603
Üzbəüz 7 dekabr — 13:23

Ağalarovlar ABŞ məhkəməsinə müraciət etdilər

“Crocus Group” şirkətlər qrupunun prezidenti Araz Ağalarov və vitse-prezidenti Emin Ağalarov Nyu-York ştatının Cənub Dairə məhkəməsinə müraciət ediblər. Onlar ABŞ seçkilərinə müdaxilə ilə bağlı iddianın rədd edilməsi üçün vəsatət qaldırıblar.

Daha dəqiq desək, onlar Demokratlar Partiyasının Rusiya Federasiyasının 2016-cı ildə Birləşmiş Ştatlarda keçirilən prezident seçkiləri prosesinə müdaxilə ilə bağlı iddiasını əsassız hesab edirlər.

TASS xəbər verir ki, bu haqda bir qrup vəkilin Cənub Dairə məhkəməsinə (Nyu-York) təqdim etdiyi sənəddə qeyd olunur.

Vəkillərin yazdığına görə, cavabdeh tərəf məhkəmədən Ağalarovlara yönəlik iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul etməyi xahiş edib.

Onlar əmin edirlər ki, Demokratlar Partiyasının iddia ərizəsində seçki prosesinə “müdaxilə” ilə bağlı “əlbirlikdə”, o cümlədən hansısa kompüter fayllarının oğurlanması məqsədi daşıyan hərəkətlərdə Ağalarovların iştirak etdiyini isbat edən hər hansı fakt göstərilməyib.

Qeyd edək ki, aprelin 20-də Demokratlar Partiyasının Cənub Dairə məhkəməsinə təqdim etdiyi iddia ərizəsində cavabdeh tərəflər kimi Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının baş idarəsi, “Crocus Group”un prezidenti A.Ağalarov, “Crocus Group”un vitse-prezidenti E.Ağalarov, həmçinin “WikiLeaks” təşkilatı, ABŞ prezidenti Donald Tramp, onun oğlu Tramp-kiçik, Respublikaçıların seçki qərargahının keçmiş başçısı P.Manafort, onun işgüzar tərəfdaşı R.Qeyts və D.Trampın seçki kampaniyası zamanı müşaviri olmuş D.Papadopulos göstərilib.

İddiada göstərilir ki, D.Trampın seçki qərargahının əməkdaşları Demokratlar Partiyasının 2016-cı il seçkilərindəki namizədi Hillari Klintonun nüfuzuna xələl gətirmək üçün RF və “WikiLeaks” nümayəndələri ilə əməkdaşlıq ediblər.

Demokratların versiyasına görə, bu məqsədlə Demokratlar Partiyasının kompüterləri kibehücumlara məruz qalıb, şəxsi və məxfi sənədlər oğurlanaraq ictimailəşdirilib və bu, Trampın seçkilərdə qələbə qazanmasına vəsilə olub.

Xəbərlər