2737
Üzbəüz 11 fevral — 10:13

DTX daha bir xaini yaxaladı

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti xarici xüsusi xidmət orqanının xeyrinə casusluq edən daha bir şəxsi yaxalayıb. Bu barədə DTX-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin yaydığı rəsmi məlumatda deyilir.

Məlumata əsasən Dövlət Təhlükəsizliyi Xidmətində davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.

Müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər Anar Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan vətəndaşları barədə məlumat toplamaq, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək barədə tapşırıqlar veriblər.

Habelə Ələkbərova Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verilib.

Anar Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

Araşdırmalar zamanı Anar Ələkbərovun Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə ediib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb. O, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.

Anar Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Virtualaz.org

Xəbərlər