639
Rəylər 13 Oktyabr 2021, 10:22

Həmsədr ölkələr Qarabağa dair böyük sülh razılaşması üzərində işləyir

ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağa dair böyük sülh razılaşması üzərində işləyirlər. virtualaz.org xəbər verir ki, bu haqda Fransanın Ermənistana yeni təyin edilmiş səfiri Ann Luyo jurnalistlərə bildirib.

Səfir təfərrüatları açıqlamayıb, amma deyib ki, Fransa Rusiya və ABŞ-la birlikdə Qarabağa dair uzunmüddətli razılaşmanın əldə edilməsi üzərində işi davam etdirir. Onun sözlərinə görə, prosesdə Minsk Qrupunun hər üç həmsədr-ölkələrinin iştirakı vacibdir.

 

“Bilirsiniz, mən burada, Ermənistandayam, ATƏT-in Minsk Qrupunun işində iştirak etmirəm. Amma mənim həmkarım var-Stefan Viskonti, o Fransanın Minsk Qrupunda numayəndəsidir. Mən sizə bunu deyə bilərəm ki, Nyu-Yorkda (xarici işlər nazirlərinin görüşündə,-red.) proqres əldə olunub, biz Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə məmnuniyyətlə iki xarici işlər nazirinin görüşünü təşkil etdik. Ümid edirik ki, buna bənzər başqa qərarlar da olacaq. Və mən sizi əmin edə bilərəm ki, rusiyalı və amerikalı həmkarlarımızla birlikdə Qarabağa dair daha uzunmüddətli razılaşmanın əldə edilməsinə hədəflənmiş prosesin irəli aparılması üzərində işləyirik”, - diplomat deyib.

Bəs Minsk Qrupunun fəallaşmasını gözləmək olarmı? Jurnalistlərin bu sualına səfir belə cavab verib: “Minsk Qrupu artıq Nyu-Yorkda fəallaşıb, bayaq mən dediyim kimi. Biz tək deyilik. Mən hesab edirəm ki, Ermənistan və Azərbaycan da irəliyə hərəkət etməlidir”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupu ötən ilki 44 günlük müharibənin ardınca praktiki olaraq fəaliyyətini dayandırmışdı. Həmsədrlərin uzun illər boyu davam etmiş uğursuz fəaliyyətinin Azərbaycanın öz torpaqlarını hərbi yolla işğaldan azad etməsindən sonra davam etməsi artıq aktual görünmürdü. Bununla belə həmsədr ölkələrin nümayəndələri vaxtaşırı olaraq “münaqişənin uzunmüddətli həlli” üçün Minsk Qrupu çərçivəsində danışıqların bərpasının vacibliyi haqda bəyanatlar verirdilər. Nəhayət ötən ay Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında uzun müddətdən bəri ilk dəfə, həmsədrlərin iştirakı ilə görüş baş tutdu. Bu görüşün yekunlarını həm Bakıda, həm Yerevanda müsbət dəyərləndirirlər. Prezident İlham Əliyev bu günlərdə bildirmişdi ki, xarici işlər naziri görüşün nəticələri haqda ona məruzə edib və müəyyən müsbət nəticələrin əldə olunduğunu deyə bilər.

Azərbaycan dəfələrlə Ermənistanı böyük sülh razılaşması üzərində işə başlamağa çağırıb. Bu proses sərhədlərin demarkasiyasına və delimitasiyasına dair danışıqları da özündə ehtiva etməlidir. Lakin Bakı Qarabağa dair hər hansı status müzakirələrinin olmayacağını dəfələrlə qəti şəkildə bəyan edib.

virtualaz.org

Xəbərlər