909
Üzbəüz 28 yanvar — 17:02

Kommunist Vadim Əbdürrəhmanov: “Diaspor lideri Azad Seyidov mənə qarşı sui-qəsd təşkil edib"

“Rusiya Kommunistləri” partiyasının Surqut şöbəsinin lideri Vadim Əbdürrəhmanov yerli prokurorluğa şikayət verərək regionundakı azərbaycanlı diasporunun rəhbəri Azad Seyidovun ona qarşı sui-qəsd təşkil etdiyini bildirib.

Virtualaz.org xəbər verir ki, Əbdürrəhmanovun bildirdiyinə görə, 2016-cı ildə onun avtomobilini Azad Seyidovun sifarişi ilə atəşə tutublar. Kommunistin avtomobili işıqforda dayanarkən sürücü tərəfdən şüşə açılan atəşlə sınıb dağılıb. O zaman Əbdürrəhmanov polisə şikayət etsə də hüquq-mühafizə orqanları hadisəni sui-qəsd kimi qiymətləndirməyiblər. Bildiriblər ki, atəş travmatik silahdan açıldığı üçün bunu sui-qəsd hesab etməyə əsas yoxdur.

Lakin indi şuqrutlu kommunist Seyidovun şəxsi düşmənçilik zəminində onu öldürmək istədiyinə əmindir.

Əbdürrəhmanovun sözlərinə görə, onunla Seyidov arasında münaqişə hələ 2015-ci ildə başlayıb. Diaspor lideri Azad Seyidov Əbdürrəhmanovun arvadının vətəni Azərbaycana göndərilməsinə kömək edib. Arvadının qəflətən onu atıb Azərbaycana getməsinin səbəbini Əbdürrəhmanov bilmir, amma deyib ki, insidentdən dərhal sonra boşanıb. Yetkinlik yaşına çatmayan uşaqlar Surqutda atası ilə qalıb.

“Mən o vaxt ondan soruşanda ki, niyə belə eləyib, cavab verdi ki, Surqut şəhər administrasiyasından xahiş etmişdilər. Dedim bu işi belə qoymayacam və yarım il sonra mənə sui-qəsd oldu”,-Əbdürrəhmanov deyir.

Əbdürrəhmanov bu əhvalat haqda yazan yerli Muksun.fm saytına bildirib ki, təkrar prokurorluğa şikayət etməsinin səbəbi onun yeni əldə etdiyi informasiyadır. Həmin informasiyaya əsasən avtomobilə atəş açan Emin Babayevdir, o Surqut azərbaycanlılarının milli-mədəni muxtariyyəti olan “Birlik” cəmiyyətinin sədri Azad Seyidovun sifarişi ilə bu əməli törədib. Kommunist hesab edir ki, Babayevlə Seyidovu dostluq əlaqələri birləşdirir.

Seyidov isə bu iddianı təkzib edir, deyir ki, Babayev hazırda Azərbaycandadır, çox sakit adamdır və kriminalla əlaqəsi yoxdur. O qayıdıb barəsində səslənən böhtana görə prokurorluğa şikayət edəcək.

O da bildirilir ki, 2019-ci il oktyabrın 19-da Əbdürrəhmanovun tanışının ərizəsi əsasında “Birlik” cəmiyyətinin ofisində axtarış aparılıb. “Bunlar mafiyadır! Keçən payız Seyidovun ofisində axtarış aparıldı, qadağan olunmuş ekstremist ədəbiyyat tapıldı. Əgər məndə belə şey tapsaydılar tutardılar, Seyidova isə sadəcə xəbərdarlıq elədilər”,-surqutlu kommunist bildirir.

Azad Seyidov isə deyir ki, söhbət vəhabiliyi təbliğ edən kitablardan gedir və onun həmin kitablara aidiyyatı yoxdur, çünki şiədir. Və güman edir ki, həmin kitabları ofisə qəsdən atıblar.

Əbdürrəhmanovla münaqişəyə gəldikdə isə Seyidov bildirib ki, kommunistin arvadının qohumlarının və şəhər meriyasının himayəlik orqanlarının əməkdaşlarının xahişi ilə qadının Azərbaycana göndərilməsinə yardım etmək istəyib. Onu Əbdürrəhmanovun arvadının olduğu “Aprel” sosial yardım mərkəzinə çağırıblar, orada Seyidov qadına kömək edə bilməyəcəyini deyib, nəticədə kommunistin arvadı Rusiyanı özü tərk edib.

2018-ci ildə Əbdürrəhmanov yenidən Seyidovla qarşılaşıb, həmin vaxt sosial yardım mərkəzindən ona təkrar müraciət ediblər. “Orqanlar ondan uşaqları aldığına görə mənə müraciət etdi ki, uşaqların anasını Azərbaycanda tapmağa kömək edim. Mən də sosial yardım mərkəzinə məktub yazıb kömək xahiş elədim. 2018-ci ilin dekabrında Vadim Əbdürrəhmanov belə qənaətə gəlib ki, mən onun ailə işlərinə qarışıram və başlayıb şikayət yazmağa”,-Seyidov bildirib.

Virtualaz.org

Xəbərlər