959
Rəylər 21 İyul 2021, 15:08

“Rusiya bu vasitəçiliyi alqışlayardı, əgər...”

Kreml Avropa İttifaqının Qarabağa dair müzakirələrə qoşulmasına qarşı deyil, hətta bu vasitəçilik səylərini alqışlamağa da hazırdır.

Virtualaz.org xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova jurnalistlər bu günkü brifinqdə Avropa İttifaqının Qarabağ müzakirələrinə cəlb olunmasının mümkünlüyü haqda sual veriblər.

“Rusiya Avropa İttifaqı ölkələrinin Qarabağa dair müzakirələrdə vasitəçilik səylərini alqışlamağa hazırdır, əgər bu səylər mövcud razılaşmaların həyata keçirilməsinə imkan yaradacaqsa”,-Peskov belə deyib.

“Əgər vasitəçilik səyləri stabillik gətirəcəksə, mövcud razılaşmaların həyata keçirilməsinə kömək edəcəksə o zaman bunu ancaq alqışlamaq olar. Bu istiqamətdə işlər əsasən pis getmir”,-Rusiya prezidentinin mətbuat katibi əlavə edib.

Qeyd edək ki, hazırda Qarabağa dair müzakirələr ancaq 10 noyabr üçtərəfli razılaşmasından irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində aparılır ki, bura regionda nəqliyyat əlaqələrinin bərpası, o cümlədən “Zəngəzur dəhlizi”nin açılması məsələləri daxildir. Habelə Azərbaycan dəfələrlə Ermənistana yekun sülh razılaşmasına dair danışıqlar aparmağı təklif edib. Lakin bəzi qərb ölkələri iddia edirlər ki, münaqişə hələ başa çatmayıb və bu səbəbdən ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar bərpa edilməlidir. Azərbaycan isə münaqişəni artıq bitmiş sayır və Minsk Qrupu çərçivəsində danışıqlarına artıq aktuallığını itirdiyini bildirir.

İndiki halda Kremlin yanaşmasından da göründüyü kimi, Avropa İttifaqının Qarabağ müzakirələrində iştirakı ancaq əldə edilmiş üçtərəfli razılaşmaların həyata keçirilməsinə dəstək baxımından alqışlana bilərdi. Yəni münaqişənin nizamlanması adı ilə hansısa yeni format və ya yeni vasitəçilərin meydana çıxması Rusiyada da qəbul edilmir.

Virtualaz.org

Xəbərlər