1647
Üzbəüz 6 aprel — 14:51

Sərhədlər bağlandı, Qazaxın İşıqlı kəndindən Ərdəhana gəlin aparan ailə yolda qaldı

Türkiyənin Ərdahan vilayətinin Məryəm kəndindən Azərbaycana gəlin gətirmək üçün gələn ailə koronavirus səbəbiylə geri dönə bilmir.

Virtualaz.org xəbər verir ki, bu barədə milliyet.com saytı məlumat yayıb. 

Bildirilir ki, Türkiyə vətəndaşı Türkay Türköz, qohumu Murat Türköz və onun azərbaycanlı həyat yoldaşı Aybəniz Türköz ilə birlikdə mart 11-də Qazax rayonunun İşıqlı kəndinə gəliblər. Türköz ailəsi burada toy edib, Türkay Şahnisə adlı xanımla ailə qurub. 

Lakin toydan sonra 13 martda Türkiyəyə dönməli olan ailənin istəyi koronavirus pandemiyasının qarşısını almaq məqsədilə görülən karantin tədbirləri səbəbindən baş tutmayıb. Sərhədlərin bağlanmasına görə yeni evlənən cütlük və qohumları Türkiyə ilə Gürcüstan arasındakı Aktaş sərhəd keçid məntəqəsində bir müddət qalıb, sonra Qazaxa geri dönüblər.

Türkay Türközün valideynləri övladlarının və gəlinin Türkiyəyə gətirilməsinə yardım etmək üçün ölkə rəhbərliyinə müraciət edib. Bəyin anası Sadəgül Türközun sözlərinə görə, oğlunun toyu üçün hətta yeməkləri də hazır edibmiş: “Həyat yoldaşımın gözləri görmür. Oğlum evimizin yeganə ümididir. Kənddə heyvanlarımız var, torpaq  sahələrimiz var, əkilməlidir. Oğlum azərbaycanlı nişanlısı ilə martın 13-də geri dönməli idi. Hətta toy üçün yeməkləri belə hazırlamışdıq. Lakin sərhəd bağlandı, sevincimiz kədərə döndü. Ölkə başçısından xahiş edirəm ki, bizə kömək etsin, yaxınlarımız geri dönə bilsinlər”, - müraciətdə deyilir. 

G.Əliyeva

Virtualaz.org

Xəbərlər