186
Üzbəüz 14 mart — 17:17

İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə dəvət edildi

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç ilə görüşü olub.

AzərTAc xəbər verir ki, görüşdə VII Qlobal Bakı Forumunda iştirak etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Çeferoviçə təşəkkürünü bildirən Prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrin müzakirə edilməsi baxımından çox yaxşı bir fürsət olduğunu deyib.

Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıb.

Foruma dəvətə görə minnətdarlığını ifadə edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç dost ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və qarşılıqlı maraq əsasında inkişaf etdirildiyini bildirib.

Azərbaycanın Bosniya və Herseqovinaya verdiyi dəstəyi və ikitərəfli əməkdaşlığı, eləcə də, Azərbaycanın bu ölkədə həyata keçirdiyi humanitar layihələri yüksək qiymətləndirib. Bosniya parlamentinin üzvü olan zaman Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Xocalı soyqırımının qınanması ilə əlaqədar sənədin qəbul olunmasında şəxsən iştirak etdiyini deyən Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyevi Bosniya və Herseqovinaya rəsmi səfərə dəvət edib.

Dövlətimizin başçısı dost ölkə olan Bosniya və Herseqovinanın parlamentində Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul edilməsinə görə təşəkkürünü bildirib. Hələ keçən əsrin 70-ci illərində Bakı və Sarayevonun qardaşlaşmış şəhərlər olduğunu deyən Prezident İlham Əliyev şəhərlər arasında əməkdaşlığın, insanlararası təmasların və mədəni-humanitar əlaqələrin inkişafının vacibliyini qeyd edib.

Xəbərlər