3033
Üzbəüz 27 yanvar — 17:26

Respublika başçısı FHN zabitini “əhliləşdirməyə” çalışdı, qalmaqal qopdu

Görünür Rusiyada İnquşetiya muxtar respublikasının başçısı Mixail İqnatyevə heç kim bu qədər zərbə vura bilməzdi ki, o öz əli ilə özünə həmin zərbəni vurub. Üstəlik cəmi bir həftəyə.

Belə ki, Rusiyada bu məmur faktiki olaraq heç nədən, durduğu yerdə birdən-birə bütün federal KİV-lərin az qala əsas mövzusuna çevrilib. Və hazırda onun vəzifəsində qalıb-qalmaması məsələsinə Kremldə baxırlar.

Virtualaz.org xəbər verir ki, əvvəlcə yanvarın 19-da İqnatyev Rusiya mətbuatı Günü münasibətilə ona loyal olan bir qrup jurnalisti qəbul edib. Və gözlənilmədən jurnalistlər İqnatyevdən onu tənqid edən jurnalistləri “isladıb batırmağa” (rusca “moçit” ifadəsini işlədib) çağırıb. Qalmaqal qopanda qubernatorun mətbuat xidməti bu ifadənin jurnalistlərə divan tutmaq mənasında deyil, onların sifarişçilərini ifşa etmək mənasında işlədildiyini bildirib.

Amma bu izahat heç kimi qane etməyib. Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyev İqnatyevin sözlərini “jurnalistlərə divan tutmağa açıq çağırış” kimi qiymətləndirib. Məsələ beynəlxalq miqyas alıb və Sərhədsiz Reportyorlar İqnatyevin istefaya göndərilməsinə çağırıb. ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi də İnquşetiya rəhbərini qınayan bəyanat yayıb.

Lakin bu qalmaqal səngiməmiş İqnatyev özünə daha bir zərbə vurub-bu dəfə o, yanvarın 24-də Fövqəladə Hallar Nazirliyi üçün alınmış yeni texnikanın təqdim edilməsi mərasimində FHN zabitini “əhliləşdirməyə” çalışıb. İqnatyev texnikanın açarını FHN zabitinə təqdim edərkən onu açarın arxasınca yuxarı tullanmağa məcbur edib. Belə üsuldan adətən itləri əhliləşdirmək üçün istifadə edirlər.

Görüntülər sosial şəbəkələrdə yayılandan sonra daha betər qalmaqal qopub. İqnatyevin mətbuat xidməti onun “zarafat etdiyini, hamının bu zarafata güldüyünü” bildirsə də yuxarılarda İnquşetiya rəhbərinin yumor hissini lazımınca dəyərləndirməyiblər.

Hakim “Vahid Rusiya” partiyasında onun davranışlarını “mənəvi şikəstlik” adlandırıblar və İqnatyevin partiyadan xaric edilməsi məsələsinin müzakirə ediləcəyini bildiriblər.Partiyanın Baş katibi Andrey Turçak bildirib ki, FHN mayorunu “hə, tut görüm” seriyasından olan eybəcər tryukla tullanmağa məcbur etmək məmura yaraşan hərəkət deyil: “Onun qarşısında zabit dayanıb, insanların həyatını xilas edən zabit. Və özünü bu cür əclafcasına aparmaq...Nə deyəsən? Mənəvi şikəstlikdir”.

İqnatyevin zarafatını FHN-də də qiymətləndirməyiblər. Bu nazirliyə rəhbərlik edən Yevgeni Ziniçev-FTX direktorunun keçmiş müavini və prezident Putinin şəxsi mühafizəsinin keçmiş əməkdaşı deyib ki, belə ranqda məmurun özünü bu cür aparması yolverilməzdir. İndiki halda isə ucuz sirkdən söhbət gedir. Və onun həmin vəzifəyə uyğunluğu yoxlanmalıdır. Nazirin adından verilən açıqlamada açarın dalınca tullanan zabitə də qınaq var, ona özünü tutduğu vəzifəyə uyğun aparmalı olduğunu xatırladıblar.

Putinin mətbuat katibi Dmitri Peskov da İqnatyevin qalmaqallarına münasibət bildirib, deyib ki, Kremldə bütün baş verənlərlə tanışdırlar və qiymətləndirmələr aparılır.

Belə görünür ki, İqnatyevin istefaya göndərilməsi artıq zaman məsələsidir.

Virtualaz.org

 

 

Xəbərlər