152
Üzbəüz 11 sentyabr — 13:42

Təhsil işçilərinin respublika konfransı keçirilir

Sentyabrın 11-də Bakıda təhsil işçilərinin respublika konfransı öz işinə başlayıb.

Nazirlikdən virtualaz.org-a bildirilib ki, konfransda hesabat məruzəsi ilə çıxış edən Təhsil naziri Ceyhun Bayramov son illərdə ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Məktəbəqədər təhsilin əhəmiyyətindən danışan Təhsil naziri UNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə də toxunub. Qeyd edib ki, növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur.

Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də söz açıb. Vurğulayıb ki, həyata keçirilən bütün tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırıb və 2019-cu ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

Nazirin sözlərinə görə, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar söyləməyə imkan verir.

İstedadlı uşaqlarla iş sahəsində görülmüş işləri vurğulayan Ceyhun Bayramov deyib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla ümumilikdə 146 medal qazanıblar. Tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi cari tədris ilində genişləndirilib və 2 min 140 sinifdə 47 min 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib.

Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları nəzərə çatdıran Ceyhun Bayramov qeyd edib ki, layihə növbəti tədris ilində 100-dən çox məktəbi və 90 mindən çox şagirdi əhatə edəcək.

Növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən çox şagird əhatə edilməklə məktəblərdə STEAM-in (təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək. Eyni zamanda, növbəti tədris ilindən ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır. İlkin olaraq müxtəlif bölgələr əhatə edilməklə 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq.

Təhsil naziri Ceyhun Bayramov çıxışının sonunda yeni tədris ilinin başlaması münasibətilə təhsil işçilərini təbrik edərək uğurlar arzulayıb.

Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Bəxtiyar Əliyev, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Şahlar Əsgərov, Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva konfransın əhəmiyyətinə toxunaraq uğurla həyata keçirilən təhsil siyasətindən, əldə edilən nailiyyətlərdən və yeni tədris ili üçün nəzərdə tutulan əsas prioritetlərdən danışıblar.

Daha sonra Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinin gənc müəllimi Şəbnəm Uğurlu, bu il ali təhsil müəssisələrinə qəbul zamanı yüksək balla pedaqoji ixtisası seçən tələbə Fidan Əhmədova çıxış ediblər.

Konfransın plenar iclası başa çatıb. Konfrans panel sessiyalarla davam edəcək. Panel sessiyalarda “Təhsilin məzmunu, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları”, “Qiymətləndirmədə buraxılış imtahanlarının yeni modeli: ilkin nəticələrin təhlili”, “Rəqəmsal sistemlər və səmərəli idarəetmə”, “İstedadlı uşaqlarla işin təşkili”, “STEAM milli kurikulumun tərkib hissəsi kimi”, “Ümumi təhsil məktəblərində peşəyönümlü təmayüllərin tətbiqi” mövzularında müzakirələr aparılacaq.

Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, sentyabrın 2-dən 6-dək respublikanın müxtəlif rayon və şəhərlərində təhsil işçilərinin sentyabr konfransları keçirilib. Sentyabr konfranslarında ötən tədris ilinin yekunları və yeni tədris ilinin prioritet istiqamətləri təhsil işçiləri ilə geniş müzakirə edilib, görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlar verilib.

Xəbərlər