1900
Üzbəüz 7 dekabr — 15:00

Milyarder Fərhad Əhmədovun deputat Gövhər Baxşəliyevə cavabı

Son zamanlar Azərbaycanda rus dilində təhsil məsələsi ətrafında ictimai diskussiyalar yenidən qızışıb. Bu diskussiyalar sentyabrın 15-də yeni tədris ilinin başlaması ərəfəsində Azərbaycanın rusdilli orta məktəblərində yerlərin kəskin qıtlığı üzə çıxanda başlamışdı. Məlum olmuşdu ki, övladlarını rusdilli məktəblərə yazdırmaq istəyənlərin sayı son illər xeyli artıb, nətcədə belə məktəblərdə yerlərin qıtlığı yaranıb.

Lakin bu nüansın ortaya çıxması Azərbaycanda rus dilinə və rus dilində təhsilə marağın artması barədə müxtəlif mövqelərə səbəb oldu. Bir çoxları bunu yaxşı tendensiya adlandırsa da məktəblərdə rus dilinin saxlanılmasına qarşı çıxıb təhsilin ancaq milli dildə aparılmasının vacib olduğunu deyənlər də tapıldı. Belə mövqedə olanlardan biri də Milli Məclisin deputatı Gövhər Baxşəliyeva idi.

Məktəblərdə rus dili məsələsi ətrafında davam edən ictimai diskussiyalarla bağlı azərbaycan əsilli rusiyalı milyarder, iş adamı Fərhad Əhmədov da öz fikirlərini bildirib. F.Əhmədov bu mövzuda yazdığı məqaləni redaksiyamıza təqdim edib.

“Qloballaşma epoxasında milli dillərə qapanıb qalmaq dalana aparır” başlıqlı həmin məqaləni təqdim edirik:

 

*** 

Deputat Gövhər Baxşəliyevanın təşəbbüsü ilə məktəblərdə rus dilinin saxlanılması məsələsi barədə müzakirələr başlayıb. Həmişə hesab etmişəm ki, iki dilli olmağın Azərbaycana yaratdığı rəqabət üstünlüyü kifayət qədər aydındır. O qədər aydındır ki, bu cür diskussiyalar Xalq Cəbhəsi ilə birlikdə keçmişə qarışıb. Lakin bir halda ki, bu cür hörmətli alim və siyasətçi məsələni tamamilə ciddi qoyur, deməli ona reaksiya vermək lazım gəlir.

Əvvəlcə hamıya bəlli olan faktı xatırladım. Bakı Rusiya imperiyası və sonradan SSRİ üçün əhəmiyyətli olan güclü sənaye mərkəzi kimi rus dilinin işləmək və yaşamaq üçün Azərbaycana gələn  xalqların nümayəndələrini birləşdirdiyi şəhər kiimi formalaşdı, inkişaf etdi. Rus dili elə alətə çevrildi ki, onun köməyi ilə azərbaycanlılar Avropa elminin, fəlsəfəsinin dərinliklərinə vara bildilər, incəsənətdə və mühəndis işlərində nailiyyətlər qazandılar.

Bütün bunlar rus dilinin orta məktəbələrdə yaxşı qurulmuş tədrisinə əsaslanırdı. Və təkcə Bakıda deyil. Bu günlərdə internetdə keçirilən açıq səsvermədə Nijnevartovsk şəhər aeroportuna həmyerlimiz, Sibir neftini kəşf edib üzə çıxaran Fərman Salmanovun adı verildi. Axı Rusiyada parlaq geoloq karyerası quran Salmanov Şəmkir rayonunda kənd məktəbini bitirmişdi.

Mən bura öz nümunəmi də əlavə edə bilərəm. Göyçayda böyümüşəm, orada azərbaycan dilində təhsil almışam, bizim məktəbdə rus dilinin tədrisi səviyyəsi düzünü desəm elə də yüksək deyildi. Ona görə də Moskvaya gedəndən sonra mən orada orta məktəbi, daha sonra ali məktəbi oxuyub başa vurmaq üçün çox çalışdım. Sonra özüm ingilis dilini öyrəndim. İndi hər gün üç dildə danışıram, oxuyuram və yazıram. SSRİ-nin çöküşünün başladığı dövrdə ilk ciddi pullarımı Londonda qazandım, amma əsas biznesimi Sibirdə qurdum.

Əminəm ki, Gövhər xanım xoş niyyətlə həmin fikirləri deyim. Razıyam ki, uşaqlar əsl  Azərbaycan vətənpərvərləri kimi formalaşmalıdır. Lakin məktəblərdə rus sektorunu qadağan etməklə patriotizm formalaşdıra bilməzsən.

İrlandiyada yeddi əsr boyu ingilislər qal dilini sıxışdırdılar. Yüz illik müstəqillik boyu heç dövlət dəstəyi sayəsində də orada qal dilində danışıqların sayın artırmaq mümkün olmadı. Amma kim deyə bilər ki, irlandlar vətənpərvər deyil? Onları kim ingilis saya bilər?

Lakin təsəvvür edin ki, onlar məktəblərdə ingilis dilinin tədrisini qadağan etsələr nə baş verərdi? Axı ingilis dili olmadan İrlandiya 20 il qabaq sıçrayış edib Avropa İttifaqının liderləri cərgəsinə daxil ola bilməzdi.

Azərbaycan İrlandiya deyil. Burada milli dil qorunub saxlanılıb və gözəl inkişaf edir. O, yeganə dövlət dilidir və bu müzakirə mövzusu ola bilməz. Azərbaycan dilini dəstəkləmək lazımdır, amma təhsildə rus, yaxud azərbaycan sektorunu seçmək imkanının aradan qaldırılması hesabına yox ki.

Xatırladıram ki, İsveçrədə tədris dilini seçmək imkanı yaradılır. Azərbaycanda isə rus sektoruna marağın artması o cümlədən azərbaycan sektorunda təhsilin aşağı səviyyədə olmasından qaynaqlanır. Bəlkə deputatlar qadağan etmək və ağlaşma qurmaq əvəzinə müəllimlərin hazırlıq səviyyəsinə, pedaqoji ali məktəblərdə təhsilin səviyyəsinə və müəllimin nüfuzuna diqqət yetirsələr daha yaxşı olardı?

Azərbaycanda qorunub saxlanılan iki dilliliyin üstünlükləri bizim qonşularımızın fonunda daha bariz görünür. Belə ki, gürcülər əvvəlcə rus dilini məhdudlaşdırdılar, indi isə həyat məcbur edir ki, təzədən onu bərpa etsinlər. Nəticədə Gürcüstanda Rusiyadan olan turistlərin sayı Azərbaycanla müqayisədə dörd dəfə çoxdur. Bu günlərdə prezident İlham Əliyev də Rusiya sakinlərini fəal şəkildə ölkəmizə gəlib istirahət etməyə dəvət edəndə də həmin məqama diqqəti cəlb edirdi, çünki rusiyalılar üçün burada rus dili baryeri olmayacaq.

Və nəhayət sonuncu məqam. Azərbaycan rus dilini inzibati qaydada sıxışdırmağı bir çox geosiyasi səbəblərdən özünə rəva görə bilməz, amma həm də ona görə ki, Rusiya ilə iqtisadi, mədəni və işgüzar əlaqələrlə sıx bağlıdır. Rusiyadakı azərbaycan diasporu 2.5 milyon nəfərə çatır. Bu gün başqa heç bir ölkədə o qədər çox azərbaycanlı yaşamır. Faktiki olaraq ölkə əhalisinin dörddə biridir. Onlar özləri orada pul qazanır və Azərbaycandakı yaxınlarına kömək edir. Və bu da Azərbaycanın Rusiya ilə birgə və başadüşülən ünsiyyət dilində tərəfdaşlığa, dostluğa ehtiyac duyduğuna dəlalət edən daha bir arqumentdir.

Əminəm ki, qloballaşma epoxasında milli dillərə qapanıb qalmaq dalana aparır. Qəribədir ki, bəzi deputatlar bunu başa düşə bilmirlər. İngilis dili indi hamıya gərəkdir, heç kim bu haqda mübahisə eləmir, amma heç bir ingilis və ya çin dili azərbaycanlıların öz əcdadlarından miras aldıqları və müdrikcəsinə qoruyub saxladıqları ənənəni-rus dilini gözəl bilməyi əvəzləyə bilməz. Hansı ki, yeri gəlmişkən rus dili indi internetin də aparıcı dillərindən biridir...

Xəbərlər