880
Rəylər 20 İyul 2021, 17:55

Eynulla Fətullayevin və Taker Karlsonun telefonlarını kim izləyib?

Müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan jurnalistlərin, siyastçilərin, insan haqları müdafiəçilərinin telefonlarının “Pegasus” adlı casus proqramının köməyi ilə izlənilməsi hazırda dünya KİV-lərinin əsas mövzusudur. Xatırladaq ki, beynəlxalq araşdırmaçı jurnalistlər konsorsiumu OCCRP sensasion araşdırma ilə çıxış edərək İsrailin “NSO Group” şirkəti tərəfindən hazırlanmış bu casus proqramının gizli şəkildə onlarla ölkənin xüsusi xidmət orqanlarına, hərbi strukturlarına satıldığını, proqramın köməyi ilə jurnalistlərin, fəalların və siyasətçilərin telefonlarının kütləvi şəkildə izlənildiyini bildirib.

“Washington Post”, “The Guardian”, “Le Monde” qəzetləri ilə birgə aparılan araşdırma dünyanın 50-yə yaxın ölkəsindən 50 mindən yuxarı adamın telefonlarının izlənildiyini üzə çıxarıb. Onların arasında Yaxın Şərq ölkələrinin nümayəndələri, top-menecerlər, jurnalistlər və nazirlər, insan haqları müdafiəçiləri var. İzlənilən telefon nömrələrinin əksəriyyəti Azərbaycan, Qazaxıstan, Meksika, Macarıstan, Hindistan və Birləşmiş Ərəb Əmirliklərində yerləşir.

Casus proqram smarftona yüklənəndən sonra hücum edən tərəf həqiqətən əhatəli informasiyalara çıxış əldə edir. İstifadəçinin geolokasiyasını izləyir, onun bütün danışıqlarına qulaq asır, yazışmalarını görür, cihazın yaddaşındakı fayllara çıxış əldə edir və s. Bu cür texnologiyalar müxtəlif ölkələrdə cinayətkarlıqla mübarizə üçün hərbi və xüsusi xidmət strukturları tərəfindən istifadə olunur. Lakin indiki halda adi adamlardan tutmuş müxalif jurnalistlərə qədər bir çox şəxslərin izlənildiyi bildirilir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda telefonlarına “Pegasus” yüklənənlər arasında haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev, əməkdaşımız İnarə Rafıqqızı da var.

“NSO Group” İsrailin hərbi kəşfiyyat idarəsinin “Xüsusi bölmə 8200” adlı məxfi şöbəsinin iki keçmiş əməkdaşı tərəfindən qurulub. “Pegasus” proqramını işləyib hazırlayandan sonra 10 il ərzində şirkət dünya kibercasusluq bazarında aparıcı oyunçuya çevrilib və indiki bazar dəyəri 1 milyard dollardan çoxdur. Şirkət İsrailin Müdafiə Nazirliyinin ixrac lisenziyası əsasında öz casus texnologiyalarını ixrac edir.

İsrailin Müdafiə Nazirliyində indiki qalmaqalı şərh etməyiblər, amma deyiblər ki, istənilən şirkət ixrac lisenziyasından məhrum edilə bilər, əgər təsdiqlənsə ki, onun proqramları lisenziyanın şərtlərinə ziddir və insan haqlarının pozulması üçün tətbiq edilir.

“NSO Group” şirkəti isə araşdırmada iddia edilənlərə etiraz edir və OCCRP-ni yalan məlumat yaydığı üçün məhkəməyə verməyə hazırlaşır. İsrail şirkətinin bəyanatında deyilir ki, “Pegasus” ancaq cinayətkarlarla və terrorçularla mübarizə üçün istifadə olunur. Bundan əlavə şirkət araşdırmada iştirak edən və bu qalmaqal haqda yazan aparıcı dünya KİV-lərini də məhkəmə ilə hədələyir.

Eyni zamanda bildirir ki, “Pegasus” proqramının qanuna zidd şəkildə istifadə edilməsinə dair “bütün etibarlı məlumatları” araşdırmaqda davam edəcək və müvafiq addımlar atacaq. Şirkətin rəhbəri Şalev Hulio açıqlanan 50 mindən çox telefon  nömrəsinin “onlara aidiyyatının olmadığını” bildirib, amma potensial insan haqları pozuntularını araşdıracaqlarını vəd edib.

Siyahıdakı telefonların 15 mindən çoxu Meksikaya aiddir və bu ölkədə “Pegasus”u bir neçə dövlət strukturu alıb. Sonrakı yerlərdə isə hərəsində 10 min telefon nömrələri olmaqla Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri yer alır.

Şirkət bildirir ki, bu casus proqramı sistem kriminalının məşhur nümayəndələrini izləmək və neytrallaşdırmaq üçün həyata keçirilən əməliyyat tədbirlərində mühüm rol oynayıb. Lakin Meksikada bu proqram təkcə narkokartellərə qarşı istifadə edilməyib. Məlum olub ki, Meksika prezidentinə Anders Manuel Lopes Obradora yaxın 50-yə yaxın adam, o cümlədən onun arvadı, uşaqları, köməkçiləri və həkimi keçmiş prezident Enrike Penya Nyettonun hökuməti tərəfindən “Pegasus” proqramı ilə izlənilib. Şirkəti isə bildirir ki, 2016-cı ildə dünyanın bir nömrəli narkobaronu, meksikalı “El Çapo” da məhz “Pegasus” proqramının köməyi ilə yaxalanmışdı.

“Daily Mail” nəşri isə yazır ki, Azərbaycan da daxil olmaqla proqramın tətbiq edildiyi ölkələrdə OCCRP-nin əlinə keçən siyahıdakı telefonların heç də hamısı izlənilməyib.

Digər tərəfdən, şərhçilər jurnalist konsorsiumunun siyasiləşmiş və seçilmiş yanaşma nümayiş etdirdiyini bildirir. OCCRP öz hesabatında bəzi ölkələri xüsusi qabardır. Beynəlxalq ekspert cameəsində, o cümlədən Azərbaycanda belə sual yaranır: nəyə görə Qazaxıstanda və ya Birləşmiş Əmirliklərdə izlənilən telefonların siyahısı hələ yayılmayıb?

Əslində casus proqramları və onların köməyi ilə hakimiyyətlərə sərf etməyən adamların izlənilməsi dünyada yeni məsələ deyil. OCCRP-nin hesabatının açıqlanması ərəfəsində məlum olmuşdu ki, ABŞ-ın “Fox” telekanalının (onu Trampın sevimli kanalı adlandırırlar) populyar aparıcısı Taker Karslon ölkəsinin xüsusi xidmət orqanlarını ona qarşı qanunsuz elektron izləmə həyata keçirməkdə günahlandırıb. Jurnalist Rusiya prezidenti Vladimir Putinlə müsahibə təşkil etməyə çalışanda telefonuna haker müdaxiləsi hiss edib və daha sonra üzə çıxarıb ki, ABŞ xüsusi xidmət orqanları məhkəmənin sanksiyası olmadan onu izləməyə başlayıb. Bundan əlavə, Karlson Kremlin nümayəndələri ilə bir neçə görüşlər və məsləhətləşmələr də keçirib. Və bundan sonra onun telefonuna “Pegasus”a bənzər casus proqramı yüklənib. OCCRP- nin araşdırmasından sonra jurnalist narahatdır ki, Amerika xüsusi xidmət orqanları ona qarşı İsrail şirkətinin proqramını istifadə edib.

Taker Karlson ABŞ xüsusi xidmət orqanlarının onu qanunsuz izlədiyini bildirir

Beləliklə, OCCRP-nin hesabatı ətrafında situasiya tədricən gərginləşir, eyni zamanda aydınaşır. Artıq ilkin qənaətlər də yaranır. Dünya amansız elektron mübarizə əsrinə qədəm qoyub və istənilən başqa texnoloji nailiyyətlər kimi innovasion inqilab da elmi-texniki sıçrayış sayəsində nəinki müasir texnologiyalara bağlı olan adamları, eləcə də bütöv ölkələri, hətta qitələri əlçatan edir. Elektron-diversiya mübarizəsi informasiya sızmaları ilə müşaiyət olunur. İnformasiya diversiyası xüsusi xidmət orqanlarının müasir hibrid müharibələrin ən mühüm alətidir. Və şübhəsiz ki, kiçik ölkələrin nəhəng maddi-texniki resurslara malik olan superdövlətlərlə və transmilli korporasiyalara qarşı dayanması çətindir.

OCCRP seçilmiş ölkələr, o cümlədən Azərbaycan barədə məlumatları açıqlamaqla hansı məqsəd güdüb? Axı dünyanın qalan ölkələrinin də xüsusi xidmət orqanlarının elektron izləmə üçün casus proqramlarından istifadə etmədiyini düşünmək sadəlövhlük olardı.

Əvvəla, OCCRP, “Amnesty İnternational” və Fransanın “Forbidden Stories” adlı QHT-si (izlənilən telefonlar barədə məlumatları onlar təqdim edib) informasiya mənbələrini açıqlamalıdır. Əks halda araşdırmanın  nəticələri şübhə altına düşəcək. Heç bir QHT, nə qədər imkanlı olursa olsun, hətta Sorosa bağlı olsa belə, bu araşdırmanı xüsusi xidmət orqanlarının dəstəyi olmadan apara bilməzdi. O zaman sual yaranır-bu kimə maraqlı idi? Dünyanın aparıcı ölkələrinin xüsusi xidmət orqanları belə informasiya bazasını elə-belə sızdırmır. Belə görünür ki, siyasi texnoloqlar uzağa gedən kombinasiya işləyib hazırlayıblar.

Eynulla Fətullayevdə cavabsız suallar yaranıb...

Üstəlik Azərbaycan hakimiyyətinin ənənəvi tənqidçisi olan OCCRP dərhal diqqəti Azərbaycana, Macarıstana, Meksikaya, Hindistana yönəldir...

Macarıstan hökuməti konsorsiumun sorğusuna sərt cavab verib: “Bəs hansı xüsusi xidmət orqanları bu informasiyanı sizə sızdırıb? Həmin xüsusi xidmət orqanının adını açıqlayın və sizin sualınızı şərh edərik”.

Ölkələrin bu cür seçilməsi təsadüf də ola bilərdi. Lakin maraqlıdır ki, onların hamısı nə vaxtsa Sorosun yolunun üstündə əngəl olublar. Və telefon nömrələrinin açıqlanmasından sonra OCCRP və qərb KİV-ləri Azərbaycanda və Meksikada insan haqlarının vəziyyətinə dair tənqidi materiallar dərc etməyə başlayıblar. Üstəlik OCCRP “Pegasus” proqramının köməyi ilə izlənilən təhlükəli canilər və narkobaronlar haqda heç nə yazmır, sanki proqram ancaq insan haqları fəallarını və jurnalistləri izləmək üçün tətbiq edilib.

İkinci, siyasi olmayan versiya da var. “NSO Group” şirkətini onun qüdrətli rəqibləri də sifariş edə bilərdi. Axı söhbət texnologiyalar bazarındakı on milyardlarla dollardan gedir. Hər halda, əlində tutarlı sübutları olmasaydı bu cür sanballı şirkət dünyanın aparıcı KİV-lərini və beynəlxalq insan haqları müdafiəçilərini məhkəmə ilə hədələməzdi. Bu, İsrail kimi demokratik və liberal ölkədə olduqca təhlükəli oyun olardı. Yəhudi dövlətində qanunun aliliyini pozmağa görə baş nazirlər və prezidentlər, hətta aparıcı şirkətlər “öz başlarından olurlar”, onları sərt cəza gözləyir.

Bundan əlavə OCCRP telefonlara casus proqramının yeridildiyinə dair heç bir tutarlı sübut təqdim etmir. Bu günlərdə “Alman dalğası” jurnalistlər Xədicə İsmayılın və Sevinc Vaqifqızının telefonlarının labaratoriya ekspertizasının nəticələri haqda yazıb və bildirib ki, onları telefonlarında casus proqramın olduğu təsdiqlənib. Bəs hanı sübut? Fakt? Bu necə baş verib? Telefona sızdırılmış casus proqramının izlərini nə təsdiq edir? Yenə də sübutları olmayan səs-küylü ittihamlar.

Həmin telefonların əməliyyat sisteminə casus proqramı necə yeridilib? Siyahıda göstərilən telefonlardan xüsusi xidmət orqanları hansı faylları, məlumatları ələ keçirib? Və bu izləmə siyasətçilərin, jurnalistlərin, insan haqları fəallarının işinə necə təsir edib? OCCRP-nin hesabatında bu mühüm suallara cavab yoxdur. Hansısa yollasa əldə edilmiş siyahı və telefon nömrələri var. Bu sübutsuz bazaya inanmaq olarmı?

Virtualaz.org

Xəbərlər