601
Üzbəüz 16 may — 16:21

Dilçilik İnstitutunun direktoru və şöbə müdiri arasında böyük qalmaqal

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri dilçilik” şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov İnstitutun “Terminologiya” şöbəsinin müdiri Sayalı Sadıqovanın yeni nəşr etdirdiyi “İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması ilə bağlı ittihamlarla çıxış edib. O, Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoylunun redaktəsilə nəşr olunan kitabın əslində M. İ. Adilov, Z. N. Verdiyeva və F.M. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri lüğəti” və F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopediyası”ndan köçürüldüyünü bildirib.

Dövlət vəsaiti hesabına nəşr olunmuş, hətta mükafatlandırıldığı deyilən “İzahlı dilçilik terminləri lüğəti”ni əmanətə xəyanət, müəllif hüququna qəsd, dövlətə, xalqa və elm ictimaiyyətinə hörmətsizlik kimi qiymətləndirən İ. Abbasov M.Nağısoylunu külli-miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edib: “Elmi-tədqiqat müəssisəsi elmdən uzaq düşüb. 3 ildir dövlətin instituta ayırdığı büdcənin, mənimsənilən qrantların müqabilində hansı işlərin görüldüyünün şəffaflığı təmin edilməlidir. Dilçilik İnstitutu pulmənimsəmə və istirahət ocağı deyildir”.

Akademik Möhsün Nağısoyludan direktor olduğu üç il ərzində dövlət büdcəsindən iş görmək adı ilə müxtəli formalarda mənimsədiyi 100 minlərlə vəsaiti geri qaytarmağı tələb edən İ.Abbasov “İzahlı dilçilik terminləri lüğəti”nin müdafiəçisini açıq elmi debata, diskussiyaya dəvət edib.

“Əqli Mülkiyyət Agentliyi öz rəsmi məlumatında 2 lüğətin plagiat olduğunu bəyan edib. İndi necə ola bilər ki, həmin qurum rəsmi sənəd versin və tərtib işinin, lüğət işinin plagiat olma ehtimalını təkzib etsin?! Neqativ davranışın bu cür akademik təzahürü (aldatma həvəsi) dövlətin yürütdüyü elm siyasəti ilə uzlaşmır. Dövlət və xalq qarşısında səhvlərini etiraf etmək əvəzinə, “dövlətdən gizlətmək”, “dövlətdən müdafiə olunmaq” (?!), “institut sirlərini qorumaq”, “institut çörəyi yemək” kimi düşüncə tərzinə malik alimlər bir həqiqəti dərk etməlidirlər ki, hansısa qrupa, “avtoritet”ə yox, öz dövlətinə, dövlət başçısına və qanunlara sədaqətli olmaq şərtdir. Alim adını daşıyan hər kəs dövlətin elm potensialının möhkəmlənməsinə töhfə verməlidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edib plagiatlığı müdafiə etmək, dövlət vəsaitini mənimsəmək cinayətdir”.

Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu isə rəhbərlik etdiyi institutun şöbə müdirinin ittihamlarına cavab verib. O, həmkarını ictimaiyyəti çaşdırmaq, sosial şəbəkədə mənfi rəy yaratmaq niyyətinində ittiham edib.

“Elmin İnkişafı Fondundan qazandığım qrant layihəsi xətti ilə görülən işlərin hesabatı adı çəkilən quruma hər 3 aydan bir təqdim olunmuşdur. Bunun sizə, hətta Dilçilik İnstitutuna da heç bir aidiyyəti yoxdur. Amma yenə də ictimaiyyət üçün qısaca açıqlama verirəm. Qrantdan alınan əməkhaqqı hesabına 2 kitab (biri 250 səh, digəri 500 səh) və 60-dan çox məqalə hazırlanmışdır. Bir də ki, layihədə mənimlə yanaşı, daha 6 nəfər elmi işçi iştirak etmişdir. Odur ki, “100 minlərlə vəsaiti mənimsəmək” ittihamınıza görə cavab verməli olacaqsınız”, - M. Nağısoylu qeyd edib.

O, həmçinin plagiat sayılan kitabın həmmüəllifinin özünün yox, AMEA-nın Rəyasət Heyətinin çox nüfuzlu komissiyasının mükafatlandırdığını deyib: “Həm də həmin gənc xanım (Şəbnəm Həsənli-Qəribova) plagiat saydığınız kitaba görə yox, 87 məqaləsinə (sizin neçə məqaləniz var?) və 7 kitabına (bəs sizin?) görə mükafatlandırılıb. Onu da diqqətə çatdırım ki, bu mükafatı almağa təkcə Dilçilik İnstitutundan daha iki gənc xanım namizəd idi”.

M. Nağısoylu həmçinin indiyə kimi qazandığı elmi nailiyyətləri alın tərinin hesabına əldə etdiyini deyib: “Bəs siz? Sizdə, yəqin ki, sosial şəbəkə statusları üstünlük təşkil edər. Allah köməyiniz olsun.

P.S. Bundan sonra uydurmalarınızı sabun köpüyü sayacağam. Suallarınızı da vəkilim (özü də sosial şəbəkədə yox) cavablandıracaq".

Virtualaz.org

Xəbərlər