365
Rəylər 27 İyul 2021, 21:38

Əfqan mühacirlər: Türkiyə yeni dalğa ilə qarşılaşır?

Türkiyə-İran sərhədi vasitəsilə qeyri-qanuni yollarla Türkiyəyə daxil olan əfqan mühacirlərin vəziyyəti son həftələrdə ictimaiyyətdə geniş müzakirə olunur. ABŞ-ın bütün hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması prosesinə başlanandan bəri, ölkədəki toqquşmaların şiddətlənməsinin ardınca Türkiyəyə keçənlərin sayında da artımın olduğu qeyd edilir. Türkiyənin İranla sərhədindən və sərhədə yaxın şəhərlərdən paylaşılan bəzi görüntülər yeni bir nizamsız köç dalğasının yaşanması ilə bağlı şərhlərə də səbəb olur.

Ancaq həm yerlərdən gələn xəbərlər, həm rəsmi açıqlamalar, həm də mütəxəssislərin imiqrasiya ilə bağlı müşahidələri mühacirlərin sayı, məsələnin məzmunu ilə bağlı ortada indiyə qədər baş vermiş bənzər proseslərdən nə qədər fərqli bir dalğanın yaşandığı barədə kifayət qədər məlumat olmadığını göstərir.

Sığınacaq və Miqrasiya Araşdırmaları Mərkəzinin (İGAM) direktoru Metin Çorabatır BBC Türkcəyə danışarkən qeyd edib ki, 1979-cu ildə Sovet İttifaqının Əfqanıstana müdaxiləsiylə başlayan müharibədən başlayaraq, Suriya böhranına qədərki dövrdə ölkədən çıxan qaçqın sayına görə Əfqanıstan dünyada birinci yerdə olub.

Uzun müddət Pakistan və İranın ən çox əfqan qaçqını qəbul edən ölkələr olduğunu deyən Çorabatır əfqanların Türkiyəyə 2006-2007-ci illərdən etibarən gəlməyə başladığını bildirib. Əfqanların son illərdəki köçü ilə əlaqədar Çorabatır deyir ki, gələn miqrantlar xüsusilə çobanlıqla məşğuldurlar. "İmmiqrasiya İdarəsi onları ya qeydiyyata alır və ya dərhal rədd edir. Bəzi mühacirlər isə ümumiyyətlə müraciət ərizəsi vermirlər. Türkiyədə vaxtın keçməsini gözləyirlər. Pul yığanda Əfqanıstandakı qohumlarına göndərirlər və ya bir gün Qərbə getmək üçün insan qaçaqçılarına verirlər. Ya da yalnız özlərini dolandırmaq üçün yaşayırlar," - Çorabatır deyir.

Van Türkiyənin İranla sərhədində yerləşir. Türkiyənin ən uzun sərhədi də elə İranladır, uzunluğu 295 kilometrdir.

Əfqan miqrantlarının qeyri-qanuni olaraq sərhədi keçmə hallarının böyük bir hissəsi də bu şəhərin payına düşür. Van Vəkillər Kollegiyası şəhərdəki immiqrantlarla bağlı ən çox araşdırma aparan təşkilatlar arasındadır. Vəkillər Kollegiyasının Sığınacaq və Miqrasiya Komissiyasının başçısı Cindar Uçar BBC Türkcəyə danışarkən deyib ki, əslində, bu köç şəhərlərində illərdir davam edir və jurnalistlərin bu prosesi sərhəddə izləməsindən sonra və "Böyük Əfqan köçümü başlayır?" sualını sosial mediada qaldırdıqdan sonra bu mövzu cəmiyyətdə populyarlaşıb.

Uçar deyib ki, "son xəbərlərdə yer alan köçkünlərin sayı qədər kütlə keçmişdə də eyni sıxlıqla sərhədi keçib. Bir il əvvəl də Muş və Diyarbəkirə gedərkən Tatvan yolunda hərəkət edən köçkünləri müşahidə edə bilirdik. Bunlar yeni şeylər deyil".

Sərhəddən keçmə halları qış aylarında azalsa da, havalar istiləşəndə artır. Vanın İpekyolu rayonunda mühacirlərin toplandığı Hacı Bekir məhəlləsində və Çaldıran rayonunda sərhədyanı kəndlərdən edilən reportajlarda bu bölgələrin sakinləri hər il olduğu kimi bu il də bahar gələn kimi sərhəddən keçid cəhdlərinin artdığını söyləyiblər. Əfqan mühacirlərinin bəzi media vasitələrində yayımlanan görüntüləri keçmişlə müqayisədə indi daha böyük miqrasiya dalğasının olduğuna dair şərhlərə səbəb olur.

Ancaq nizamsız miqrasiyada müəyyən bir artım olsa da, bunun keçmişlə müqayisədə nə qədər böyük olduğuna dair şərhlər fərziyyələrə əsaslanır. Vanın İran sərhədinə çıxan rayonları Saray, Özalp, Başkale və Çaldırandır. Bu dörd rayonun da çox fərqli nöqtələrindən sərhədi keçmə hallarının baş verdiyi barədə xəbərlər var. Artan təhlükəsizlik tədbirləri səbəbiylə bir nöqtədə keçid çətinləşdikdə, digər nöqtələrdə cəhdlərin sayının artdığı güman edilir. Bu qədər fərqli nöqtənin olması və keçidlər zamanı nöqtələrin daim dəyişməsi sərhədi keçənlərin bilgisini daha da çətinləşdirir. Van Vəkillər Kollegiyasından Cindar Uçar bu yay əvvəlki illərdən biraz çox olsa da, böyük bir nizamsız miqrasiyanın müşahidə olunmadığını söyləyir.

Uçar ayrıca mediada mövzu ilə bağlı bəzi xəbərlərə də kritik yanaşır: "Hər gün 1000-1500 insanın keçdiyi söylənilir. Ancaq Vanın 300 kilometrlik sərhədindən neçə nəfərin keçdiyinə dair statistik məlumat vermək mümkünsüz bir məsələdir".

Uçar miqrantlar barədə mövcud olan məlumat bazasına əsaslanaraq, hələlik kütləvi köçün baş vermədiyini düşündüyünü söyləyir: "Gələnlər əsasən, işçi qüvvə olaraq 15-30 yaş arasındakı gənc kişilərdir. Hələlik, kütləvi bir hal alan, yəni qadınlar və uşaqlar da daxil ailəvi köç qeydə alınmayıb". İGAM direktoru Metin Çorabatır yerlərdən alınan məlumatlara əsaslanaraq deyir: "Böyük bir artım yoxdur, ancaq normal mövsümi artımdan bir qədər yüksək olan köç əlamətləri var".

Çaldıran rayonunda bəzi sərhəd kəndlərindən hazırladığımız reportajlarda buranın sakinləri köçün hər il baş verdiyini, ancaq bu il əlavə nisbi artımın müşahidə edildiyini söyləyiblər. Başkale və Özalp rayonlarından da BBC Türkcəyə məlumat verən mənbələr keçən ilə nisbətən müəyyən bir artım müşahidə etdiklərini bildiriblər. (BBC Türkçə)

Xəbərlər