838
Rəylər 24 Noyabr 2021, 14:25

“Paşinyanın Qərbə yerdəyişməsi mümkün deyil. Görün o Putinin qarşısında necə itaətkar oturmuşdu...”

Bir neçə gün əvvəl sərhəddə vəziyyət gərginləşəndə və növbəti toqquşmalar baş verəndə Ermənistanın hakim dairələrində güclü anti-Rusiya isteriyası müşahidə olunmağa başladı. Hətta KTMT-dən və Avrasiya İttifaqından çıxmaq çağırışları səsləndi. O cümlədən sosial şəbəkələrin erməni seqmentində Rusiyanın Gümrüdəki 102-ci bazasının ölkədən çıxarılması barədə çağırışlar yer aldı. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bildirdi ki, əgər Rusiya və KTMT Azərbaycanla münaqişəni həll etmək imkanları tapmasa Ermənistan “digər beynəlxalq tərəfdaşlara” müraciət etmək haqqını özündə saxlayır.

Bunun ardınca Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində görüşünün razılaşdırıldığı açıqlandı. Və məlum oldu ki, Brüsseldə görüşün keçirilməsi erməni tərəfinin istəyidir. Hansı ki, daha əvvəl baş nazir Paşinyan Rusiyanın vasitəçiliyi ilə üçtərəfli görüşün keçirilməsindən imtina etmişdi. Hərçənd ötən gün Kreml bu üçtərəfli görüşün noyabrın 26-da baş tutacağını elan edib, bununla belə Ermənistanda son baş verənlər bu ölkənin Rusiyanın orbitindən çıxıb Qərbə meyllənməsi cəhdlərinin yenidən aktuallaşmasına səbəb olub. Və Rusiya ekspertləri Ermənistanın Qərbə meyllənmək imkanlarının nə dərəcədə real olduğunu dəyərləndirirlər.

virtualaz.org xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz üzrə aparıcı elmi əməkdaşı Vadim Muxanov Qarabağda ötənilki 44 günlük müharibənin nəticəsi olaraq Rusiyanın Ermənistandakı və ümumən Cənubi Qafqazdakı hərbi-siyasi mövqelərinin nəzərəçarpacaq dərəcədə laxladığını təsdiq edir. Lakin Muxanov gazeta.ru portalına açıqlamasında deyir ki, Paşinyan indi “çarəsiz, qüsurlu vəziyyətdədir” və Moskvaya bağlanıb. Onun əlində “kozırlar” yoxdur. Bununla belə Paşinyanın və erməni istebleşmentinin Moskvadan incikliyi var, onlar bunu beynəlxalq platformalarda gizlətmirlər. “Bu isə Rusiyanın hərbi iştirakına, bizim regiondakı nüfuzumuza zərbədir”,-Vadim Muxanov bildirir. Ekspert əlavə edir ki, “Şərq Tərəfdaşlığı” sammiti ilə bağlı əhvalat Kremlə siqnaldır və Yerevanın uzunmüddətli perspektivdə Qərbə tərəf üz döndərməsi təhdidi mövcuddur.

“PİR-Sentr” analitik mərkəzinin şura sədri, istefada olan general-leytenant Yevgeni Bujinski isə hesab edir ki, Rusiyanın Cənubi Qafqazdakı mövqelərini itirmək barədə danışmaq hələ tezdir. “Şübhə edirəm ki, biz Cənubi Qafqazdakı mövqelərimizi itirə bilərik. Bizim Cənubi Osetiyada və Abxaziyada bazalarımız var. Paşinyan və onun ətrafı Qərbə tərəf yerdəyişmə edə bilməz. Bunun üçün Putinlə Paşinyanın görüşünün videosuna baxmaq lazımdır, hansı ki, orada sonuncu açıq-aşkar itaət nümayiş etdirir. Bundan əlavə, Türkiyə də Avropa İttifaqına skeptik yanaşır. Müvafiq olaraq Azərbaycana də həmin o “Şərq Tərəfdaşlığı” nəsə verə bilməz”,-general Bujinski bildirib.

Siyasət şöbəsi

virtualaz.org

 

 

Xəbərlər