493
Rəylər 15 Sentyabr 2021, 17:37

Paşinyan: “Ona görə Eyvazlı və Çayzəmi deyirəm ki, bunlar Ermənistan ərazisi deyil...”

Ermənistan vətəndaşları üçün aydın olmalıdır ki, Gorus-Qafan yolu üzərində yerləşən “problemli məntəqələr” Ermənistan Respublikasının və ya Sovet Ermənistanın ərazisində yerləşmir.

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə Gorus-Qafan yolundakı vəziyyətlə bağlı daha əvvəl danışarkən niyə “Eyvazlı” və “Çayzəmi” (Qubadlı rayonunun Eyvazlı kəndi və rayon ərazisindəki Çayzəmi gölü,-red.) toponimlərini istifadə etdiyini əsaslandırarkən belə deyib.

“Bu, sadə səbəbə görə edilmişdi. Ona görə edilmişdi ki, Ermənistan vətəndaşları üçün problemi məntəqələrin Ermənistan Respublikası və ya Sovet Ermənistanı ərazisində yerləşmədiyi, ondan kənarda yerləşdiyi aydın olsun. Hansı ki, Yerevan bunu de-yure 2010-cu ildə qəbul edilmiş inzibati ərazi bölgüsü haqda qanunla təsdiqləmişdi”,-Paşinyan bildirib.

Xatırladaq ki, Gorus-Qafan yolu hələ sovet dövründən iki yerdə Azərbaycan ərazisinə daxil olur və çıxır. Yolun Azərbaycan ərazisinə düşən hissəsi 15 kilometrə yaxındır. Son günlər Azərbaycan tərəfi həmin yolda İrandan Ermənistana yük daşıyan maşınları saxlayıb yoxlayır. Ermənistan müxalifəti ötən ilin noyabrında sərhədin bu hissəsində Azərbaycanın öz nəzarətini təmin etməsinə razılıq verdiyi üçün Paşinyanı tənqid edir.

virtualaz.org

Xəbərlər