753
Üzbəüz 18 fevral — 13:36

Qəbələdə çalışan həkimlər dalağı parçalanmış britaniyalı turisti həyata qaytardılar

Səhiyyə Nazirliyi bölgələrdəki xəstəxanalarda əhaliyə göstərilən tibbi xidmət, səhiyyə müəssisəsinin mövcud imkanları, o cümlədən kadr potensialı ilə tanışlıq məqsədilə bu dəfə Qəbələyə press-tur təşkil edib.

Virtualaz.org xəbər verir ki, media nümayəndələri Qəbələ Rayon Mərkəzi Xəstəxanası, eləcə də rayon Müalicə Diaqnostika Mərkəzində tibbi müayinənin təşkili ilə tanış olublar.

Bildirilib ki, rayonda 12 tibb məntəqəsi, 1 qəsəbə xəstəxanası fəaliyyət göstərir. 160 çarpayılıq rayon mərkəzi xəstəxanasında 120 həkim, 365 orta tibb işçisi çalışır, xəstəxana müasir tibbi avadanlıqlarla təchiz edilib.

Xəstəxananın baş həkimi Sabir Bayramovun sözlərinə görə, təkcə poliklinika şöbəsinə ayda 700-ə yaxın müraciət daxil olur. Müraciətlərin çoxu endokrinoloji xəstəliklər və revmatizmlə bağlıdır. Çünki Qəbələdə suda yod çatışmazlığı var.

Rayon xəstəxanasında Bakıdan gələn gənc kadrlar da çalışırlar. Onlardan biri xəstəxananın cərrahi şöbəsinin rəhbəridir. S.Bayramov əlavə edir ki, paytaxtdan gələn həkimlər üçün hər cür şərait yaradılır. Əvvəllər xəstəxanada ftiziatr (vərəm xəstəliyi) profili üzrə həkimlərə ehtiyac yaranmışdısa, indi bu sahə üzrə də həkim var.

Baş həkim laboratoriyada yaradılan şəraitdən danışır. Deyir ki, ailə qurmaq istəyən cütlüklərin nikahöncəsi müayinəsi üçün şərait yaradılıb. “Əsas diqqət talassemiya daşıyıcılarının müəyyənləşdirilməsinə yönəlib, çünki bu, regionda daha çox müşahidə edilən xəstəliklər arasındadır. Qəbələdə 300-ə yaxın talassemiya xəstəsi var. Biz talassemiya daşıyıcılarının aşkarlanmasına çalışırıq, belə ki, xəstə uşaqların doğulmasının qarşısını almaq üçün önləyici tədbirlər vacibdir. Ümid edirik ki, yaxın 10 ildə Azərbaycan talassemiyasız ölkə statusunu qazanacaq”, -Bayramov söyləyib.

Media nümayəndələrinə o da bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılan vəsait hesabına imtiyazlı xəstələr pulsuz dərmanla təmin edilir. Məsələn, rayonda 1780 nəfərə yaxın şəkərli diabet xəstəsi qeydiyyatdadır, onlar vaxtlı-vaxtında dərman ala bilirlər.

Baş həkimin müalicə işləri üzrə müavini Fikrət Cəfərov isə məlumat verib ki, xəstəxana cərrahiyyə, ginekologiya, doğum, təcili yardım, qəbul, reanimasiya, laboratoriya, qadın məsləhətxanası, terapiya olmaqla 8 şöbədən ibarətdir. Reanimasiya şöbəsində 9-10 xəstə qəbul etmək imkanı var.

Doğum şöbəsinin müdiri Səxavət Kərimova isə şöbənin fəaliyyəti haqda məlumat verib. Onun sözlərinə görə, ay ərzində 100-130 doğuş qəbul edilir. “Şöbə birinci dərəcəli doğuşa yardım xidməti göstərir. Hamiləliyin 20-25-ci həftəsində hər hansı yanaşı xəstəliklər, yaxud ağırlaşmalar müşahidə olunursa, hamilə Şəki Regional Perinatal Mərkəzinə göndərilir. Keysəriyyə əməliyyatı aparan təcrübəli cərrah-ginekoloqlarımız da var. Bu il xəstəxanada 665 hamilə qeydiyyata alınıb”, - şöbə müdiri deyib.

Şöbədəki yeniliklərdən biri də fərdi doğum otaqlarının yaradılmasıdır. S.Kərimova əlavə edir ki, artıq evdə doğuş qeydə alınmır.

Jurnalistlər daha sonra Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzində olublar. 2008-ci ildə istifadəyə verilən mərkəzdə 51 həkim, 106 orta tibb işçisi fəaliyyət göstərir. Mərkəzin baş həkimi Ceyhun Əhmədovun sözlərinə görə, gün ərzində 100-ə yaxın müraciət olur, ildə isə təxminən 1200 müxtəlif cərrahi əməliyyat həyata keçirilir.

Mərkəzdə hemodializ şöbəsi də var, 51 xəstə proqramlaşdırılmış hemodializ seansı alır. “Qəbələ turizm bölgəsi olduğundan əcnəbi turistlər də tez-tez müraciət edirlər. Məsələn, İngiltərə vətəndaşı yol qəzasına düşmüşdü, xəstəxanaya gətirilərkən dalağı parçalanmışdı, daxili qanaxma başlamışdı. Bizim həkimlərin sayısində sağ qaldı. Əcnəbi turistlər daha çox travmalar, bir də yüksək təzyiqlə bağlı müraciət edirlər”, - baş həkim məlumat verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov isə regionlarda əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərildiyini deyib. Onun sözlərinə görə, Qəbələ turizm bölgəsi olduğundan 6 mərtəbəli yeni xəstəxana binasının tikintisinə başlanılıb. Yeni xəstəxananın 2020-ci ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər