149
Üzbəüz 23 sentyabr — 18:49

Sahibə Qafarova Rusiya Dövlət Dumasının sədri ilə görüşdü

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Federal Məclisin Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb.

Azərbaycan nümayəndə heyətini Rusiya Dövlət Dumasında görməkdən məmnunluğunu bildirən V.Volodin iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb.

O bildirib ki, Rusiya və Azərbaycan strateji tərəfdaş olan ölkələrdir və hazırda iki ölkənin parlamentləri arasında əməkdaşlıq haqqında Saziş sənədi üzərində iş gedir. Rusiya təkcə parlamentlər səviyyəsində deyil, həyatın digər sahələrində də Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.

Səmimi qəbul üçün təşəkkürünü bildirən Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, məlum pandemiya səbəbindən Rusiyaya nəzərdə tutulan bu səfər gec həyata keçirilib: "Ümidvaram ki, bizim qarşılıqlı səfərlərimiz bundan sonra da davam edəcək. Bizim birlikdə müzakirə etməli olduğumuz çox məsələlər var".

Qeyd olunub ki, qarşılıqlı münasibətlərin inkişafında dövlət başçıları İlham Əiyevin və Vladimir Putinin qarşılıqlı etibara əsaslanan münasibətləri və mütəmadi görüşləri böyük rol oynayıb.

S.Qafarova ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Rusiya parlamentlərinin rolunu qeyd edərək bu sahədə hər iki ölkənin parlamentində fəsliyyət göstərən dostluq qruplarının əhəmiyyətini vurğulayıb. O bildirib ki, iki ölkə beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edir: "Bildiyiniz kimi, Rusiyanın bu quruma qayıtması məsələsinin müzakirə olunduğu Avropa Şurası Parlament Assambleyasının ötənilki iyun sessiyasında Azərbaycan nümayəndə heyəti bütövlükdə çıxış edərək Rusiyanın AŞPA-ya qayıtmasına səs verdi.

Milli Məclis və Federal Məclis arasında daimi ikitərəfli parlamentlərarası komissiyanın mövcudluğu təqdirəlayiqdir".

S.Qafarova deyib ki, Azərbaycan çoxmillətli və çox konfessiyalı olmaqla, zəngin mədəni və mənəvi irsə və multikulturalizm sahəsində böyük təcrübəyə sahibdir: "Buna görə də ölkəmiz hər zaman digər xalqlara və dinlərə, dünya mədəniyyətlərinin müxtəlifliyinə qarşı tolerantlıq nümayiş etdirmişdir. Bu baxımdan Cənubi Qafqazda ən çox etnik rusun Azərbaycanda yaşaması tamamilə təbiidir".

Qeyd olunub ki, iki ölkə arasında 200-dən çox ikitərəfli hökumətlərarası, dövlətlərarası və idarələrarası sənədləri özündə birləşdirən güclü bir hüquqi baza yaradılıb. Bu da iki ölkənin bütün sahələrdə uğurlu əməkdaşlığını şərtləndirir.

Sonra görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Qərb bölgəsində - Tovuz rayonu ilə sərhəddə baş vermis silahlı toqquşmalar barədə danışılıb. V.Volodin bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurur  və sülh prossesinə kömək etmir.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib.

Xəbərlər