430
Üzbəüz 30 iyun — 18:35

Məmmədyarovla Mnatsakanyan arasında onlayn görüş başa çatdı

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə video konfrans formatında görüşü başa çatıb.

Xarici İşlər Nazirliyindən (XİN) virtualaz.org-a verilən məlumata görə, bir saat davam edən video konfransda tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırıb.

Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd ediblər. Nazir Elmar Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğulayıb.

Tərəflər qarşıdan gələn ay ərzində Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti video konfrans formatında görüşünün təşkilinə razılaşıblar. Həmçinin həmsədrlər nazirlərin birbaşa təmaslarının imkan olan ilk fürsətdə təşkili imkanlarını araşdıracaqlarını qeyd ediblər.

***16:38

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında videokonfrans formatında görüş keçirilir.

Virtualaz.org bildirir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də məlumat paylaşıb.

Qeyd edək ki, onlayn görüşə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də qatılıblar.

Onu da xatırladaq ki, ötən gün E. Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə videokonfrans formatında görüşü keçirilib.

Xəbərlər