482
Üzbəüz 14 dekabr — 13:19

Türkiyə parlamentinin erməni deputatı da “soyqırımı” qətnaməsinə qarşı çıxdı

Türkiyə parlamentinin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan erməni əsilli deputatı Markar Yesayan ABŞ Senatında “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qətnamənin əleyhinə çıxış edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, deputat bu sənədin Ermənistan-Türkiyə dialoquna mane olduğunu deyib.

Onun sözlərinə görə, on illərdir “soyqırım”la əlaqəli qəbul edilməyən qətnamə Türkiyəni Rusiyadan S-400 komplekslərini almasına və Suriyadakı əməliyyata görə cəzalandırmaq üçün təsdiqlənib.

“Bunun tarixə və reallığa heç bir aidiyyəti yoxdur. Atılan addım yalnız dialoqa mane olur. Və yəqin ki, bu, elə arzuolunandır. Beləliklə, vampirlər üçün ziyafətə çevriləcək yara həmişə qanayacaq”, - deyə Yesayan öz "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, dekabrın 12-də ABŞ Senatında qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə yekdilliklə qəbul edilib.

Dünən isə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında ABŞ Senatının qondarma erməni soyqırımı qərarını qınayan və rədd edən qətnamə mətni qəbul edilib. Sənədin əleyhinə yalnız kürdyönümlü HDP qrupu səs verib.

Qəbul edilən qətnamədə deyilir:“ABŞ Senatının tarixi reallıqları təhrif edərək beynəlxalq hüququn normalarını heçə sayaraq, qondarma erməni soyqırımı iddiaları ilə bağlı qəbul etdiyi qərarı Türkiyə Böyük Millət Məclisi olaraq təəssüflə qınayır və rədd edirik”.

Xəbərlər