735
Rəylər 15 Sentyabr 2021, 14:02

Rusiya ordusu cəmi 5 günə Varşavaya çatacaq...

Rusiya ordusuna Polşanın paytaxtı Varşavaya çatmaq üçün cəmi 5 gün lazım olacaq. virtualaz.org “Wirtualna Polska” portalına istinadən xəbər verir ki, belə qənaətlə Varşavadakı Hərbi-Texniki Akademiyanın əməkdaşı Anjey Nayqebauer çıxış edib. O qeyd edib ki, gəldiyi qənaət öz təhlillərinə deyil, kompüter modelləşməsinə əsaslanır.

Ekspertin fikrincə, Rusiya müdaxilə etməyə qərar versə Polşanın müqavimət göstərmək imkanları çox aşağı olacaq. Hərçənd o, hazırda davam edən “Qərb-2021” irimiqyaslı təlimlərini Rusiyanın Polşaya hücuma hazırlaşmasının əlaməti hesab etmir. “Hesab edirəm ki, hansısa qorxutma, güc nümayişi cəhdləri olacaq, amma iş müharibəyə gedib çıxmayacaq”,-o bildirib.

Nəşr yazır ki, polşalılar özləri Rusiya ordusunun Varşavaya 5 günə deyil, daha tez çatacağını düşünürlər. Bundan əvvəl ABŞ-ın “RAND Corporation” hərbi araşdırma şirkəti kompüter modelləşməsi əsasında Rusiya ordusunun Baltik respublikalarını cəmi 36 saata tuta biləcəyini, Polşanın paytaxtına isə 3 sutkaya çata biləcəyini proqnozlaşdırmışdı.

Bu arada Polşanın “İnteria” nəşri Rusiya prezidenti Vladimir Putinin “yaxın ətrafındakı şəxsin” koronavirusa yoluxmasına görə özünütəcrid rejiminə keçməsi haqda xəbərə yer verib. Qeyd edib ki, özünütəcridə keçməzdən əvvəl Putin müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Mulino poliqonunda “Qərb-2021” təlimlərinin gedişini izləyib, orada Baş qərargah rəisi Valeri Gerasimovla söhbətləşib.

“Əgər bu təlimlərdən sonra nəsə baş versə Putin deyəcək ki, onun günahı yoxdur, çünki özünütəcridə keçmişdi”,-oxuculardan biri Rusiyanın Polşaya hücum ehtimalı barədə ironik şərhində bildirir.

virtualaz.org

Xəbərlər