304
Üzbəüz 27 may — 17:58

Zelenski İlham Əliyevə zəng də etdi

Mayın 27-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Virtualaz.org bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Ukrayna Prezidenti koronavirusla mübarizə ilə bağlı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib, bunu bu ağır dövrdə dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Prezident İlham Əliyev bu yardımın ölkələrimiz və xalqlarımız arasında münasibətlərin ruhunu əks etdirdiyini bildirib.

Telefon söhbəti zamanı Azərbaycan investisiyası hesabına Ukraynada həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər də müzakirə olunub.

Prezident İlham Əliyev və Prezident Vladimir Zelenski postpandemiya dövründə də siyasi, iqtisadi-ticarət, nəqliyyat sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Ukrayna Prezidenti Ramazan ayının başa çatması və Respublika Günü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı bir sıra ikitərəfli və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

***14:00

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Virtualaz.org bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Hər bir azərbaycanlı üçün son dərəcə önəmli olan bu gündə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi məsələsində Ukraynanın dəyişməz mövqeyini təsdiq etmək istərdim.

Bütün aktual məsələlər üzrə, ilk növbədə, dünya miqyasında koronavirus pandemiyasının aradan qaldırılması, eləcə də ikitərəfli əlaqələrin iqtisadi və humanitar ölçülərinin gücləndirilməsi məsələlərində Kiyev və Bakı arasında mövcud ənənəvi tərəfdaşlıq münasibətlərinə dəyər verirəm.

Əminəm ki, Ukrayna və Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlıq gələcəkdə də qarşılıqlı hörmət və dəstək ruhunda inkişaf edəcəkdir.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və məsuliyyətli dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzu edirəm".

Xəbərlər