191
Üzbəüz 29 iyun — 19:18

Elmar Məmmədyarov və Mnatsakanyan videokonfransla görüşəcək

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə videokonfrans formatında görüşü baş tutub.

Bu barədə virtualaz.org-a XİN-dən məlumat verilib.

Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma və infrastruktur layihələri daxil olmaqla Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət məsələsini qaldırıb.

Həmsədrlər imkan olan ilk fürsətdə iki ölkənin Xarici İşlər nazirləri arasında birbaşa təmasların qurulmasının əhəmiyyətini vurğulayıblar.

Sabah, 30 iyun tarixində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulur.

Xəbərlər