1371
Üzbəüz 30 sentyabr — 15:56

"Gedirik torpaqlarımızı almağa, Qələbəyə çox az qalıb…"

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin, o cümlədən könüllülərin cəbhəyə yola salınması davam etdirilir. 

Virtualaz.org-un əməkdaşları Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin paytaxtdakl bölmələrindən birinin qarşısında olublar. Və görüblər ki,  döyüşə gedənlər qələbə şüarları və alqış sədaları ilə yola salınır.   Onların valideynləri və yaxınları isə işğal olunmuş ərazilərimizin düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi hərbi əməliyyatdan qürur duyduqlarını bildirirlər.

Cəbhəyə yola salınanlarının əksəriyyəti könüllü müraciət etdiklərini deyiblər. Onlar biri - əslən Füzuli rayonindan olan orta yaşlı keçmiş döyüşçü və ehtiyatda olan hərbçidir. Deyir ki,  Füzuli rayonu ərazisində gedən döyüşlərdən sonra cəbhəyə getmək üçün müraciət edib:  " Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin " Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" sərəncamından sonra mən də  torpaqlarımızın işğaldan azad edilməsi üçün ön cəbhəyə yollananların sırasına qoşuldum. Əminəm ki, bu dəfə qələbə sevincini yaşamaq hər bir azərbaycanlıya qismət olacaq. Biz uzun illərdir ki, bu günü gözləyirdik".

 

Valideynlərdən biri yüksək səslə "heç kim ağlamasın" xəbərdarlığı edir. Yoldan ötənlər də avtomobilləri saxlayır və " ən böyük əsgər  bizim əsgər" şüarları səsləndirirlər. Oğlunu yola analardan biri deyib ki, cəbhədə baş verən son hadisələrdən həyəcan keçirir, eyni zamanda qürur duyur. Buna görə də, oğlunu göz yaşları ilə deyil, qələbə əzmi ilə geri dönəyinə ümidlə yola salır: " Bu vətən hamımızındır. Cəbhədə baş verənlərə laqeyd qalmaq olmaz. İndi birlik zamanıdır. Böyük qələbəyə çox az qalıb".

 Cəbhəyə gedənləri yola salmağa gələnlərin arasında Qarabağ vetetanları və Qarabağ əlilləri də vardı.

 

Ülviyyə Xudiyeva

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər