318
Rəylər 22 Oktyabr 2021, 12:42

“Türk dövlətləri bütün beynəlxalq arenalarda bir-birini qəti şəkildə dəstəkləyir”

“Dünyada beynəlxalq təşkilatlar çoxdur. Amma biz qeyd etməliyik ki, Türk Şurası digər beynəlxalq təşkilatlardan çox fərqlənir”. Bunu Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Mediaforumunda çıxışında deyib.

“Türk Şurasının təməlində bizim qardaşlığımız, dəyərlərimiz, ortaq keçmişimiz, tariximiz durur. Türk Şurasının gücü, qüdrəti bundan ibarətdir. Türk Şurası bizim tarixdən gələn dostluğumuzu bir araya gətirərək bizi irəliyə aparan bir təşkilatdır. Onu da deyim ki, Türk Şurasının Baş katibi Bağdad Əmriyevin bilavasitə dəstəyi ilə qarşıdan gələn sammitimizdə də çox önəmli qərarların qəbul edilməsi gözlənilir. Cənab prezidentlərimizin imzası ilə bu qərarların qəbul olunması ilə Türk Şurası beynəlxalq münasibətlərdə daha güclü mövqeyə sahib olacaq”, - H.Hacıyev vurğulayıb.

Hikmət Hacıyev deyib ki, bu gün biz Türk Şurası dedikdə qardaş ölkələrimiz arasında bütün sahələri əhatə edən hərtərəfli əməkdaşlığı görürük: “Bu, ilk növbədə siyasi əməkdaşlığımızdır. Dövlətlərimiz bütün beynəlxalq arenalarda bir-birini qəti şəkildə dəstəkləyir”.

Prezidentin köməkçisi qeyd edib ki, Türk dünyasına, ölkələrimizə qarşı beynəlxalq miqyasda dezinformasiya kampaniyaları aparılır. “Azərbaycan müstəqilliyinin ilk günündən belə kampaniyaların ön sırasında olub. Bu gün də, çox təəssüf ki, ölkəmizə qarşı bu cür kampaniyalar aparılır. Buna qarşı mübarizənin ən vacib və önəmli rolu həqiqətin düzgün formada çatdırılmasıdır. Həqiqətin çatdırılması üçün də birgə işləməyimiz və bir-birimizə qarşılıqlı şəkildə dəstək verməyimiz çox vacibdir”, - H.Hacıyev bildirib.

Prezidentin köməkçisi həmçinin Qarabağda işğal dövründə məscidlərin vəhşicəsinə dağıdılmasından da danışıb. “Qarabağda Azərbaycan və digər türk xalqlarına məxsus olan böyük mədəni irs var. İşğal dövründə Azərbaycan xalqına məxsus olan 67 məscid nəinki məhv edilib, Azərbaycan xalqına, bütün müsəlmanlara təhqir olaraq bu məscidlərdə donuz saxlanılıb. Azərbaycan xalqının əzmi odur ki, Qarabağı yenidən qursun, türk, İslam sivilizasiyasının mərkəzi məntəqələrindən biri kimi Qarabağın tarixi nüfuzunu özünə qaytarsın. Biz əminik ki, qardaş türk ölkələri də bu prosesdə Azərbaycanın yanında olacaqlar. Bu məsələdə də biz birlikdə fəaliyyət göstərəcəyik”, - Hikmət Hacıyev vurğulayıb.

Xəbərlər