5850
Rəylər 25 may — 18:11

Ayaqüstü dərslər, yaxud ənənəvi təhsil necə sıradan çıxır...

Təhsil Nazirliyi 2014-2015-ci tədris ilində bir sıra yeniliklər tətbiq etdi. Onlardan biri də “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində yaradılan sağlam siniflər oldu.

Dərs ilinin başa çatmasına artıq sayılı günlər qalıb. İlin əvvəlində uğurlu layihə kimi təqdim olunan sağlam siniflər gözlənilən effekti verdimi? Bu siniflərin ənənəvi təhsillə fərqi nədir?

Virtualaz.org saytının əməkdaşları bu sualların cavabını Binəqədi rayonundakı 83 saylı orta məktəbdə axtarıb.

Əvvəlcə onu qeyd edək ki, 83 saylı orta məktəb “Sağlam təhsil-sağlam millət” layihəsində pilot məktəb kimi seçilən 6 təhsil müəssisəsindən biridir. Məktəbdə həm Azərbaycan, həm də rus bölməsi üzrə iki sağlam sinif yaradılıb.

Turnik, işıqlandırma sistemi və...

“Sağlam sinif”də təkcə tədris metodikası deyil, otağın quruluşu da fərqlidir. Sinif otaqlarında həm oturacaqlı, həm də hündür masalar yerləşdirilib.

Qapısının girəcəyində uşaqlar üçün turnik, uşaqların boy artımını ölçmək üçün avadanlıqlar qoyulub. Partaların üzərində yerləşdirilən asqılar vasitəsilə isə personajlar hərəkət edir, uşaqlar keçirilən dərsləri əyani izləyə bilirlər.

Tavanda xüsusi işıqlandırma sistemi quraşdırılıb. Hər 15 dəqiqədən bir işə düşən sistem vasitəsilə uşaqlar yerdəyişmə edirlər. Oturaraq dərs dinləyənlər yerlərini ayaq üstə dayanan uşaqlara, digərləri isə oturanlara yer verirlər.

Dovşanla kirpinin dostluğu

Məktəbin 1 b sinifində həftənin birinci günü - ilk dərs ana dilidir. Müəllimə Aynur Müseyibli əlində ağac kirpi ilə dovşanın dostluğundan bəhs edən nağılı oxuyur: “Dovşan ağacı götürərək kirpinin yanına gəlir...”

Sonra ağac köklə, su ilə əvəz olunur. Beləcə, dovşanla kirpinin hərəkətini təkrarlayan müəllimə dovşanın yaşını soruşur. Nağılın bu yerində aylardakı günlərdən, saatdakı dəqiqələrdən danışılır. Sonra dovşanın yaşının üstünə kirpinin yaşı gəlir, toplanılır, çıxılır, nəhayət, dovşanın sevimli mahnısı oxunur.

Bu arada hər 15 dəqiqədən bir baş verən yerdəyişməni, gimnastik hərəkətləri, uşaqların növbə ilə əllərini yumasını, turniklərdən çəkinmələrini yada salmadıq.

Sonuncu dərsdə müəllimə uşaqlara dovşanla kirpinin dostluğundan çıxardıqları nəticəni yazmağı tapşırır.

Dərs dostluğa aid atalar sözləri ilə yekunlaşır. Suallara aktiv cavab verən şagirdlər “Bu gün çox fəalsan”, “Afərin”, “Bu günün birincisi” “medalları” ilə mükafatlandırılır.

“Medal” alanlar şəkil çəkdirmək üçün bizim fotoqrafın yanına tələsir, “medal”ı olmayanlar isə suallara cavab vermək üçün müəllimədən əlavə vaxt istəyir.

“Sağlam sinif”lərdə diqqətimizi cəlb edən məqamlardan biri də hər 15 dəqiqədən bir yerinə yetirilən gimnastik hərəkətlərdir.

Tavanda yanan işıqlarda günəş, alma, gül kimi görüntülər yaranır. Şagirdlər göz hərəkəti ilə görüntüləri izləyirlər. Bundan sonra mahnı sədaları altında boyun, əzələ hərəkətləri edilir. Təxminən 1-2 dəqiqə çəkən hərəkətlərdən sonra uşaqlar yerlərini dəyişirlər. Tənəffüslərdə isə xüsusilə oğlan uşaqlarının turnikdə çəkilməsi vacibdir.

Müəllimə Aynur Müseyibli dərs zamanı

“Hər günümüz nağıldır...”

Müəllimə Aynur Müseyibli deyir ki, sentyabrın 15-dən indiyədək hər gün ilk dərsi nağılla başlayıb nağılla qurtarırlar: “Ötən ilin əvvəlindən layihə ilə bağlı bizə məlumat verildi, seminarlara, kurslara getdik. Layihənin əsas məqsədindən tutmuş uşaqla işləməyi, dərsin necə keçirilməli olduğunu öyrətdilər. Belə siniflər bizim üçün də yenilik idi.  Buna görə də hər ay monitorinqlər aparıldı, uşaqların sağlıq durumu, fiziki və zehni inkişafı, aktivliyi öyrənildi. Nəticədə layihənin gözlənildiyindən də uğurlu olduğu deyildi.

Təkcə onu deyim ki, dərs ilinin əvvəlindən indiyədək bizim uşaqlar digər siniflərdə oxuyan həmyaşıdlarına nisbətən iki dəfə çox fiziki inkişaf edib. Bizim siniflərdəki avadanlıqlar uşağın onurğa əyriliyi kimi problemlərlə qarşılaşmamasına şərait yaradır”.

Müəllimə onu da bildirir ki, “Sağlam sinif”lərdə təhsil alan uşaqlar aktivliyi ilə seçilirlər: “Layihənin məqsədlərindən biri də uşaqların həddən çox dərslə yüklənməsinin qarşısını almaqdır. Bizim uşaqlar dərsi əyləncəli keçirlər, nəticədə zehni yorğunluq olmur. Fikir verdiniz, mən həm Azərbaycan dili, həm riyaziyyat, həm də musiqi dərsi keçdim. Amma nağılı elə qurmuşduq ki, uşaqlar bir dərsdən qeyrisinə keçidi hiss etmədilər. Dövşanın yaşını hesablamaqla riyaziyyat dərsinə keçdik. Oxuduğu mahnı isə musiqi dərsinə keçid oldu. Uşaq özünü nağılın içində hiss edir. Amma sonuncda biz məntiqi nəticəni əldə edirik. Uşaqlar sonuncu dərsdə nağıldan çıxardıqları nəticəni danışırlar. Uşağın sərbəst düşünməsi, düşdüyü vəziyyətdən çıxış yolu tapması, aktivliyi çox önəmlidir. Biz onlara sərbəstlik veririk”.

Təbii ki, hər gün bir neçə dəfə turnikdən çəkinmə, gimnastik hərəkətlər boy artımına, qamətin düzgün inkişafına kömək edir. Bəs uşaqların qidalanmasına necə diqqət yetirilir?

A.Müseyiblinin sözlərinə görə, “Sağlam sinif”dən evə yola salınan uşağın qidalanmasına xüsusi diqqət tələb olunur: “Biz buna görə valideynlər arasında təbliğat aparırıq. Məktəbdə isə uşaqlara ziyan verən, tərkibində qatqılar olan ərzaqların satışı qadağandır. Ay ərzində uşağın fiziki inkişafı ilə bağlı valideynlərə məlumatlar verilir. Buna görə də valideynlər də istər-istəməz ziyanlı ərzaqlardan qaçırlar”.

Qeyd edək ki, 1 b sinifində 12 qız, 12 oğlan olmaqla 24 şagird təhsil alır. Uşaqlar boylarına görə seçilir.

Məktəbin direktoru Nəbi Mahmudov isə deyir ki, “Sağlam sinif” layihəsinə qoşulan iki sinifdə 46 şagird təhsil alır.

Bu il övladlarının məhz sağlam siniflərdə təhsil almasını istəyən valideynlərin sayı artıb. Buna görə də gələn tədris mövsümündə də sağlam siniflərin yaradılması nəzərdə tutulub.

“Sağlam sinif”də təhsil alan Əminə Muxtəsininin valideyni deyir ki, uşağının fiziki inkişafı, dərslərdə aktiv olması, məktəbə sevinclə gəlməsi bu sinifləri seçməkdə yanılmadıqlarını göstərir: “Uşaq istənilən vəziyyətdən çıxış yolu tapa bilir, fikirlərini səlis və aydın şəkildə, çəkinmədən ifadə edə bilir”.

Səmra Talıblının anası isə qızının yaxşı oxuduğunu, hətta ikinci sinifdə təhsil alan qardaşı ilə riyaziyyatdan yarışdığını söyləyir: “Digər övladım ikinci sinifdə oxuyur. Bu, onun dərslərini anlayır, tapşırıqlarını həll edə bilir. Fiziki inkişafı da yaxşıdır”.

Səmral Talıblı isə yaxşı oxumaqla yanaşı bu sinfdə təhsil alandan sonra eynəyini də atıb: “Qızımın göz damarlarında problem vardı, əməliyyat etdirməli idik. Amma dərsə gedəndən bir neçə aydan sonra həkim yavaş-yavaş sağalmağa başladığını, artıq əməliyyata ehtiyac qalmadığını dedi. Hər gün göz gimnastikası edirlər. Nəticədə gözləri yaxşılaşıb. İşıqlandırma sistemi ilə edilən gimnastika müsbət nəticə verib”.

“Sağlam sinif” və Rusiyanın layihəsi

Təhsil Nazirliyindən virtualaz.org saytına bildiriblər ki, layihə builki tədris mövsümündə Bakıda 5, Sumqayıtda isə 1 məktəbdə, ümumilikdə 15 sinifdə tətbiq edilib. Müəllimlərin çətinliklərini görmək və dərsin gedişini izləmək üçün pilot siniflərdə kameralar quraşdırılıb.

Layihədə nəzərdə tutulub ki, ayrı-ayrı fənlər üzrə əldə edilən biliklərin fraqmental xarakter daşıması hallarının aradan qalırılması üçün texnologiyalar hazırlasın. Dərs-nağıl, dərs-səyahət, dərs-hekayə və s. dərs nümunələri işlənilib.

Nazirlikdən deyirlər ki, “Sağlam siniflər” yaradılmazdan əvvəl dünya təcrübəsi öyrənilib: “Məsələn, Ukraynada 11-ci sinfi bitirən uşaqların yalnız 15 faizi sağlamdır. Bu gün dünyada uşaqların həm fiziki-fizioloji, həm də psixi inkişafında ciddi fəsadlar müşahidə edilir. Nəticələr təhlil ediləndən sonra nazirlik işçi qrupu yaratdı. Layihə çərçivəsində Azərbaycan məktəblilərinin sağlamlıq vəziyyətini tədqiq etmək üçün monitorinqlər keçirilməyə başlandı. Aparılan işin elmi-nəzəri və praktik keyfiyyətini təmin etmək məqsədi ilə  işə tibb, pedaqogika və gender sahələri üzrə ekspertlər cəlb olundu. Əldə edilən ilkin nəticələrə əsasən “Sağlam təhsil - sağlam millət” layihəsinin pilot layihə olaraq tətbiqinə qərar verildi”. 

Yaxın zamanda “Sağlam təhsil” məktəblərinin layihələrinin hazırlanması da nəzərdə tutulur. Layihələr hazır olandan sonra yeni məktəblər “Sağlam təhsil”in tələblərinə uyğun tikiləcək. 

Onu da xatırladaq ki, Azərbaycan Tibb Universitetinin mütəxəssisləri “Sağlam təhsil sinifləri”ndə monitorinq keçiriblər. Araşdırma zamanı “Sağlam təhsil sinifləri”ndə oxuyan şagirdlərin intellektual və fiziki cəhətdən daha yaxşı inkişaf etdiyi təsdiqlənib.

“Sağlam təhsil sinifləri”ndə normal fiziki inkişaflı şagirdlərin sayı oktyabr ayında 80,8 faiz təşkil etdiyi halda yanvar müayinəsi zamanı bu göstərici 86,1 faiz olub. Normal fiziki inkişaflı oğlanlar oktyabrla müqayisədə yanvar ayında daha çox müşahidə edilib. Bu göstərici oktyabrda 80,5, yanvarda isə 86,5 faiz təşkil edib.

Ənənəvi tədris üzrə təhsilalanlarda isə əksinə, normal fiziki inkişaflı şagirdlərin sayı 0,3 faiz azalıb. Bu azalma əsasən qızların hesabına qeyd edilir. Həmin göstərici oktyabr ayında 80,8, yanvarda isə 79,6 faiz olub.

Azərbaycan “Sağlam təhsil” layihəsində daha çox Rusiya təcrübəsindən yararlanır. Daha dəqiq desək, Rusiya Milli Elmlər Akademiyasının müxbir üzvü Vladimir Filipiç Vazarovun təcrübəsindən istifadə edilir. Rusiyada 5 il ərzində 3000 məktəbdə onu təcrübəsi tətbiq edilib və ciddi nəticələr verib.

Mütəxəssislər hesab edirlər ki, hazırda  uşaqlar arasında çənə-boyun problemlərinə çox rast gəlinir. Uşaqlar əllərini çənələri altına söykəyərək eyni cür otururlar, boyun əyilir. Diz üstə duraraq uzun-uzadı, saatlar boyunca televizora baxırlar. Bu cür vəziyyət uşaqların bel-fəqərə sistemi üçün çox təhlükəlidir. Bu təhlükənin nəticəsi 20 ildən sonra daha çox hiss ediləcək.

Layihə 1-ci sinifdən başlayaraq 11-ci sinifə qədər davam edəcək. Layihənin tədrisin keyfiyyətinə nə qədər təsir göstərəcəyini isə zaman deyəcək.

Ülviyyə Xuduzadə

Virtualaz.org

Xəbərlər