739
Rəylər 11 Sentyabr 2021, 16:37

Azərbaycan jurnalistikasından qaçış. SSRİ-dən qaçış kimi

Eynulla Fətullayev

Təhsil naziri Emin Əmrullayevin son mətbuat konfransı azsaylı ziyalıların və isteblişmentin nadir intellektual kəsiminin dilində məsələ çevrilib. Nazirlə bağlı sual yoxdur - O, bir daha yüksək peşəkarlıq, dərin ağıl və gözəl natiqlik qabiliyyəti göstərməklə öz rolunun öhdəsindən məharətlə gəldi. Narahatlıq aydın sual vermək bacarığı olmayan zavallı jurnalistlərlə bağlıdır. Jurnalistikanın faciəsi məhz o andan başlayır ki, jurnalistin nazirə və ya məmura heç bir sualı qalmır.

Bizə isə nümayəndələrinin nazirdən nə soruşmalı olduqlarını anlaya bilmədiyi Azərbaycan jurnalistikasının sönük kölgəsini ürəkdə ağrı və dildə lənətlə müşahidə etmək qalır. Təkcə bu olsa nə vardı ki... Hər şey fərz olunandan daha pisdir. Jurnalistlər  öz fikirlərini çətinliklə və rabitəsiz, məntiqsiz, yalnız mübtədalardan ibarət primitiv cümlələr vasitəsilə ifadə edirdilər. Jurnalistlər təhsil naziri ilə görüşə təkcə suallarsız və fikirlərsiz yox, həm də müasir təhsilin konseptual problemlərini aydın anlamadan gəlmişdilər.  Və özlərinin miskin şərhləri ilə naziri mühakimələrində sərtliyə, bəzən açıq-aşkar kobudluğa vadar edirdilər. "Sizin nə söylədiyinizi və nə söyləmək istədiyinizi başa düşmürəm”, - adətən soyuqqanlı Əmrullayev az qala dişlərini sıxaraq bir neçə dəfə təkrarladı.  Nazir heç vaxt olmadığı qədər haqlıydı.  Ona və yeni Əliyev hökumətinə heç bir sual və heç bir etiraz yoxdur. Biz onlarla həmfikir və silahdaşıq, islahatların sürətlənməsinin alternativsizliyinə əminik.

Nazir Emin Əmrullayev başa düşmədi ki, jurnalist ona nə demək istəyir...

Azərbaycan jurnalistikası onu sual verməkdən kənarlaşdırdıqları gün öldü.  O vaxt ki, ona düşünməyi və öz mühakimələrini səsləndirməyi qadağan etdilər.  Onda biz jurnalistin adi sualı formalaşdırmaqda gücsüz olduğuna niyə təəccüblənirik?  

Bizim ölkəmizdə  bu yaxınlaradək əlavə sual və ziyadə marağa görə nazir Ziya Məmmədov jurnalistin ağzından,, Zakir Qaralovla Rüstəm Usubov  çənəsindən vurar, Çovdarov isə hansısa qaranlıq küncdə yox, zeytunluqda sadəcə boğardı…  Eldar Mahmudov onun başını keçəl qırxdırıb 16 illik hansısa Kolımaya yollaya bilərdi!   Özünün süründürməçi görünüşü, Hitlersayağı bığları və əyalət pencəyinin uzun qolları ilə siyasi həyatın köhnə feodal-təhkimçi nöqteyi-nəzərini ifadə edən  ən primitiv neosovet ideoloqlarından biri Əli Həsənov cəmisi bir neçə il ərzində məsuliyyətsiz Azərbaycan jurnalistikasını simasız stenoqrafiyaya çevirdi.  Elə o da kütləşdirici təbliğat cəfəngiyyatının başında dayanırdı.  Ətrafına isə jurnalistikada parazitlik edən, onu kağız alverinə çevirən tirəndazları və tüccarları toplamışdı.

Zadəganlara, tacirlərə və ya meşşanlara məxsusluğu böyük şübhələr doğuran raznoçin oliqarxların soyadlarında buraxılan bir orfoqrafik səhv dövlət miqyasında cinayətə bərabər tutulurdu.  Şübhəsiz,  yeni doğulan Azərbaycan jurnalistikasının fırtınalı 90-cı illərdə məsuliyyət, peşəkarlıq, vicdan və siyasi mövqe ilə bağlı nəhəng səhvləri və problemləri olmuşdu. Ancaq bu, jurnalistikanı yox etmək və onu “total diktant”a çevirmək üçün əsaslar vermirdi.

Haradasa 20 il əvvəl ilk müstəqil telekanal olan ANS-in efirində dostum, intellektual Anar Məmmədxanovla onun Azərbaycan jurnalistikasının gələcəyinin arzuolunan idillik mənzərəsinə dair qiyamçı fikirləri ilə bağlı polemikamız olmuşdu. Məmmədxanov deyirdi: "Mənim arzum elə bir qəzetdir ki, onun baş yazıları ölkənin əsas idman xəbərlərinə həsr olunsun".  

Anar Məmmədxanov Kiyevdə söz azadlığı haqda danışırdı

Həmin dövrdə Məmmədxanov hakimiyyətə çox yaxın idi.  10 il keçdi, deputat mandatını və nəşrlərini itirən Məmmədxanov Kiyevdə vəcdlə söz və fikir azadlığından danışmağa başladı.  Hakimiyyətə yaxınlıq kütləşdirir, bəzən vicdanı və ölçü hissini yandırır.  Və yalnız itkilər ağlı ayıqlığa qaytarır - dördüncü hakimiyyətin ictimai nəzarəti olmadan necə keçinmək olar?

“Möhtəşəm onillik” - ikinci neft  bumu illərində Azərbaycan hakimiyyəti problemlərdən yazmayan jurnalistika kimi irrasional ideyanı bəslədi və yetişdirdi. Bununla da fərz etdi ki, tənqidi səslərə son qoymaqla  siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə, ictimai şüurda olan problemlərin mövcudluğuna da son qoyacaq…  Problemlərin güzgüdəki əksi ilə tamamilə mənasız döyüş gedirdi.  Güzgüləri, qab-qacağı, stulları sındırdılar,  problemlər isə daha da dərinləşdi.  Hakimiyyətin təsəvvüründə jurnalistika şirin-tərifli hecalarla özünün əlverişli Sovet çap sözünə görə günahlarını hamarlamağa çalışan obraza çevrildi. Liberal-qlobalist KİV-lərin rus-türk təcrübəsi ilə milliləşdirilməsi əvəzinə Əli Həsənov siyasi landşaftın hamarlanmasının, tənqidi səslərin yox edilməsinin, KİV-lərin maliyyə müstəqilliyi ilə mübarizənin Çin-türkmən yolunu tutdu... Hadisələrin işıqlandırılmasının Brejnev dövrünün qanadlı kəlməsində ifadə olunmuş neosovet forması seçildi: “AzərTAC bəyan etməyə məsuldur “…  Ölkənin informasiya məkanını anlaşılmaz, ağır, marazmatik, “Brejnevin qaşları”na bənzəyən vahid AzərTAC-a və həm məzmun, həm də formaca ona identik, boz mövcudluğu AzərTAC-ın xəbərlərini təkrarlamaqla dolduran mənasız informasiya agentliklərinə çevirdilər.  Rəsmiliyin boz rəsmini yaradıcı şəkildə işləmək belə cəzalandırılırdı.  Bu, toxunulmaz “hakimiyyət ayəti” idi. Neft-kimya sənayesinin uğurlarına dair press-relizləri tirajlayan bu miskin dəzgaha insan sifəti vermək məqsədilə onu nazirlərin və oliqarxların qəbul otaqlarında sərgilənən məzmunsuz jurnalların yaraşıqlı parlaq cildində  gizlətdilər.  Yaraşıqlı, bahalı, zövqlü, rəngarəng və eyni vaxtda mənasız parlaqlıq gözəl zövq əlaməti sayıldı.  Rumın mebelinin sovet servantlarında gizlədilən gözəl çex qab-qacağı kimi.  Milyonlarla neft dolları ağıllı üz ifadəsi ilə bu parlaqlığa görə silinir, əyalət pencəyi geyinmiş ideoloqun isə sərvətləri çoxalırdı.

Azərbaycanda 20 il boyunca miskinlik ideologeması ilə neft qoxulu parlaqlıq qonşu oldu.  Onlardan bütün oxucu auditoriyası imtina edərək bədii ədəbiyyata, xarici KİV-ə və Çingiz Abdullayevin detektivlərinə doğru qaçdı.

O nəslin sifəti də sovetsayağı idi...

Bu vaxt isə Əli Həsənovla Eldar Mahmudov neft dövrünün iradəsinə uyğun olaraq sonuncu tənqidi səsləri susdururdular.  Əvvəlcə telekanallarda.  Sonra qəzetlərdə.  Daha sonra qəzet köşklərində … Nəhayət 2010-cu ilə doğru Azərbaycanda informasiya məkanının təmizlənməsi uğurla başa çatdı.

Əli Həsənov Zərdabda və Kənd təsərrüfatı Nazirliyində korrupsiyadan danışan hər bir “atəş nöqtəsi”ni susdurduqca özünün oliqarx kapitalını növbəti mağaza və şadlıq sarayı ilə zənginləşdirir, Eldar Mahmudov isə qanla qazanılan milyardları ofşorlara yollayırdı.

Və Azərbaycanda elmi-texniki tərəqqinin unikal nailiyyətinin - internetin və sosial şəbəkələrin dövrü gəlib çatdı.  Bu əcnəbi nou-hau ilə mübarizədə balta yarıtmaz köməkçi idi. İnformasiya qeyri-maddi kütləvi istehlak məhsuluna çevrildi.  Nou-hau və süni intellektlə, habelə informasiya və kommunikasiyaların yayılmasının xaotik məntiqsiz yeni platforması ilə ötən əsrin 70-ci illərinin metodları vasitəsilə mübarizə aparmaq mümkün deyildi.  Üstəlik, həsənovçuluq və mahmudovçuluğun informasiya siyasəti bar verməyə başladı.  Azərbaycanda jurnalistika yanmış torpağa çevrildi.  Jurnalistləri əhlilləşdirdilər, onlara düşünməməyi, sual verməməyi, etiraz və mübahisə etməməyi öyrətdilər.  Əvəzində isə jurnalistlər “Azəravtoyolnəqliyyat”ın press-relizlərini hazırlamağı, yeni təyinata baxmayaraq özünü hələ də paytaxt meri hesab edən baş nazirin müavini, “cinli” Hacıbala Abutalıbova yayındırıcı suallar verməyi, baş nazirin digər müavini Abid Şərifovdan şapalaq yeməyi, traybozavr Tağı Əhmədovun əhvalının yuxarı vaxtında ondan kamera qarşısında təhqirlər eşitməyi öyrəndilər.

Jurnalistika sürətlə deqradasiya etdi, daha doğrusu, həyata marağı itirdi.  Jurnalistin həyatının mənası bu “bataqlıq”da gün keçirməkdən, bahalı masanın və xəzinədən verilmiş noutbukun arxasında səssizcə oturub monitora burnunu dayayaraq Əli Həsənovun Lənkəranda çayçılığın inkişafı haqqında yeni tezisini işləyib hazırlamaqdan ibarət oldu. Tezislər məktub və direktiv şəklində vatsapa daxil olurdu.  Eyni vaxtda da vatsap bu illər ərzində jurnalistin ən yaxın dostu, bu iyrənc mühitdə mövcudluğun dözülməzliyindən öz həmkarına axşamlar şikayətlənmək üçün özünəməxsus dissident mətbəxi idi.  Durğunluq illərində bir çoxu içkiyə qurşanırdı. Bir dəfə Çubays müsahibələrindən birində təsdiqləmişdi ki, əgər Qorbaçov hakimiyyətə gəlməsəydi, sovet Elmlər Akademiyasının bütöv bir nəsli ümidsizlikdən əyyaş olacaqdı.

Jurnalistika general paqonları daşıyan qanqsterə uduzdu

Jurnalist yazmağı tərgitdi.  Nə barədə yaza bilərdi ki? Senzorun zirək əli metaforaya iddialı istənilən fikri silirdi.  Jurnalistin yeganə arzusu jurnalistikadan uğurlu qaçış idi - necə ki nə vaxtsa SSRİ-dən qaçırdılar.  Həyat fəaliyyətinin istənilən sahəsinə, lap elə səhiyyəyə.  Diqqət edin, keçmişin ən yaxşı jurnalistləri hər cür dövlət idarə və komitələrinin rəsmi nümayəndələri kürsüsündə rahatlıq və sığınacaq tapıb.  Xoşbəxtlikdən, ölkəmizdə nazirliklərin, dövlət komitələrinin və dövlət agentliklərinin sayı yüzlərlə, bəlkə də minlərlədir. Hamıya iş tapılar. Unikal vəziyyətdir - mətbuat bürokratlarının və senzorların sayı jurnalistlərin sayını dəfələrlə üstələyir.

Jurnalistika həm mənəvi, həm də fiziki olaraq məhvə gedir. Gənc nəsil jurnalist peşəsindən şeytan buxurdan qorxan kimi qorxur.  Sənə yazmağı qadağan edirlərsə, necə yaza bilərsən?  Üstəlik aşağı məvacib, təhdidlər, sədəqə ilə yaşayan insan imici.  Nə vaxtsa birinci dərəcəli elitar peşə olan jurnalistikaya əmək bazarını uğursuzluqla tərk edənlər gəlir.  Jurnalistika fakültəsinə isə apriori olaraq daha nüfuzlu fakültələrə düşməyəcəyini bilən abituriyentlər üz tutur. Jurnalistika fakültəsi ikinci dərəcəlilərin kitabxanaçılıq fakültəsinə çevrilib…

Bəli, bizim dərdli və viran qalmış jurnalistikamızda vəziyyət məhz bu cür kədərlidir. Kiminlə işləyəcəyini bilmirsən. Əgər redaksiyamızda orta yaş 60-70 ildirsə, xaricdəki həmkarlarımız və dəvətli müəlliflər olmasa, sadəcə ayaqda qala bilmərik. Bundan sonra necə çalışmalı? Bu, ötəri sual deyil, ancaq həqiqət banal görünə bilər.  Yaradıcılıq azadlığı və sərbəst fikirlilik olmasa, jurnalist peşəsi bizim ölkəmizdə də, hər hansı başqa ölkədə də dirçələ bilməz. Jurnalistika və stenoqrafiya -  bir araya sığmayan anlayışlardır, antitezdir. Bu, Qədim Romada da, Britaniyada da belə olub, hazırda ABŞ-da və Rusiyada da belədir və həmişə də belə olacaq.  Yalnız yaradıcılıq azadlığı məmur sinfinin məhv etdiyi jurnalistikanı dirildə bilər.  O jurnalistikanı ki, məmur sinfinin bir hissəsinə çeviriblər.  Azadlığı verin, məsuliyyətsizliyə görə isə cəzalandırın!  Əgər, əlbəttə, Azərbaycana jurnalistika lazımdırsa …

 

 

 

Xəbərlər