçün yola çıxırlar. Bu dəfə düşmən onu tibb məntəqəsinə aparan maşını minatanlardan atəşə tutur. Yenə döyüş başlayır, Muxtar bu dəfə huşunu itirir və gözünü açanda başının üstündə ordumuzun Naxçıvandan gələn xüsusi təyinatlılarını görür. “Təhlükəsizlik üçün maşınla hərəkəti davam etdirə bilməyiblər. Mən maşında nə qədər qaldığımı xatırlamıram. Naxçıvandan olan komandir Mirtağı və Heydərov familiyalı MAXE-yə minnətdaram. Heydərov mənə ağrıkəsici vurdu və onlar məni tibb məntəqəsinə çatdırdılar. Sonra təcili tibb yardım maşını ilə Bakıya gətirildim”. 

Muxtar deyir ki, qaldığı xəstəxanada ona lazımı qayğı göstərilir: “Bir yerdə döyüşdüyüm dostum şəhid oldu. Qələbədən sonra dostluğumuz illərlə davam edəcəkdi. Amma onun xatirəsini yaşadacam, bunun üçün əlimdən gələni əsirgəməyəcəm”.

Qələbə qazanmalıydıq...

Muxtar əlavə edir ki, ilk gündən qələbə əzmi və yüksək əhval-ruhiyyə ilə döyüşə atılıblar. Yaralanacaqlarını, şəhid ola biləcəklərini gözə alıblar. “Güllə mənə dəysin, dostuma, yoldaşıma heç nə olmasın” düşüncəsi ilə bir-birilərinə dayaq olublar: “İlk dəfə idi belə mühütə düşmüşdüm, hamı çalışırdı ki, güllə ona dəysin, yoldaşına, dostuna heç nə olmasın. Son tikəmizi bölüşürdük. Döyüş bölgəsində qalan yaralıları çıxarmaq üçün canından keçən, şəhid olanlar çoxdur. Hamı inamla döyüşürdü”. 

Muxtar hazırda xəstəxanada müalicəsini davam etdirir, artıq həyatı təhlükəsi yoxdur. Onun sağ ayağına  İlizarov aparatı qoyulub. Qarın nahiyəsində olan qəlpə isə noyabrın 23-də  əməliyyatla çıxarılıb.  Qəhrəman döyüşçümüz nişanlıdır.

 “Ailəmdən güc alırdım. Telefonla danışanda tək sözləri bu olurdu “qələbə ilə geri dön. Şuşa uğrunda gedən döyüşlərdə iştirak etməyi arzulayırdım. Qismət olmadı, amma təəssüflənmirəm, sağalan kimi ilk gedəcəyim yer Şuşa olacaq...”,-Muxtar söhbətini tamamlayır.

Ülviyyə Xudiyeva 

Virtualaz.org

 

Xəbərlər