258
Üzbəüz 5 dekabr — 16:57

Dünyaca məşhur memar Bakı tələbələri ilə görüşdü

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkədə yeni nəsil memarların yetişdirilməsinə və onların şəhərsalma sahəsində mütəxəssis kimi formalaşmasına daim dəstək göstərir, bu məqsədlə silsilə layihələri reallaşdırmaqda davam edir.

Komitədən virtualaz.org-a verilən məlumata görə, qurum tərəfindən təşkil olunmuş növbəti tədbir nüfuzlu memar Anton Xmelnitskinin Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşü olub.

Məşhur memar Norman Fosterin təsisçisi olduğu “Foster and Partners” şirkətinin partnyoru, “Architects of Invention” memarlıq bürosunun təsisçisi və büronun London ofisinin rəhbəri olan Anton Xmelnitski bir sıra tanınmış layihələrin gerçəkləşməsinə rəhbərlik edib. Memar Londonda mötəbər layihələrdə, o cümlədən London İqlim Dəyişikliyi Agentliyinin qərargahı olan “Palestra” adlı müasir binanın layihələndirilməsində, “Victoria House” adlı tarixi binanın yenidənqurulmasında yaxından iştirak edib, Moskvada “Zaryadye” parkının Baş planının hazırlanması və “Qırmızı Oktyabr” ictimai-mədəni məkanının yenidənqurulması kimi əhəmiyyətli layihələrin həmmüəllifi olub.

Memarın tələbələrlə master-klass formatında keçirilmiş bu görüşünün əsas məqsədi gənclərə şəhərsalma elminin praktiki əhəmiyyəti, urbanizmdə və şəhər mühitinin yaradılmasında müasir yanaşmalar barədə dünya təcrübəsi nümunələrindən məlumat verməkdir. Tələbələr tərəfindən böyük maraqla qarşılanan mühazirə çərçivəsində şəhər planlamasının vacibliyini vurğulayan Xmeltnitski İspanyanın Bilbao şəhərinin keçdiyi inkişaf yolunu nümunə göstərib.

Memarın təqdimatı bir zamanlar iqtisadi tənəzzülə uğramış Bilbaonun müasir şəhərə çevrilməsi prosesini əhatə edib. Bildirilib ki, 1983-cü ildə baş vermiş daşqın nəticəsində Bilbaonun iqtisadiyyatına güclü zərbə dəyib və şəhərin gələcək inkişafını təmin etmək məqsədilə Baş Plan hazırlanıb. Məhz Baş Planla nəzərdə tutulmuş genişmiqyaslı layihələrin davamlı və sistemli şəkildə həyata keçirilməsi nəticəsində şəhər yenidən dirçəlib, geniş ictimai məkanlar, yaşıllıq sahələri yaradılıb, sosial-mədəni və infrastruktur obyektləri tikilib, iş yerləri təşkil edilib. Eyni zamanda, Bilbao şəhərinin ötən onilliklər ərzində qarşılaşdığı çağırışlar və keçdiyi inkişaf yolu barədə mühazirədə Bakı şəhəri ilə kəsişən xüsusiyyətlərinin təsvir olunmasına xüsusi yer ayrılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi memarlıq və şəhərsalma üzrə ixtisaslaşan gənclərin həvəsləndirilməsi və maarifləndirilməsinə xidmət edən bu növ layihələrin reallaşdırılmasını bundan sonra da davam etdirəcək.

Xəbərlər