350
Üzbəüz 10 oktyabr — 14:38

Gürcüstan azərbaycanlıları Baş Prokurorluq qarşısında aksiya keçirdilər

Gürcüstanın Qardabani rayonunun Qaracalar kənd sakinləri ölkənin Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası keçiriblər.

"Report" xəbər verir ki, aksiya iştirakçıları 2017-ci ildə kənddə baş verən hadisəyə görə saxlanılan şəxslərlə bağlı aparılan məhkəmə prosesinin ədalətsiz olduğunu bildiriblər.

Aksiyaçılar əllərində "Ədalətli məhkəmə tələb edirik!", "Gürcüstan azərbaycanlıları seçkidən seçkiyə yada düşürlər!" və digər şüarlar tutublar.

Qaracalar sakinləri bildiriblər ki, iş üzrə saxlanılan 6 şəxsə 12 il müddətinə həbs cəzası verilib. Onların sözlərinə görə, həbs olunan gənclərin üçü - Dinar Mehdiyev, Rahib Kərimov və Nicat Babayev günahsızdırlar.

Etirazçılar deyiblər ki, məsələ ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət olunub. Onlar birinci məhkəmə instansiyasının qərarının haqsız olduğunu qeyd edərək cəzanın yüngülləşdirilməsini tələb ediblər.

Həbsdə olan gənclərin yaxınları deyiblər ki, iş üzrə zərərçəkən şəxs həmin gənclərin hadisədə iştirak etmədiklərini bildirib. Lakin buna baxmayaraq, günahsız gənclər törətmədikləri cinayət əməlinə görə həbsdədirlər.

Aksiyaçılar deyiblər ki, işlə bağlı günahkar şəxslər azadlıqdadır və onların günahını sübut edən dəlillər var.

Qaracalar kənd sakinləri deyiblər ki, tələbləri nəzərə alınmasa, daha genişmiqyaslı aksiya keçirəcəklər. Günahsız olaraq həbsə atılan gənclər aclıq aksiyası elan etmək niyyətindədirlər.

Aksiyanın sonunda Qaracalar kənd sakinlərinin müraciəti Baş Prokurorluğa təqdim olunub.

Xəbərlər