2991
Üzbəüz 10 iyul — 19:44

XİN-in idarə rəisi və daha bir əməkdaşı da həbs olundu

Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

DTX-nin saytının yaydığı açıqlamada bildirilib ki, aparılan cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

***15:48

Xarici İşlər Nazirliyində (XİN) yeni saxlanılanlar var. Bu barədə məlumat verən mənbə bildirib ki, iyulun 7-də və 8-də daha iki nəfər tutulub. Bunlar nazirliyin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və bu idarənin əməkdaşı İlqar Əliyevdir.

"Onlar əvvəl həbs olunanların ifadəsi əsasında saxlanılıb. İlqar Əliyev iyulun 7-də tutulub. İyulun 9-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Faiq Bağırov isə bir gün sonra saxlanıb. O, həbs qərarı üçün bu gün (iyulun 10-da) axşamüstü məhkəmə qarşısına çıxarılmalıdır", - mənbə belə deyib.

Saxlanılanların hər ikisinə qarşı CM-nin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir: "Onlara verilən ittiham, əsasən, rüşvətlə viza düzəldilməsiylə bağlıdır".Səbail Rayon Məhkəməsindən də İ.Əliyev barəsində həbs-qətimkan tədbiri seçilməsini təsdiqləyiblər.

Beləliklə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) XİN-də keçirdiyi əməliyyat nəticəsində tutulanların sayı 5-ə çatıb. Xatırladaq ki, iyulun 3-də keçirilən əməliyyat zamanı nazirliyin İşlər İdarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Mollazadə, bu idarənin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin şöbə rəisi Nurupaşa Abdullayev həbs olunmuşdu. Onların hər üçünün barəsində Səbail Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

F.Mollazadə və S.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. N.Abdullayevə isə yalnız rüşvət alma ittihamı verilib. Onlar tenderlərdə tanış adamların yaratdığı şirkətləri qalib elan edib, həmin şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsini geri alıb mənimsəməkdə, xarici ölkə vətəndaşları üçün rüşvətlə viza düzəltməkdə suçlanır.

DTX-nın yaydığı videogörüntülərdə F.Molla-zadənin istintaqa ifadəsindən bir parça yer alıb. Həmin ifadədə o, tenderlər vasitəsilə korrupsiyaya yol verdiklərini etiraf edir və buna görə peşman olduğunu söyləyir.Bu maddələrlə 12 ilə qədər həbs cəzası nəzərdə tutulub. Həbs olunanlar DTX-nın istintaq təcridxanasında saxlanılır.

Xarici işlər naziri Elmar Məmmədyarov ilk dəfə baş verənlərə münasibətini bildirib, unikal.org-a açıqlamasında təəssüfləndiyini ifadə edib: "Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə, çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur".

Virtualaz.org

Xəbərlər