168
Üzbəüz 14 dekabr — 22:31

Nigeriyada "Boko Haram" silahlıları şəhərə hücüm etdilər

"Boko Haram" terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqindəki Borno ştatının Maqumeri şəhərinə hücüm edərək azı 15 nəfəri öldürüblər.

Bu barədə jurnalistlərə ştatın deputatı Osman Zann məlumat verib.

Onun sözlərinə görə, silahlılarla atışmada təhlükəsizlik xidmətinin və könüllülərin 8 döyüşçüsü, habelə 7 dinc sakin həlak olub.

Silahlılar Maqumeriyə 11 avtomobildə soxulublar. Şahidlər bildiriblər ki, terrorçular iri kalibrli pulemyotlardan istifadə ediblər. Nigeriya hakimiyyəti hələ bu hadisə haqqında informasiya yaymayıb.

“Report” xatırladır ki, "Boko Haram" təşkilatı Nigeriyanın şimalında 2002-ci ildə yaradılıb. Qruplaşmanın bazası Mayduquri şəhəri hesab edilir. Təşkilat ölkədə hakimiyyəti ələ keçirməyi qarşısında məqsəd qoyub.

BMT-nin məlumatına görə, "Boko Haram" son 10 ildə Nigeriyada 35 min insanı qətlə yetirib.

Xəbərlər